Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-217/2022 09.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Novxanı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşerpn rayon Novxanı bələdiyyəsinin 24.09.2002-ci il tarixli qərarı əsasında iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Novxanı kəndində yerləşən və iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Novxanı bələdiyyəsinin 24.09.2002-ci il tarixli qərarı əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı Bələdiyyə şurasının 24 sentyabr 2002-ci il tarixli 12 saylı qərarına əsasən iddiaçıya Novxanı kəndi ərazisində 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Dövlət Arxivindən həmin torpaq sahəsinin ona ayrılması barədə 12.03.2021-ci il tarixli arxiv çıxarışı da verilmişdir. Həmin torpaq sahəsini adına sənədləşdirmək və çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin qurumdan ona 08.08.2021-ci il tarixli imtina məktubu verilmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 11 avqust 2021-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, Novxanı Bələdiyyəsi tərəfindən iddiaçıya 0,10 ha torpaq sahəsinin 24 sentyabr 2002-ci il tarixdə, 12 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin, qanunamüvafiq qaydada təsdiqlənmiş müvafiq bələdiyyənin verquruluşu planından çıxarışının müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan : -Abşeron rayon Novxanı bələdiyyə Şurasının 24.09.2002-ci il tarixli 12 saylı qərarından çıxarışdan görünür ki, vətəndaş İddiaçı bələdiyyə torpaqlarının Baş planına əsasən 0,10 hektar torpaq sahəsi ayrılması və torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra 16 nömrəli yerin İddiaçı təhvil verilməsi qərara alınmışdır. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-301 saylı 12.03.2021-ci il tarixli arxiv arayışından görünür ki, Novxanı bələdiyyəsinin 12 nömrəli 24.09.2002-ci il tarixli protokol-qərarına əsasən adaları aşağıda qeyd olunan Novxanı kənd sakinləri (o cümlədən İddiaçı) və Bakı şəhər sakinlərinin ərizələri nəzərə alınaraq baş plandan fərdi ev tikmək üçün və bağ evi tikmək üçün hər birinə 0,10 hektar torpaq sahəsinin torpaqların alqı-satqısı qaydasına uyğun satılması qərara alınmışdır. - DTXK-nin Abşeron rayon şöbəsinin Abşeron rayon Novxanı bələdiyyə Şurasına ünvanlanmış 27.09.2002-ci il tarixli 234 saylı məktubundan görünür ki, idarə bələdiyyənin baş sxemində kəndin prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən İddiaçı oğluna və digərlərinə 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisinə torpaq sahəsinin ayrılmasına etiraz etmir. - 31.03.2021-ci il tarixli torpaqların alqı-satqına dair aktdan görünür ki, həmin alqı-satqı aktı Novxanı bələdiyyəsi ilə İddiaçı arasında Novxanı bələdiyyəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına dair tərtib edilmişdir. -...sentyabr 2002-ci il tarixli 25 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Novxanı bələdiyyəsinin hesabına 830000 manat torpaq sahəsinin alqı-satqı haqqı ödənilmişdir. - Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus 0.10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin iddiaçıya torpaq sahəsi ayrılarkən şəhərsalma və memarlıq qaydalarına riayət edilib-edilməməsinə münasibət bildirilməsi barədə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti 6/X/02 saylı 07.01.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmışdır. Odur ki, iddiaçıya ayrılmış 0.10.ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının, DTXK-nin Abşeron rayon şöbəsinin rəyinin və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi İddiaçı həqiqətən də 2002-ci ilin sentyabr ayında satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və yalnız 2021-ci ilin aprel ayının 01-də qeydə alınmışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair qərar müəyyən pozuntularla müiayiət edilsə də, bələdiyyənin istinad olunan qərarı hazırda qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Alqı-satqının vaxtında bağlanması və qeydə alınması bələdiyyənin və ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin vəzifəli şəxslərinin vəzifəsi olmuşdur. Bu səbəbdən həmin əsasla iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassıx hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı Novxanı bələdiyyəsinin 24.09.2002-ci il tarixli qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmə öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Novxanı bələdiyyəsinin 24.09.2002-ci il tarixli qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmə öhdəliyi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-217/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-217/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver