Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2178/2022 13.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, 0.12 hektardan ibarət torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, 0.12 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə DƏDKR-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri - torpaq sahəsinin ayrılması barədə Zarat Bələdiyyəsinin 13 iyul 2005-ci il tarixli qərarını, alqı-satqı aktını, torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə aktı, DT və XK-nin Siyəzən rayon şöbəsinin rəyini, torpağın alqı-satqısı üçün ödənmiş məbləğin qəbzini təqdim etmiş, lakin, cavabdeh, dövlət qeydiyyatının aparılmasından 17 may 2022-ci il tarxli bildirşlə imtina etmişdir. Cavabdeh həmin bildirişində əsasız bəhanələr gətirmişdir. Bildirişdə qeyd etmişdir ki, DT Və XK-nin Siyəzən rayon şöbəsinin tərəfindən qeydiyyata alınmış alqı-satqı aktı arxiv məlumatlarında aşkar edilməmiş, memarlıq və şəhərsalma idarəsinin rəyi təqdim olunmamış və mədaxil qəbzi bank tərəfindən deyil Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli 1217 nömrəli “Torpaqların alqı-satqısına dair akt”ı idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar olunmamışdır və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına zidd olaraq torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyi alınmamışdır. Bundan əlavə, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli imtina məktubu, etirazı, Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarın surəti, Zarat Bələdiyyəsinin razlıq məktubu, DT və XK Siyəzən rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyinin notarial qaydada təsdiqlənmiş surəti, Torpağın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti, ödəniş qəbzinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarı əsasında 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra İddiaçı təhvil verilmiş və bu barədə müvafiq sənəd (AKT) rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan 216 manat pul 2006-cı ildə qəbz əsasında Zarat bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı adına ayrılmış 0.12 ha torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) sözügedən torpaq sahəsi ilə bağlı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli 1217 nömrəli “Torpaqların alqı-satqısına dair akt”ı idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar olunmaması 2) torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunması 3) müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəylərinin qanunamüvafiq qaydada verilməməsi, Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 1-ci arqument ilə bağlı məhkəmə qeyd edir ki, yəni alqı-satqı aktının DƏDKR-in 2 saylı Ərazi İdarəsinin arxivinə təhvil verilməməsi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına məhdudiyyət qoya bilməz. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli 1217 nömrəli “Torpaqların alqı-satqısına dair akt”nın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Zarat Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında qərar verildikdən sonra komitədə təsdiqlənmişdir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Zarat bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır.“Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq İddiaçı tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunması məsələsinə gəldikdə isə Bələdiyyə müstəqil təşkilatdır və onun büdcəsinə mədaxillərin edilməsi cavabdehin sorğulamaq funksiyasına aid deyildir. Belə ki, kassa mədaxil orderindən görünür ki, dövlət qeydiyyatına alınmış VÖEN əsasında fəaliyyət göstərən bələdiyyə büdcəsinə iddiaçı tərəfindən 216 manat pul məbləği ödənilmişdir. Bu onu deməyə əsas verir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqument də əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni müvafiq icra hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin rəyinin olmamasına münasibətdə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, 0.12 hektardan ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2178/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2178/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver