Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-218/2022 01.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1katibliyi, İddiaçının hüquq varisi X5 (Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 25 mənzil 56-da yaşayan) nümayəndəsi Vəkil (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/13, mənzil 88-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən sahəsi 600 kv m təşkil edən bağ torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 1 fevral 2008-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən sahəsi 600 kv.m təşkil edən bağ torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 1 fevral 2008-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 16 dekabr 2021-ci il tarixdə, yəni məhkəmə aradşırması gedişində İddiaçı vəfat etdiyindən hüquq varisi X8 iddiaçı qismində inzibati məhkəmə icraatınz cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin ortalarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək "Novxanı bağları" ərazisində yerləşən və uzun illərdir iddiaçının faktiki istifadəsində olan sahəsi 600 kv m təşkil edən bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında torpağın mülkiyyətinə satılması Sumqayıt Bələdiyyəsi tərəfindən məqsədəuyğun sayılaraq müvafiq sənədləşmə işlərinin aparılması məqsədi ilə rəyin verilməsi üçün Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilmişdir. Sumqayıt Bələdiyyəsinin həmin müraciəti əsasında Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 18 yanvar 2008-ci il tarixli, 02/49 saylı rəy, torpaq sahəsinin planı və qiymətləndirmə arayışı verilərək sözügedən torpaq sahəsinin qiymətinin 1080 (bir min səksən)manat olduğu və alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinin hesablaşma hesabına torpağın alqı-satqı haqqı olaraq 1080 manat məbləğində pul vəsaiti ödənildikdən sonra Sumqayıt bələdiyyəsinin 1 fevral 2008-ci il tarixli, 02 saylı qərarı ilə sahəsi 600 kv m olan bağ torpaq sahəsi 4041b sıra sayı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yerində iddiaçıya təhvil verilməsi barədə bələdiyyə tərəfindən 11 iyul 2008-ci il tarixli təhkim aktı tərtib edilərək idddiaçıya təqdim olunmuşdur. Həmin vaxtdan bu günədək torpaq sahəsi iddiaçının istifadəsindədir. Lakin bir müddət əvvəl qeyd olunan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, iddiaçıya bildirilmişdir ki, bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmış bağ torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında torpağın alqı-satqısına dair müqavilə bağlanılmadığından, həmçinin qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə ayrılmış torpaqlar üzərində hüquqlar həmin qərarlar qüvvədən düşdüyü üçün qeydiyyata alınmır. Bununla bağlı, iddiaçı Sumqayıt Bələdiyyəsinə müraciət etdikdə bildirilmişdir ki, həqiqətən torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Sumqayıt Bələdiyyəsinin 27.06.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir. Halbuki, həmin qərarın ləğvi barədə iddiaçıya hər hansı məlumat verilməmiş və bələdiyyə qərarı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla ləğv olunmuşdur. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, sözügedən bələdiyyə qərarının ləğvi əsası da tamamilə qanunsuz olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı həqiqətən də 2007-cı ilin ortalarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək “Novxanı bağlan” ərazisində yerləşən və uzun illərdir Faktiki istifadəsində olan sahəsi 600 kvadrat metr təşkil edən bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçı müraciətini nəzərə alaraq qeyd edilən “Novxanı bağları” ərazisində yerləşən sahəsi 600 kvadrat metr təşkil edən 4041 b saylı bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsi tərəfindən məqsədəuyğun hesab edilmiş və sənədləşmə işlərini həyata keçirmək məqsədilə müvafiq rəyin alınması üçün aidiyyəti üzrə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə rəsmi məktubla müraciət olunmuşdur. Həmin müraciətə cavab olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 18 yanvar 2008-ci il tarixli,02/49 saylı saylı rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı mülkiyyətinə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. İddiaçı bələdiyyəinin hesablaşma hesabına torpağın alqı- satqı haqqı qismində 1080 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra torpaq sahəsi ona təhvil verilmiş, torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmiş,lakin tərəflər arasında torpağın alqı-satqısına dair akt imzalanmamışdır. Adı çəkilən bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin həmin tövsiyələrində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları,yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi qeyd olunmuş,həmin tarixdən etibarən Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların sözügedən qanun norması ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılmış və 01 dekabr 2007-ci il tarixdən sonra Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların ləğv edilməsi tövsiyə olunmuşdur.Həmin tövsiyələr əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı iclas protokolunun qərarı bələdiyyənin bir sıra qərarları,o cümlədən “Novxanı bağlan” ərazisində yerləşən sahəsi 600 kvadrat metr təşkil edən 4041 b saylı bağ torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair Sumqayıt Bələdiyyəsinin 1 fevral 2008-ci il tarixli,02 saylı iclasının qərarı ləğv edilmiş,lakin bu barədə İddiaçı qanunvericliklə müəyyən edilmiş qaydada məlumat verilməsi unudulmuşdur. İddiaçı alqı-satqı aktının bağlanılması ilə əlaqədar müraciətinə verilmiş 13 avqust 2021-ci il tarixli,2211 saylı cavab məktubunda qeyd etdiyimiz kimi,keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğundan və sözügedən alqı-satqı aktı da həmin orqanda qeydiyyata alınmalı olan bir sənəd olduğundan, hal-hazırda torpağın alqısatqı aktının hazırlanaraq iddiaçıya təqdim edilməsi qanunvericiliklə mümkün deyildir. Bununla bağlı cavabdeh iddianın həllinin məhkəmənin mülahisəzinə buraxdığını bildirmişdir. İş materiallarında olan : -Sumqayıt şəhər bələdiyyəsinin 01 fevral 2008-ci il tarixli 02 saylı qərarından görünür ki, Novxanı bağlar ərazisində 600 kv m olan bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. -DTXK-nin Sumqayıt şəhər Şöbəsinin 18.01.2008-ci il tarixli rəyindən görünür ki, idarə vətəndaş İddiaçı 4041b saylı bağın 600 kv.mtorpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. -Sumqayıt bələdiyyəsi tərəfindən tərtib edilmiş 11.07.2008-cı il tarixli aktdan görünür ki, Novxanı bağlar ərazisində 600 kv m torpaq sahəsi İddiaçı oğluna təhvil verilmişdir. - DTXK-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd İddiaçı adına olan torpaq sahəsi barəsindədir. - 28.01.2008-ci il tarixli qəbzdən görünür ki, İddiaçı oğlu tərəfindən torpaq alqısatqısı üçün Sumqayıt bələdiyyəsinin hesabına 1082 manat ödənilmişdir . - AZ-İİ № 238569 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 03.12.2021-ci ildə vəfat etmişdir. - Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin 260 saylı 03 fevral 2022-ci iltarixli məktubundan görünür ki, Məmmədov Zamin Qəşəm oğlu 03.12.2021-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi kimi tanınmışdır. - Sumqayıt şəhər bələdiyyəsinin 14 saylı 27.06.2008-ci il tarixli qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin 01 fevral 2008-ci il tarixli 02 saylı iclasının torpaq sahələrinin ayrılmasına dair qərarları ləğv edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndısinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Beləki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, ««Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz». Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XİV və XV fəsillərində torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edilmişdir. Lakin bələdiyyə həmin normaları nəzərə almadan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərarını ləğv etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və mübahisələndirilən inzibati akt iddiaçıya aid hissədə ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və İddiaçı cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən sahəsi 600 kv m təşkil edən bağ torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 1 fevral 2008-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən sahəsi 600 kv.m təşkil edən bağ torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 1 fevral 2008-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Süıh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-218/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-218/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver