Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2161/2022 01.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının İddiaçı (işləməyən, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyət hüququna dair” JN 1714 KOD 30800027 nömrəli dövlət aktı əsasında iddiaçıya məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması və müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyət hüququna dair” JN 1714 KOD 30800027 nömrəli dövlət aktı əsasında ona məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çəxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu 01 saylı dövlət notariat kontorunda 07 may 2002-ci il tarixdə təsdiq edilmiş 3M/252 saylı alqı-satqı müqaviləsinə əsasən sözügedən 0.12 ha torpaq sahəsini əldə etmişdir. O, torpaq sahəsini hasara alıb giriş qapısı qoyduqdan sonra kənd təsərüfatı təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi və ona müvafiq çıxarışın verilməsi barədə cavabdeh təşkilata rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı sözü gedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında guya uyğunsuzluq olduğu, yerin dəyişdirildiyi aşkar edilmişdir. Bundan başqa ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş JN-1714 nömrəli torpağın mülkiyyətə dair dövlət aktında göstərilən torpaq sahəsinə dair arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. İş materiallarında olan : -xx.xx.2002-ci il tarixli torpaqların alqı-satqı müqaviləsindən görünür ki, X1 Elxan Kərim oğluna 0,12 ha torpaq sahəsi satmışdır. -Torpağa mülkiyyət huququna dair JN-1714 kod 30800027 saylı dövlət aktından görünür ki Abşeron rayonu 01 saylı Dövlət Notariat Kontrolunun 07 may 2002-ci il tarixli 3M/252 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsi barəsindədir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi dövlət notariat arxivi tərəfindən verilmiş notarit işinin surətindən görünür ki, Abşeron rayon 1 saylı dövlət notariat ofisində 7 may 2002-ci il tarixdə 3 M-252 və 3M/252a reyestr nömrələri ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X6 JN179 kod 30800027 saylı dövlət aktına əsasən ona məxsus 0.68 ha torpaq sahəsinin 0.50 ha hissəsini X2, 0.12 ha hissəsini isə İddiaçı satmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə qeyd edir ki, cavabdeh imtina cavabının dəlilləri kimi mübahisəli torpaq sahəsinin arxiv əsaslarının aşkalanmadığı və torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciətə edilən yer arasında uyğunsuzluq olduğu, yerin dəyişdirildiyinin aşkar edildiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı iddiaçınnı təqdim etdiyi dövlət aktında göstərilənalqısatqı müqaviləsi ilə bağlı Dövlət Notariat Arxivinə sorğu verilmiş və alqı-satqı müqaviləsi üzrə notariat işi məhkəməyə təqdim edilmişdir. Bununla da dövlət aktının kökünün mövcud olduğu və iddiaçının həqiqətən də torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etdiyi təsdiq edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin sənədlə faktiki yerləşməsi arasında fərqin olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Torpağın mülkiyyət hüququna dair JN 1714 KOD 30800027 nömrəli Dövlət Aktı əsasında iddiaçıya məxsus 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Torpağın mülkiyyət hüququna dair JN 1714 KOD 30800027 nömrəli Dövlət Aktı əsasında iddiaşçı İddiaçı məxsus 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2161/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2161/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver