Məhkəmə qərarları › İş №2-1(118)-2178/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2178/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2178/2024 01.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım olunmuş və ona izah edilmişdir ki, əvvəl müraciət olunmuş eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət edilməsi iddianın mümkün sayılmamasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 əvvəl məhkəmədə eyni tələb ilə bağlı iddia qaldırdığını, lakin iddia tələbi təmin edilmədiyindən yenidən eyni iddia ilə məhkəməyə müraciət etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı bundan əvvəl eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci -ci il tarixli 2-1(118)-168/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 prel 2015-ci il tarixli 05 saylı qərarında qedy olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin qoyulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar