Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-216/2022 29.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi ev 7 mənzil 77-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional Ərazi Filialına qarşı 16.07.1979-cu ildən 01.11.2002-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.07.1979-cu ildən 01.11.2002-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Fiilialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 16.07.1979-cu ildən 01.11.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 aprel 2021-ci il tarixli protokol qərardadı ilə cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi Filialı DSMF-nin Abşeron-Xızı Regional Ərazi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlüdür. Əmək pensiyasının təyin olunması məqsədi ilə 07.07.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun əmək stajının yetərli olmadığını əsas götürərək əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edir. Belə ki, o, 16.07.1979-cu ildən 01.11.2002-ci il tarixədək Sumqayıt Üst Geyimləri Tikiş fabrikində müxtəlif vəzifələrdə işləmişdir. Bu barədə müvafiq olaraq əmək kitabçasında qeydlər aparılmışdır. Həmin müəssisənin mülkiyyətçisi dəfələrlə dəyişmiş və özəlləşdirilmişdir. Bütün bu dəyişikliklər zamanı sənədlərin, o cümlədən arxiv sənədlərinin təhvil-təslim prosesi həyata keçirilməmişdir. Bu səbəbdən bütün bu arxiv sənədləri itmişdir. Amma iddiaçının əmək kitabçası ilə onun həmin dövrdə göstərilən müəssisədə işləməsi təsdiq edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı 01 il 02 ay 27 gün təşkil edir. İddiaçının 16.07.1979-cu il tarixdən 01.11.2002-ci il tarixədək işlədiyi illər mübahisələndirilən sosial sığorta stajıdır. Həmin illərdə onun Sumqayıt Üst Trikotaj Fabrikində işlədiyi qeyd edilsə də, müəssisə tərəfindən arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş işlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filialda saxlanılan hüquqi şəxslərin MDSS üzrə hesabatlarında Sumqayıt Üst Trikotaj Fabrikinin hesabatları aşkar olunmadığı üçün müəssisənin həmin dövrdə fəaliyyətinin olub-olmaması, məcburi dövlət sosial sığorta haqlarının ödəyib-ödəməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırkı işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********766200 nömrəli məktubunda Sumqayıt şəhəri Üst Trikotaj Fabrikinin 30.01.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı qeyd olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. - İİİ-ЖГ № 407850 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Ramiz Kərəm oğlu ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. - İddiaçının adına açılmış 24.03.1980-ci il tarixli ИТ № ******* saylı əmək kitabçasından görünür ki, Həmzəyeva (İbrahimova) Rəhilə Şiralı qızı 01.09.1978- 12.07.1979-cu illərdə Sumqayıt şəhər 85 saylı Peşə məktəbində ouxmuş, 16.07.1979-cu ildə Sumqayıt Üst Trikotaj Fabirikində əmək fəaliyyətinə başlamış və 01.11.2002-ci il tarixədək həmin müəssisədə, 01.04.2005-17.08.2005-ci illərdə isə “Sumqayıt Çörək” ATSCdə işləmişdir. - Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş məhkəmənin sorğusuna əsasən verilmiş 237 saylı 22.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt “Üst Trikotaj” fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. - İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 59 saylı 01.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, X3 28.06.1974-cü ildə 54 nömrəli əmrlə müvəqqəti olaraq azyaşlı kimi İsmayıllı rayon Keyvəndi kənd Ə.Bayramov adına sovxoza fəhlə qəbul olmuş,19.12.1978-ci ildə işdən azad edilmişdir (əmək haqqı cədvəli əlavə edilmişdir). -ƏMDX tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş **********61 saylı 28.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin 05.12.2000-ci il tarixli 335 nömrəli sərəncamı ilə “Xalq üçün Mallar” Dövlət Konserninin tabeliyində olmuş, ünvan 2 ünvanında yerləşən Sumqayıt Üst Trikotaj fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, 11.07.2006-cı il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. -ƏMDX-nin DSMF Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 10.11.2021-ci il tarixli məktubundan görünür ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 05.12.2000-ci il tarixli, 335 nömrəli sərəncamı ilə keçmiş “Xalq üçün Mallar” Dövlət Konserninin tabeliyində olmuş Sumqayıt Üst Trikotaj fabrikinin bazasında "xxxx" ASC təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq onun səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi 11.07.2006-cı il tarixində başa çatmışdır. "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Sumqayıt Üst Trikotaj fabriki olan işçilərin siyahısında Həmzəyevə Rəhilənin adı qeyd edilmişdir. Eyni zamanda hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qqərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları” : 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir Məhkəmə araşdırması zamanı iddiaçının işə qəbul edildiyi Sumqayıt Üst Trikotaj Fabrikinin bazasında 05.12.2000-ci il tarixdə "xxxx" ASC-nin yaradıldığı müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydin üstünə "xxxx"nin möhürü vurulmuşdur. Müəssisənin adınn və ya mülkiyyətçisinin dəyişdirilməsi barədə hər hansı qeyd aparılmamışdır. İddiaçıya aid əmək kitabçasında onun 01.11.2002-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 68-ci maddəsinin 2a bəndi ilə öz xahişinə əsasən işdən azad edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi 01.07.1999- cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qüvvəyə mindiyi 01.07.1999-cu ildən qüvvədən düşməsi müvafiq qanunla təsdiq edilmiş, həmçinin qüvvədə olan Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsaslarında “öz xahişi ilə” işdən azad edilmə əsası yoxdur. Bundan başqa iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri arxiv sənədlərində aşkar edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır və onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova