Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2165/2024 30.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir. “Nəzərinizə çatdırmaq istəyirəm ki, xx.xx.2016-cı ildə mənə ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.Növbəti əlillik xx.xx.2021 -ci ildə təyin edilmiş və həmin vaxtdan mənə 353 (üç yüz əlli üç) manat pensiya təyin edilmişdir. Lakin mən bununla razılaşmır və bildirirəm ki, mənim pensiyam xx.xx.2021-ci il tarixdən hesablanmalıdır.Çünki Əlillərin hüquqları haqqında qanununun 3.3-1 maddəsinə əsasən əlillik müddəti bitdikdən soma 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən olunduqda, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Mənim əlilliyimin müəyyən edilməsi barədə xx.xx.2021-ci ildən əlilliyin təyin edilməsi tarixinədək 3 dəfə elektron qaydada göndəriş göndərilmiş, lakin komisssiya heç bir ciddi və üzüriü səbəb olmadan əlilliyin təyin edilməsini gecikdirmişdir.Qeyd edilənləri nəzərə alaraq məırə təyin edilmiş pensiyanın xx.xx.2021-ci ildən hesablanmasım xahiş edirəm” İddiaçının müvafiq müraciəti müsbət həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır təmin edilməməlidir: Belə ki, iddiaçı E.X1 ərizə ilə müraciət edərək əvvəlki dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi xahiş etmişdir. Buna uyğun olaraq Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-266047/2023 nömrəli məktubu ilə İddiaçı qeyd edilmiş dövrlər üzrə pensiyanın ödənilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.2021-ci il tarixdən 21,12.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Əlillik” altsistemləri vasitəsilə əldə edilmiş məlumatlara əsasən, iddiaçının ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2014-cü il tarixdə yaranmış və ona 1 il müddətinə əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixində əlillik daha 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə artırılmışdır.Əlillik müddətinin qurtarması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, xx.xx.2021 - ci il tarixdə iddiaçının müayinəsi aparılmış, lakin əlavə müalicə-diaqnozu təsdiq edən müayinələr tam aparılmadığına görə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra göndərişin natamam doldurulması səbəbi ilə xx.xx.2021-ci il tarixdə İddiaçı əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi haqqında qərar qəbul olunmuşdur.Beləliklə, iddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq cavabdeh Mərkəzi Filial tərəfindən əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Təkrar müayinə əsasında xx.xx.2021-ci ii tarixdən iddiaçının ikinci dərəcə əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 308,52 manat məbləğində olmaqla bərpa edilmişdir.İddia ərizəsinə əlavə edilmiş İddiaçı cavabdeh Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-633/2023 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əmək pensiyası ödənişinin bərpa edildiyi xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Cavabdehin iddiaçıya əmək pensiyasının ödənilməsini bərpa etmək, habelə 6 ay ərzində onun əlilliyi yenidən müəyyən edildiyi təqdirdə, ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi məhz iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini yenidən müəyyən edən aidiyyəti inzibati orqan tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında yaranır. iddiaçının əlilliklə bağlı təyinatının gecikdirilmiş olması hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, pensiya ödənişini həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödənişi həyata keçirməkdən ibarətdir. Bu halda əlilliyin təyinat tarixi dəyişdirilmədən ödənişi həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. Hazırkı işdə də əlilliyin növbəti təyinatı 7 ay 3 gün sonra həyata keçirilmiş və İddiaçı təyinat tarixinin dəyişdirilməsi ilə bağlı tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-266047/2023 nömrəli məktubu, TSEK tərəfindən verilmiş əlilliyin təyin edilməsi haqqında məlumatın surəti, fondun etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun əlilliyə görə əmək pensiyası aldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq fondun mərkəzi filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir.Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-266047/2023 nömrəli məktubla iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021 xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun göstərilən müddəalarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci ildən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir”. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixdən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2165/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2165/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver