Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2180/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 işt iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər Corat bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 07 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 375 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və arayışın verilməsi ilə bağlı öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Corat bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 07 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində xx.xx.2012-ci il tarixdə 09 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta görə “Sumqayıt şəhəri ərazisində Corat qəsəbəsi 375 nömrəli ünvanda aşayan X6 tərəfindən Sumqayıt şəhər Corat qəsəbə bələdiyyə orqanına xx.xx.2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Corat qəsəbə bələdiyyə ərazisində 600 kv m torpaq sahəsinin satılması barədə 2005-ci il 25 mart tarixli, 07 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X6 tərəfindən Sumqayıt şəhər Azərbaycan Respublikası Bankının hesabına 1500 000 (bir milyon beş yüz) manat haqq ödənilmişdir. Bu akt Corat bələdiyyəsinin nümayəndəsi X11, torpaq alan X6 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi müdiri X7 iştirakı ilə 25 mart 2005-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli, AZ-İİ 318345 nömrəli ölüm haqqında şəhadətnaməyə (təkrar) görə X6 xx.xx.2006-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Fətullayev iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayənəsi iddianı qəbul etməyərək izah etdi ki, sənədlərin araşdırılması zamanı 25 mart 2005-ci il tarixdə Sumqayıt şəhər Corat bələdiyyə İclasının müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə zidd olaraq alqı-satqı aktının 2012-ci ildə tərtib olunduğu müəyyən olunmuşdur. Mövcud qanunvericiliyə əsasən, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bələdiyyə ilə müvafiq müqavilənin bağlanması zəruridir. İş materiallarında olan: - Sumqayıt şəhər Corat bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 07 nömrəli ptorokol qərarından görünür ki, Corat qəsəbəsi ərazisində faktiki istifadə elədiyi 600 (altı yüz) kv.m torpaq sahəsinin ona fərdi ev tikmək üçün ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Corat qəsəbə Bələdiyyə ərazisində 600 kv.metr torpaq sahəsi İddiaçı satılmışdır. - DT və XK tərəfindən verilmiş A№391865 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd H.Əliyevə ayrılmış 600 kv.metr torpaq sahəsinə dair tərtib edilmişdir. - DTXK-nin Sumqayıt şəhəri şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, idarə torpaq sahəsinin H.Əliyevin adına sənədləşdirilmsinə etiraz etmir. - Memarlıq və Şəhərsalma idarəsinin xx.xx.2004-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, idarə torpaq sahəsinin İddiaçı adına sənədləşdirilmsinə etiraz etmir. - AZ-İİ № 318345 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006cı il tarixdə vəfat etmişdir. - 1 nömrəli Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2249 nömrəli məktubdan görünür ki, 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzi notariat ofisinə 04 fevral 2006-cı ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmiş və vərəsələr sırasına daxil edilmişdir. - H.Əliyevə ayrılmış 600 kv m torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, texniki invertarlaşma işləri aparılmış, torpaq sahəsində tikinti altı sahəsi 195,0 yaşayış evi mövcuddur. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,6 ha göstərilmişdir, faktiki yerinə 0,0879 ha təşkil edir, 279,0 kv m artıq torpaq sahəsi mövcuddur. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü tarixli cavab məktubundan görünür ki, Corat bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 7 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının sonradan tərtib edilməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin tərtibatı bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifəsi olmuşdur və iddiaçının məsuliyyət dairəsinə aid deyildir. Cavabdehin digər dəlili iddiaçının faktiki istifadəsində daha çox torpaq sahəsinin olması ilə bağlıdır ki, məhkəmə bu dəlili də əsassız hesab edir və iddiaçı hazırda sənəddə göstərilən 0.06 ha torpaq sahəsi ilə bağlı iddia qaldırmışdır və daha artıq torpaq sahəsi mübahisənin predmeti deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhər Corat bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 07 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər Corat bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 07 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2180/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2180/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver