Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2170/2022 18.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçı (Sumqayıt Dövlət Universitetində baş müəllim işləyən, Sumqayıt şəhəri, 1-ci mikr-n, ev 45 mənzil 47-də yaşayan), Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Qurbanov küçəsi 24 saylı evdə yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/28 saylı evdə yerləşən 38 saylı mənzilin özəlləşdirilməsinin və X3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəm iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/28 saylı evdə yerləşən 38 saylı mənzilin özəlləşdirilməsinin və X3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu ildə X8 ilə rəsmi nikaha daxil olmuşdur.xx.xx.2021-ci il tarixdə həyat yoldaşı R.İsmayılov vəfat etmişdir. İddiaçı ərindən qalan miras əmlaka dair vərəsəlik işi açılanda məlum olmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin 22 aprel 1983-cü il tarixli 8 saylı protokol-qərarına əsasən R.İsmayılova verilmiş Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/28 saylı evdə yerləşən 38 saylı mənzil onun birinci nikahından olan oğlu X7 tərəfindən özəlləşdirilmişdir. Mübahisəli mənzil ölən günə qədər mərhum həyat yoldaşının adında olduğu üçün həmin mənzil də miras kütləsinə daxil edilməli olduğu halda, Ş.İsmayılov qanunsuz olaraq mənzili atasının ölümündən sonra özəlləşdirmiş, cavabdeh idarə də həmin qanunsuzluğa göz yumaraq, miras kütləsinə dair mənzilə vərəsəlik şəhadətnaməsi alınmadan, vərəsələr müəyyən edilmədən, order adına olan şəxs vəfat etdiyi halda mənzilin icarə müqaviləsi və sərəncamı ailə üzvlərindən birinin adına keçmədən həmin mənzilə dair digər şəxsə çıxarış vermişdir. O, reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsi onun iddiasını təmin etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi işin inzibati məhkəmə icraatına aid olduğunu bildirərək iş üzrə icraata xitam vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Vəkil iddianı qəbul etmədi və izah etdi ki, mübahisəsi gedən mənzilə dair order iddiaçının mərhum ərinin adına verilsə də, dövlət mülkiyyətində olmuşdur. Onun birinci nikahdan olan həyat yoldaşı və oğlu X7 orderə daxil edilmişlər və həmin mənzildə qeydiyyatdadırlar. Həmin mənzil dövlət mülkiyyətində olduğundan miras kütləsinə daxil olmamışdır. Atasının ölümündən sonra üçüncü şəxs Şirin İsmayılov qsnunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqana müraciət edərək zəruri sənədləri təqdim etmiş və mənzili özəlləşdirmişdir. Cavabdeh və ya üçüncü şəxs tərəfindən hər hansı qanunsuzluğa yol verilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - -10/548 saylı xx.xx.1983-cü il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 28 saylı evdə yerləşən iki otaqlı 38 saylı mənzil 3 nəfər ailə üzvü ilə birlikdə X5 verilmişdir. Orderə onun həyat yoldaşı Hüseynova Mahizər və oğlu İsmayılov Şirin daxil olmuşlar. - -Vİ –ЖГ№ 459886 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Rasim Şirin oğlu ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. - -AZ-İİ № 171267 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-721/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X7 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsinin istinad olunan qərardadı ilə ləğv edilmiş və tələbə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. - -cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı məsələlər məhkəmə qaydasında həll edildiyindən iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs Şirin İsmayılov atasının vəfatından sonra mənzilə dair orderi, atasının ölüm haqqında şəhadətnamənin surətini və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələrini təqdim etməklə mənzili özəlləşdirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ərinin sağlığında mübahisəli mənzil dövlət mülkiyyətində olduğundan miras kütləsinə daxil olmamışdır. Mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum R.İsmayılov olmuş və onun vəfatından sonra mənzildə qeydiyyatda olan oğlu Ş.İsmayılov tərəfindən özəlləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Qanunun 8.0.11-ci maddəsində göstərilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin əsaslardann biridir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hazırki iş üzrə məhkəmə inzibati məhkəmə icraatının çərçivəsində inzibati orqanın hərəkətlərinin qanuni və ya qeyri-qanuni olmasına qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyri-qanunilik müəyyən edilməmişdir. Cavabdeh orqan daxil olan sənədləri tam və əsaslı hesab edərək mübahisəli mənzilin özəlləşdirməsini həyata keçirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2170/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2170/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver