Məhkəmə qərarları › İş №2-1(118)-2179/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2179/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2179/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı “X7 Xudat bələdiyyəsi tərəfindən 2000-ci ildə verilmiş torpaqların alqı-satqısına dair aktın qeyriqanuni hesab edilməsi və ləğv edilməsi, Xaçmaz rayonu, Xudat şəhəri, M.F. Axundov küçəsində qeyri-qanuni şəkildə quraşdırılmış köşkün sökülməsi və başqa yerə köçürülməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, İddiaçı oglu, ünvan 1 ünvanında yaşayır. Yaşadığı massivdə M.F. Axundov küçəsində vətəndaş X9 evinə gedən yolda meyvə-tərəvəz ticarəti ilə məşğul olmaq məqsədi ilə metal konstruksiyalardan qeyri-qanuni şəkildə köşk quraşdırmışdır. Həmin köşk Xudat bələdiyyəsinin Torpaqların alğı-satqısına dair aktı (bundan sonra - “Akt”) ilə 2000-ci ildə satın alınmışdır. Qeyd edilən aktda onun imzalandığı tarix qoyulmamışdır. Hesab edir ki, qeyd edilən Akt qeyri-qanunidir, çünki onun dövlət, bələdiyyə orqanlarının verdiyi sənədlərdə məcburi rekvizit olan qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi məlum deyil, yəni o, hüquqi qüvvəyə malik olan sənəd hesab oluna bilməz. Bundan əlavə X5 qeyd edilən köşkə dair mülkiyyət hüququnu təsdiq edən və yanaşı sənədlər (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarış və texniki pasport) yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını cıddı surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. X5 nə qeyd edilən köşkə nə də üzərində yerləşdiyi torpaq sahəsinə dair heç bir mülkiyyət hüququnu təsdiq edən və yanaşı sənədlər (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarış və texniki pasport) yoxdur və qeyd edilən köşk özbaşına tikinti hesab olunur. Bundan əlavə X1 küçənin düz ortasında quraşdırılıb, bu da öz növbəsində əhalinin nəinki avtomobil nəqliyyatı, piyada şəkildə gediş-gəlişinə belə, xüsusilə də qarlı, yağışlı havada, ciddi maneə yaradır. Köşkün quraşdırıldığı ərazidə sakinlərə hər hansısa yardım məqsədilə təcili tibbi yardımın avtomobilinin, fövqəladə hallar nazirliyinin qurumlarının əməkdaşlarının, hüquq-mühafizə orqanlarının avtomobil nəqliyyat vasitəsilə keçməsi qeyri- mümkündür. “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Xaçmaz rayonu Xudat bələdiyyəsinə qarşı X7 Xudat bələdiyyəsi tərəfindən 2000-ci ildə verilmiş torpaqların alqısatqısına dair aktın qeyri qanuni hesab edilməsi və ləğv edilməsi, Xaçmaz rayonu Xudat şəhəri M.F.Axundov küçəsində qeyri qanuni şəkildə quraşdırılmış köşkün sökülməsi və başqa yerə köçürülməsi tələbilə bağlı bildirirlər ki, həmin ərazidə yaşayan sakinlər 2020-ci ildə bələdiyyəyə müraciət etmişlər.Tərəflərindən həmin əraziyə baxış keçirilmişdir.Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə X8 metal konstruksiya ilə quraşdırılmış ticarət köşkündə meyvə- tərəvəz satışı ilə məşğuldur. Qocayev Vasif bələdiyyəyə dəvət olunmuşdur və onunla söhbət aparılmışdır.O, həmin əraziyə sənədi olduğunu bildirmişdir.Sənədlərə baxış zamanı məlum olmuşdur ki, həqiqətən də həmin ərazidən Xudat bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə ona gediş-gəliş yolunun üstündə köşk quraşdırılması üçün 10 kv.m torpaq sahəsi satılmışdır. Sənədlərin surəti məktuba əlavə olunur. Bu barədə həmin sakinlərə məlumat verilmişdir. Bundan sonra həmin vətəndaşlar Xaçmaz rayon məhkəməsinə şikayət etmişlər. Vətəndaşların müraciəti Xaçmaz rayon məhkəməsi tərəfindən araşdırılmışdır. Məhkəmə X3 təqdim etdiyi sənədləri nəzərə alaraq vətəndaşların şikayətinə baxmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı X7 Xudat bələdiyyəsi tərəfindən 2000-ci ildə verilmiş torpaqların alqı-satqısına dair aktın qeyri-qanuni hesab edilməsi və ləğv edilməsi, Xaçmaz rayonu, Xudat şəhəri, M.F. Axundov küçəsində qeyri-qanuni şəkildə quraşdırılmış köşkün sökülməsi və başqa yerə köçürülməsini istəyir. Göründüyü kimi iddiaçı bələdiyyə tərəfindən torpaq sahəsinin üçüncü şəxsə satılmasını mübahisələndirir. Məhkəmə ilkin olaraq qeyd edir ki, bələdiyyə torpağının alğı-satqısının mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Bundan əlavə iddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, M.F. Axundov küçəsində qeyriqanuni şəkildə quraşdırılmış köşkün sökülməsi və başqa yerə köçürülməsini istəyir ki, tələbə həmin hissədə də inzibati icraat qaydasında yox, mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus yaşayış massivində digər şəxs tərəfindən köşk qurulduğunu qeyd etsə də, özünün subyektiv hüququnun olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların qərar və hərəkətləri mübahisələndirilə bilər. Bələdiyyənin alğı-satqı aktı yox, inzibati akt hesab edilən müvafiq qərarları inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Habelə cavabdeh orqan Xudat bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə ona gediş-gəliş yolunun üstündə köşk quraşdırılması üçün 10 kv.m torpaq sahəsi satıldığını qeyd etsə də həmin torpaq sahəsinin harada ayrılmasına dair məlumat və sənədlər təqdim edilməmişdir. Bu haldada torpaq sahəsinin yeri ilə bağlı zəruri sənədlər olmadığı halda subyektiv hüququ olan şəxslər köşkün həmin ərazidən çıxarılmasını mülki məhkəmə icraatı qaydasında tələb edə bilərlər. İddiaçiaya izah edilsin ki, subyektiv hüququnun olması halında hazırkı iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. İnzibati akt hesab olunan Bələdiyyə qərarı isə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar