Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2166/2024 04.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 iyun 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)- 1524/2023 nömrəli qərarından görünür ki, ünvan 5, mənzil 40-da yerləşən 17,6 kv.m sahəsi olan bir otağın İddiaçı istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsinə ayrılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 6 oktyabr 2023-cü il tarixli, 879 nömrəli Sərəncamından görünür ki, yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı ünvan 5, mənzil 40-a dair İddiaçı ilə 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır.
3. 10 oktyabr 2023-cü il tarixli, 10 nömrəli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, kirayədar Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X1 İddiaçı ünvan 5, 40 saylı mənzilin yaşayış sahəsi 47 kv.m olan 3 otağı müddətsiz istifadə üçün vermişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı gödərilmiş 27 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-S-0045/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş 10 oktyabr 2023-cü il tarixli, 16 nömrəli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas deyil. Belə ki, kirayə müqaviləsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən (1 oktyabr 2009-cu il) sonra verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Nəzərə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (1 oktyabr 2009-cu il) dövlət və yə ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və yə ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi əsasında ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 1 fevral 2024-cü il tarixli, 5-6/2-198/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-1524/2023 saylı qərarı ilə ünvan 5, mənzil 40-da yerləşən 17,6 kv.m sahəsi olan bir otağın vətəndaş İddiaçı istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsinə ayrılmasına dair sərəncam verilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bildirilir ki, məhkəmə qətnaməsi icra olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin 6 oktyabr 2023-cü il tarixli, 879 saylı sərəncamı ilə 3 otaqlı ünvan 5, mənzil 40-a dair İddiaçı ilə 10 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanmışdır. Qoşma ilə göndərilmiş sənədlər aşağıdakılardır: - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 6 oktyabr 2023-cü il tarixli, 879 nömrəli Sərəncamı (§ 2); - 10 oktyabr 2023-cü il tarixli, 10 nömrəli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” (§ 3).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
6. İddiaçı (bundan sonra - “iddiaçı”) Sumqayıt şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mkr., ev 42/44a, mənzil 40-da yerləşən sahəsi 17,6 kv.m sahəsi olan bir otağın iddiaçının istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının iddiaçının istifadəsinə ayrılmasına dair sərəncam verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, 2-ci mkr., ev 42/44a, mənzil 40-da yerləşən 3 otaqlı mənzilin iddiaçının adına özəlləşdirilməsi və bu barədə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 11 yanvar 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
8. İddia tələbinin əsası kimi qeyd olunmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin Mənzil İdarəsinin Dəyişmə Bürosunun 26 avqust 1965-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş 6 sentyabr 1965-ci il tarixli, 03/2418 saylı orderə əsasən, ünvan 3 ünvanda yerləşən mənzilin 2 otağı iddiaçının babası İddiaçı Meylanqulu oğluna verilmişdir. 10 sentyabr 1965-ci il tarixli, 03/2491 saylı orderə əsasən isə həmin mənzilin 1 otağı X3 verilmişdir. Bir neçə müddət sonra V.M.Raxmanin mənzildən çıxaraq getmiş və mənzil tam olaraq babasının istifadəsində qalmışdır və babası ailəsilə ömürlərinin axırına kimi həmin mənzildə yaşamaqla bütün 3 otaqdan istifadə etmişlər. Hazırda babası, nənəsi, atası rəhmətə getmişdir. Həmin mənzildə iddiaçı ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayırlar. Mənzili özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, həmin bir otaq sənədlərdə hələ də keçmiş yaşayışçı V.Raxmaninin adına qalmışdır. Amma bu şəxs 50 ildən çoxdur ki, bu mənzildə yaşamır, mənzili tərk edib, qeydiyyatdan da çıxmışdır və hazırda harada olması barədə məlumat mövcud deyildir. Belə olan təqdirdə həmin bir otaq da iddiaçının adına qeydə alınmalıdır. İddiaçı bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir və mənizlin tam olaraq adına verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Aparatının ünvanlanmış 1 dekabr 2022-ci il tarixli, S- 163-070 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Bu qanunsuz imtinadan məhkəməyə vermiş olduğu iddia ərizəsi təmin edildi, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 6 oktyabr 2023-cü il tarixli, 879 saylı Sərəncamı ilə iddiaçı ilə həmin mənzilə dair kirayə müqaviləsi bağlanması qərara alındı və 10 oktyabr 2023-cü il tarixli kirayə müqaviləsi bağlandı və hər 3 otaq iddiaçıya verildi. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, mənzilin özəlləşdirilməsini və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh imtina vermişdir. Bu imtinanı qanunsuz hesab edərək məhkəməyə müraciət iddiaçı hazırkı iddiası ilə müraciət edir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, mənzilə dair kirayə müqaviləsi Mənzil Məcəlləsi qanuni qüvvəyə minəndən sonra verilmişdir. Cavabdeh bu imtinanı verərkən qanunun tələblərini pozmuşdur. Belə ki, bu mənzili icra hakimiyyəti iddiaçıya 2022-ci ildə verməmişdir. Bu mənzil 60 ildən artıqdır ki, ailəsinin istifadəsində olmuşdur. Sadəcə olaraq boş olan və 60 il istifadəsində olan 1 otaq yalnız məhkəmə qərarı ilə verilmişdir və bu barədə olan Sərəncamda da qeyd edilmişdir ki, sərəncam 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 43-cü maddəsinə əsasən iddiaçıya verilmişdir və burdan da görünür ki, münasibətləri 2009-cu ilə qədər 60 il ərzində mövcud olan münasibətlərdir və bu mənzil 60 ildir ki, iddiaçının ailəsinin qanuni istifadəsindədir. Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanuna əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İddiaçı da bu mənzilə hüquqları yeni Mənzil Məcəlləsi qanuni qüvvəyə minənədək əldə etmişdir və belə olan halda həmin mənzilin özəlləşdirilməsindən iddiaçıya imtina edilməsi qanunsuz olmuşdur.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 43, 146.1-ci maddələrinə, “Azərbaycan Resbublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa, Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(118)-653/2022 nömrəli qərarına istinad olunmuşdur.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
12. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
13. 4 iyun 2024-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən göstərilmiş hüquqi yardımın nəticəsində iddiaçının vəkili və nümayəndəsi dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim edərək, Sumqayıt şəhəri, 2-ci mkr., ev 42/44a, mənzil 40-da yerləşən 3 otaqlı mənzilin iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınması və buna dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 4 iyun 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, imtina məktubunda qeyd edilənlərə əsaslanaraq (§ 4), iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
15. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 9.1, 11.1-ci maddələrinə prosessual hüquqi əsası kimi isə İPM-in 35.1-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil Məlik oğlu iddia tələbini (§ 8) müdafiə etmiş, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. 26 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili mübahisə predmeti olan mənzildə iddiaçının babası və atasının 1960-cı ildə yaşadığını, əvvəlki tarixdə kirayə müqaviləsi bağlandığını bildirmişdir. Müqavilədə 2009-cu ilin Mənzil Məcəlləsinin əsas götürülməsini, iddiaçının mənzili özəlləşdirmə hüququnun olduğunu, uzun müddət (60 il) iddiaçının babası, atasının həmin mənzildə yaşadığlarını qeyd etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında etirazın dəlillərinə (§ 4, 14) istinad edərək qeyd etmişdir ki, İcra Hakimiyyətinin sərəncamı 2023-cü il tarixli olduğundan, yəni 2009-cu il tarixdən sonra verilməsi üçün iddiaçının müraciətindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
20. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul
23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.
M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. ... Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.
M a d d ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
31. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
32. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
33. Hazırki mübahisə ilə bağlı iddiaçı tərəfin mövqeyinə görə Sumqayıt şəhər XDS İK-nin Mənzil İdarəsinin Dəyişmə Bürosunun 26 avqust 1965-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş 6 sentyabr 1965-ci il tarixli, 03/2418 saylı orderə əsasən, ünvan 3 ünvanda yerləşən mənzilin 2 otağı iddiaçının babası İddiaçı Meylanqulu oğluna verilmişdir. 10 sentyabr 1965-ci il tarixli, 03/2491 saylı orderə əsasən isə həmin mənzilin 1 otağı X3 verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 6 oktyabr 2023-cü il tarixli, 879 saylı Sərəncamı ilə məhkəmə qərarı əsas götürülməklə iddiaçı ilə mənzilə dair kirayə müqaviləsi bağlanması qərara alınmış və 10 oktyabr 2023-cü il tarixli kirayə müqaviləsi bağlanmış və hər 3 otaq iddiaçıya verilmişdir.
34. Cavabdeh orqanın mövqeyinə görə isə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş 10 oktyabr 2023-cü il tarixli, 16 nömrəli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas deyildir. Belə ki, kirayə müqaviləsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən (1 oktyabr 2009-cu il) sonra verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
35. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı İcra Hakimiyyətinə müraciət edərək, ünvan 5, mənzil 40-a dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)- 1524/2023 saylı qərarı ilə ünvan 5, mənzil 40-da yerləşən 17,6 kv.metr sahəsi olan bir otağı iddiaçının istifadəsinə verilməklə, bütün mənzilin 3 otağının onun istifadəsini ayrılmasına dair sərəncam verilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. ünvan 5, mənzil 40 yaşayış sahəs 47,0 kvadratmetr olan 3 otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir. Mənzilin 2 otağı 6 nəfər ailə tərkibi ilə ərizəçinin babası İddiaçı Meylanqulu oğlu 6 sentyabr 1965-ci il tarixli, 03/2418 saylı order əsasında, yaşayış sahəsi 17,6 kvadratmetr olan 1 otağı isə 2 nəfər ailə tərkibi ilə X3 10 sentyabr 1965-ci il tarixli 03/2491 saylı order əsasında verilmişdir. İddiaçı Meylanqulu oğlu 15 iyun 2022-ci il tarixdə vəfat etmişdir. X5 və onun orderdə adı keçən qardaşı İ.M.Raxmanin qeyd edilən mənzilə qeydiyyata düşməmişdir. Hazırda iddiaçı göstərilən ünvanda 5 nəfərdən (özü, bacısı və 3 oğlu) ibarət ailə tərkibi ilə 2003-cü ildən qeydiyyatda olmaqla yaşayır.
36. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)- 1524/2023 saylı qərarı ilə qeyd edilən mənzilin 3 otağının iddiaçının istifadəsinə ayrılmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
37. Məhkəmənin (§ 36) mövqeyinə görə “... Sumqayıt şəhər XDS İK-nin Mənzil İdarəsinin Dəyişmə Bürosunun xx.xx.1965-ci il tarixli 10 saylı qərarı ilə yaşayış sahəsi 47,0 kvadratmetr olan 3 otaqdan ibarət ünvan 5 ünvanda yerləşən 40 saylı mənzilin 29,4 kvm. olan 2 otağı ərizəçinin babası İddiaçı Meylanqulu oğluna təqdim edilmiş, adına xx.xx.1965-ci il tarixdə 03/2418 saylı order verilmişdir. Həmin mənzilin 17,6 kv.m.-dan ibarət digər otağı isə X5 adlı şəxsə xx.xx.1965-ci il tarixli, 03/2491 saylı order əsasında verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 6 saylı mənzil kommunal sahəsinin xx.xx.2022-ci il tarixli 822 saylı forma 2 arayışında mənzil sahibləri qismində İddiaçı Meylanqulu oğlu və X5, daimi qeydiyyatda olan şəxslər qismində İddiaçı və onun ailə üzvləri göstərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənil kommunal sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, X5 1965-ci ildə Sumqayıt şəhəri, 2-ci mkr, ev 42/44, mənzil 40-ı almışdır, həmin il mənzildən köçüb getmişdir. Hal-hazırda mənzildə İddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənzil kommunal sahəsi tərəfindən təsdiq edilmiş 01 iyun 2023-cü il tarixli 369 saylı ətraflı arayışda qeyd edilmişdir ki, 2ci mkr, ev 42/44a məznil 40, 03/2418 saylı orderə əsasən xx.xx.1965-ci il tarixdə İddiaçı Meylanqulu oğlunun adına olmuşdur-iki otaq 29.4 kv.m. Mənzil 03/2491 №li orderə əsasən xx.xx.1965-ci il tarixdə X5 adına (bir otaq 17.6 kv.m) verilmişdir. 6 saylı MKS-nin forma B-yə əsasən hesabat kitabına əsasən mənzil üç otaq göstərilmişdir, sahəsi 47 kv.m-dir. Mənzildə qeydiyyatda olan şəxslər qismində İddiaçı Meylanqulu oğlu və onun ailə üzvləri göstərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənil kommunal sahəsi tərəfindən təsdiq edilmiş 19 iyun 2023-cü il tarixli, 397 saylı ətraflı arayışda qeyd edilmişdir ki. 2ci mkr ərazisində 42 saylı bina yoxdur, ev 42/44a saylı binadır. 6 saylı MKS-nin forma B-yə əsasən 2-ci mkr, ev 42/44 a, mənzil 40 İddiaçı M. oğluna məxsus olub 3 otaq 47 kv.m-dir. 2-ci mkr, ev 42/44a saylı binanın mənzil 40-da X5 haqqında heç bir məlumat yoxdur. Qeyd edilənlərdən göründüyü kimi X5 sözügedən mənzilə 1965-ci idə qeydiyyata düşəndən az sonra həmin mənzildən getmişdir, həmin ünvanda yaşamır, onun brəsində hər hansı bir məlumat yoxdur. İddiaçının mənzil üzərində hüquqlarının əvvəlcədən yaranmış olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 43-cü maddəsi hazirki iddiaya münasibətdə tətbiq edilməlidir.”
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”
39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, “... Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. ... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.”
40. İşin inzibati icraat qaydasında araşdırılması ilə müəyyən olunur ki, iddiaçı tərəf tələbin əsaslılığını sübuta yetirə bilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.
41. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
42. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir.
43. 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənziltikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir.
44. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.
45. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh orqanın iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır.
46. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.
47. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Sumqayıt şəhəri, 2-ci mkr., ev 42/44a, mənzil 40-da yerləşən 3 otaqlı mənzilin iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mkr., ev 42/44a, mənzil 40-da yerləşən 3 otaqlı mənzilin İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova