Məhkəmə qərarları › İş №2-1(118)-2165/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2165/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2165/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X2, X4, X3 və X15r qızının Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X2, X4, X3 və X6 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-2165/2022 saylı Qərardadı ilə X7, X10, X8 və X15r qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzil iddiaçının mərhum atası X5 məxsus olmuşdur. Atası xx.xx.2020-ci ildə vəfat etdikdən sonra qardaşı X7 və o, atasının vərəsələri müəyyən edilmişdirlər. Qeyd olunan mənzil üzərində onun 3/4 payı, qardaşının isə ¼ payı müəyyən edilmişdir. Bununla bağlı ona xx.xx.2020-ci il tarixli 2V-1027 nömrəli şəhadətnamə verilmiş, həmin tarixli miras payın bağışlanılması müqaviləsi əsasında qardaşı öz payını ona bağışlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixində sözügedən mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bununla bağlı ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Ona məxsus həmin mənzildə onunla birlikdə qardaşı X7, onun ailə üzvləri X10, X8 və X15r qızı pasport qeydiyyatındadır. Lakin qardaşı və onun ailə üzvləri hazırda həmin mənzildə yaşamırlar. Onlar 2017-ci ilin mart ayından etibarən daimi əsaslarla Sumqayıt şəhəri, Xəzər bağları, bağ 58 ünvanında yerləşən bağ evinə köçmüş və hazırda da həmin bağ evində yaşayırlar. Onların ona məxsus mənzil ilə heç bir əlaqəsi qalmamışdır və həmin mənzildə pasport qeydiyyatında olmaları tamamilə formal xarakterlidir. Odur ki, o ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə X7, onun ailə üzvləri X10, X8 və X15r qızının qeydiyyatdan çıxarılmaları üçün müraciət etmiş, lakin İdarə bununla bağlı ona xx.xx.2022-ci il tarixli 13-21013C-3222 nömrəli məktub ünvanlayaraq, bundan imtina etmiş və məhkəməyə müraciət etməsini bildirmişdirlər. Hesab edir ki, İdarənin imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Üüçüncü şəxs X7 iddiaya yazılı etirazında bildirmişdir ki, o xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildə qeydiyyatda olmaqla, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildən ¼ hissədə miras almışdır. Həmçinin xx.xx.2021-ci il tarixli miras payının bağışlanması müqaviləsindən göründüyü kimi o, Sumqayıt “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xüsusi notariusu A.S.Haciyev tərəfindən verilmi 30 dekabr 2021-ci il tarixli, 2V-1026 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamışdır. Göründüyü kimi sözügedən mənzilə onun istifadə hüququ olduğu halda İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə və üçüncü şəxslərə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki iddia qanuni və əsaslı olmadığına görə rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və üçüncü şəxs X7 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X7, xx.xx.1998-ci il təvəllüdlü X8, xx.xx.1977-ci il təvəllüdlü X10, xx.xx.2002-ci il təvəllüdlü X15r qızı ünvan 3 ünvanında qeydiyyatdadırlar. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. - 2V-1026 saylı, 30 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” B/Y 915 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ¾ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində isə X2 miras payı müəyyən edilmişdir. - 2V-1027 saylı, 30 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, ünvan 3-in ¾ hisssəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində isə X2 payı müəyyən edilmişdir. - Reyestrdə 3M-643 nömrə ilə qeydiyyata alınmış 30 dekabr 2020-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, X7 2V-1026 saylı, 30 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ona düşən miras payını İddiaçı bağışlamışdır. - Reyestrdə 3M-644 nömrə ilə qeydiyyata alınmış 30 dekabr 2020-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, X7 2V-1027 saylı, 30 dekabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ona düşən miras payını İddiaçı bağışlamışdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4088/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil X5 məxsus olmuşdur. X9 öldükdən sonra, ünvan 3 ünvanında yerləşən mənzil sonuncunun vərəsələri arasında bölünmüş, mənzilin ¼ hissəsi üzərində X2, ¾ hisssəsi üzərində İddiaçı payı müəyyən edilmişdir. Daha sonra X9 ona düşən miras əmlakdan payını İddiaçı bağışlamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X7, X10, X8 və X15r qızı qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan tərəfidən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2, X4, X3 və X15r qızının ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X2, X4, X3 və X15r qızının ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar