Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2180/2023 11.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1977-ci ildən 1986-cı ilədək və 1987-ci ildən 1996-cı ilədək Şamaxı rayonu Birinci Çaylı kəndindəki Cəfər Cabbarlı adına sovxozda işlədiyi dövrün sığorta stajına daxil edilərək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-ci ildən 1986-cı ilədək və 1987-ci ildən 1996-cı ilədək Şamaxı rayonu Birinci Çaylı kəndindəki Cəfər Cabbarlı adına sovxozda işlədiyi dövrün sığorta stajına daxil edilərək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonu Çaylı kəndində anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar mənə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X4 filialına rəsmi qaydada ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyası təyin edildiyini, lakin 1977-ci ildən 1986-ci ilə və 1987-ci ildən 1996-cı ilə kimi Çaylı kənd Cəfər Cabbarlı adına sovxozda işlədiyi dövrün əmək stajı kimi hesablanmadığını bildirmişdir. Cavabdeh orqan ona ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubu ilə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hazırda cavabdehin imtina məktubu ilə razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Halbuki, iddia ərizənizə əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 arxiv arayışı və əmək haqqı cədvəlləri ilə onun həmin dövrdə Cəfər Cabbarlı adına sovxozda işləməsi öz təsdiqini tapır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi arxiv arayışına əsasən onun xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 16 il 10 ay olduğu halda, “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alındığı üçün iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1.2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən maddənin tələblərinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən 200 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixdən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün onun əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh orqanın **********5 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində aevdə alınmış 5301,34 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və onun pensiyasının məbləğində (248,16 manat) dəyişiklik olmamışdır. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüddür. - iddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.2006-xx.xx.2015-ci illərdə Şamaxı rayon Zona Baytarlıq laborotoriyasında sürücü işləmişdir. -Dövlət arxivinin Şamaxı filialı tərəfindən verilmiş 88 saylı 12 aprel 2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1977-ci ilin sentyabr-dekabr ayları,1978-ci il,1979-cu ilin yanvar-iyun və oktyabr-dekabr ayları,1980-ci ilin yanvar,aprel-dekabr ayları,1981-1986cı illərdə, 1987-1989-cu illər, 1990-cı ilin yanvar-iyun və dekabr ayları, 1991-ci ilin yanvariyun və oktyabr-noyabr ayları,1992-ci il, 1993-cü ilin noyabr-dekabr ayları,1994-cü ilin yanvar-mart və may-dekabr ayları,1995-ci il və 1996-cı illin yanvar-fevral və iyun-dekabr ayları Şamaxı rayon Çaylı kənd C.Cabbarlı adına sovxozda işləmiş və əmək haqqı almışdır. -Məhkəmənin sorğusuna əsasən Dövlət arxivinin Şamaxı filialı tərəfindən verilmiş 88 saylı 27 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Şamaxı rayon C.Cabbarlı adına sovxozda 1977-1996-cı illərdə işləyib aldığı aylıq əmək haqqı barədə Arxiv arayışını və 1977-1998 ci illərin əmrlərdən çıxarışı məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 13 nömrəli Əlavəyə əsasən əlilliyə görə pensiya təyin olunması üçün pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış; müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) tələb olunur. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduğundan onun xx.xx.2006cı il tarixədək olan sosial sığorta stajı 25 il kimi qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi 1977-1986-cı illər və 1987-1996-cı illərdə onun əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmişdir ki, həmin müddət 16 il 10 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun 22-.1.2-ci maddəsinə əsasən 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi dövr artıq ona pensiya təyin edilərkən nəərə alınmışdır. İddiaçının xx.xx.2006-cı il tarixə qədər olan stajı 16 il 10 ay təşkil etsə də, 25 il kimi nəzərə alınaraq ona avtomatlaşdırılmış qaydada pensiya hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə belə qənaətə gəlir ki, idida tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2180/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2180/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver