Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2163/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, (qərarın elanında iştirak etməmişlər) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika İstehsalat-Elm X1 rayonu Donuzkökəltmə Sovxozunun 135 saylı əmrindən verilən 12 iyul 1990-cı il tarixli Çıxarışda Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına, o cümlədən, ona fərdi ev tikmək üçün ayrılmış 0,07 ha həyatyanı torpaq sahəsinin ona məxsus olan və faktiki istifadəsində qalan 0.0241 ha sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Donuzkökəltnıə sovxozunda işləyərkən fərdi ev tikilməsi məqsədi ilə Sovxoz rəhbərliyinə müraciət etmiş,Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika İstehsalat-Elm Damazlıq -X3 rayonu Donuzkökəltmə Sovxozunun 135 saylı əmrindən verilən 12 iyul 1990-cı il tarixli çıxarışda Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına, o cümlədən. İddiaçı fərdi ev tikmək üçün 0,07 ha həyatyanı torpaq sahəsi ayrılması qeyd olunmuşdur. Həmin faktlar Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş f-468 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışında öz əksini tapmış və adlı siyahıda 1369 sıra sayı ilə qeyd olunması göstərilmişdir.Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş H-258 saylı, 23.02 2024-cü il tarixli arxiv arayışında həmin faktlar bir daha təsdiqini tapmışdır. Memarlıq Şöbəsindən verilmiş Cizgini əlavə etməklə ayrılmış torpaq sahəsinirm ümumi görünüşünü, yerini və kordinatlarını diqqətinizə çatdırıram . Ötən müddət ərzində həmin sahənin müəyyən hissəsində məskunlaşmış, bacardığı tikinti işlərini aparmışdır. Torpağa ehtiyacı olan sakinlər tərəfindən torpaq sahəsinin müəyyən hissəsi zaman- zaman tutulmuşdur. İddiaçı da, buna etiraz etməmiş ,beləliklə, ona ayrılan sahənin 0.0241 ha sahəsi bu günədək faktiki istifadəsindədir. Qalan ərazilər başqalarının istifadəsindədir, ancaq, iddiaçının o ərazilərə iddiası yoxdur və onların arasında bununla bağlı hər hansı mübahisə yoxdur. DƏDRX-yə müraciətdə bildirmiş ki, zəbt olunmuş sahədən imtina etməyə hazırdır. Göstərilən xüsusatlara əsasən hesab edir ki, qanunun tələb etdiyi bütün sənədlər qaydasında olduğu üçün ona məxsus olan torpaq sahəsinə olan mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmalı və ona faktiki istifadəsində olan sahə üzrə müvafiq Çıxarış verilməlidir.Göstərilənlərə əsaslanaraq, ona məxsus olan torpaq sahəsinə olan mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq Çıxarış verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etdir. Həmin idarədən ona verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, elektron kadastr məlumatlarına əsasən həmin torpaq sahəsinin əksər hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron ərazi idarəsinə müraciət etməyimiz məqsədəmüvafiqdir. Bundan sonra, eyni məzmunlu xahişlə 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir.Həmin idarədən ona verilən 02 iyul 2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, baş plan və ayrıc aktı ərizəyə əlavə olunmamışdır. Halbuki, o, qanunvericiliyin tələb elədiyi bütün sənədləri ərizəyə əlavə etmişdir. Bundan başqa, qeyd olunur ki, ərazinin bir hissəsi 1 saylının, bir hissəsi isə, 4 saylının ərazi aidiyyətindədir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cu il tarixli, 135 nömrəli əmrindən çıxarışla İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, Elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin bir hissəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi, bir hissəsinin isə Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinin 02 iyul 2024-cü il tarixli, 3-21-3-32/2-R-8688/24 nömrəli imtina məktubu, etiraz ərizəsi, Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrinin surəti, Abşeron RİH Memarlıq şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin Cizgisi, Abşeron rayon Dövlət Arxivinin F-468 nömrəli, 04 may 2022-ci il tarixli, F-258 nömrəli, 23 fevral 2024-cü il tarixli arxiv çıxarışları, DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin 01 may 2024-cü il tarixli məktubu, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi, cavabdehin xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli məktubları və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-ə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 02 iyul 2024-cü il tarixli, 3-21-3-32/2-R-8688/24 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri ilə Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində 0.07 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin faktiki istifadə etdiyi 0.0241 ha hissəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün cavabdehə müraciət etmiş lakin, cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarət olmuşdur. 1) Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyun 1990-cı il tarixli, 135 nömrəli əmrindən çıxarışı ilə İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə əlavə edilmədiyi, 2) Elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin bir hissəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi, bir hissəsinin isə Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi. Cavabdehin inzibati orqan iddiaçının müraciətini təmin etməməsində haqlı olmamışdır. İşin araşdırılan hallarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1990-cı il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmri ilə sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlı siyahı əlavə edilmişdir. Adlı siyahıda həmin sovxozun fəhləsi İddiaçı adı 1369 sıra sayı ilə qeyd olunmuşdur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi zaman etibarı ilə səlahiyyətli qurumların qərarına əsasən iddiaçıya ayrılmışdır. Həmin qurumların verdiyi qərarların etibarlılığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndi ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan Fərmanda rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Nəzərə alınmalıdır ki, Abşeron rayon Dövlət arxivinin F-258 nömrəli, 23 fevral 2024-cü il tarixli arxiv çıxarışından məlum olmuşdur ki, iddiaçıya ayrılmış hüquqmüəyyənedici sənədlər mövcud olmuşdur. Cavabdehin imtinasında gətirdiyi 1-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə cavabdehin idarənin etirazında gətirdiyi arqumenti əsassız hesab edərək qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Göründüyü kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Belə ki, Abşeron rayon 26 avqust 1990-cı il tarixli, 34/2 nömrəli qərarından və digər səlahiyyətli orqanlar tərəfindən təsdiqlənmiş sənədlərin surətindən göründüyü kimi səlahiyyətli orqan olan yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmış və qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir.Qeyd olunanlar inzibati orqanının gətirdiyi 1-ci arqumenti əsassız edir. Cavabdeh təşkilatın imtinasında göstərdiyi 2-ci arqumentin araşdırılması məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Təqdim edilən 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayon Donuzkökəltmə Sovxozu Direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin cizgisində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi 0.0683 ha təşkil edir, Abşeron Rayon Donuzkökəltmə Sovxozu Direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin cizgisində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.0235 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0229 ha təşkil edir. Məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayon Donuzkökəltmə Sovxozu Direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin cizgisində göstərilmiş koordinatlar daxilində yerləşən (0.0683 ha) torpaq sahəsinin (cənub istiqamətindən) 0.0377 ha hissəsi Abşeron rayonun inzibati ərazi vahidliyində (idarəçiliyində) yerləşir. Abşeron Rayon Donuzkökəltmə Sovxozu Direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin cizgisində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.0235 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi olan 0.0229 ha torpaq sahəsinin 0.0126 ha hissəsi Abşeron rayonun inzibati ərazi vahidliyində (idarəçiliyində) yerləşir.Məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayon Donuzkökəltmə Sovxozu Direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin cizgisində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X4 X9) məlumatlarında dövlət mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, kənd təsərrüfatı kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir”. Göründüyü kimi iddiaçının iddia etdiyi, yəni istifadəsində olan torpaq sahəsinin faktiki ölüçüsü 0.0229 ha təşkil etmiş və məhkəmə həmin hissədə onun mülkiyyət hüququnun tanınmasını məqsədəmüvafiq hesab etmişdir. Həmçinin, faktiki istifadədə olan 0.0229 ha torpaq sahəsinin 0.0126 hissəsi, yəni torpağın əksər hissəsinin Abşeron rayununun idarəçiliyində olduğuna görə məhkəmə müvafiq iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılmasını mümkün saymışdır. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.07 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0.0229 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazında gətirdiyi bütün arqumentlər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrinə əsasən iddiaçıya ayrılmış 0,07 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,0229 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2-1(118)-2163/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2163/2025
27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver