Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2182/2023 01.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində Sumqayıt şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli, 4Ə1/52 reyestr nömrəli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat zamanı buraxılmış yanlışlığın aradan qaldırılması və həmin torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli torpağın bağışlama müqaviləsi əsasında əldə etmişdir. Həmin dövrdə daşınmaz əmlak üzərində hüquqların qeydiyyyatını aparan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən həmin müqavilə əsasında hüququn qeydiyyatı aparılmış və xx.xx.2005ci il taruixli JN-1281,KOD ********* saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Uzun zaman sonra o sənədlərə baxarkən müəyyən etmişdir ki, daşınmaz əmlak üzərində həmin zaman onunla birlikdə, yaşadığı mənzildə qeydiyyatda olan ailə üzvləri daşınmaz əmlakın dövlət reyestrini aparan idarə tərəfindən mülkiyyətçi qismində qeydiyyata alınmışlar. Qeyd edir ki, sözügedən torpaq sahəsininin bağışlanması zamanı hüquq əldə edən şəxs qismində iddiaçı iştirak etmişdir, bağılayan şəxs ilə aralarında müqavilə bağlanmış lakin, qeydiyyat orqanı səhvən yaşayış yeri üzrə arayış əsasında onunla birlikdə qeydiyyatda olan ailə üzvlərini də mülkiyyətçi qismində reyestrə daxil etmişdir. Bununla da onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrini aparan qurum tərəfindən kobud şəkildə pozulmuşdur. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2005-ci il tarixli JN-1281 KOD ********* saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni əlavə edərək cavabdehdən tələb etmişdir ki, yuxarıda qeyd olunan yanlığlığı aradan qaldıraraq bağışlama müqaviləsi əsaında hüquq əldə etmiş şəxs olaraq onun mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ona təqdim olunsun. Məlumdur ki, cavabdeh əvvəllər daşınmaz əmlak üzərində qeydiyyatı aparan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin hüquqi varisidir. Lakin, cavabdeh tam əsasız olaraq 24 avqust 2022-ci il tarixli bildirişlə ona bildirmişdir ki, düzəliş üçün ümumi qaydada məhkəməyə müracilət etməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə yalnışlıqla qeyd olunan adların silinərək düzəliş edilməsi barədə 11,08.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsi Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 28.01,2005-ci il tarixli, 4Ə1/52 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında ümumbirgə mülkiyyət hüququ üzrə İddiaçı, Seyfullayev Ə.Q., Seyfullayev İ.Ə., Seyfullayev T.Ə..Seyfullayev İ.F., Seyfullayev T.Q., Seyfullayev Zərniyar Z., Seyfullayev Rəşid Q., Seyfullayev Bəşir T. və Seyfullayeva Aygül T. adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli, JN-1281, KOD 30900026 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3034/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)- 3034/2022 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya hüquqi yardım edilməlidir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili X2 hüquqi yardım edilməklə izah edilmişdir ki, şəhadətnaməni verən orqan hazırda mövcud deyil, ona görə də yeni şəhadətnənin verilməsi mümkün deyil. Mülkiyyət sənədi verilərkən qanunsuzluğa yol verilibsə həmin hissədə sənədin etibarsız sayılmasını tələb edə bilərlər. Ondan sonra yeni qaydada çıxarışın verilməsini tələb edilə bilər. İddiaçı tərəf müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 hadan ibarət torpaq sahəsi üzərində Sumqayıt şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli, 4Ə1/52 reyestr nömrəli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat zamanı buraxılmış yanlışlığın aradan qaldırılması və həmin torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə onun inzibati orqana müraciəti eyni deyildir. İddiaçı inzibati orqana müraciətini məhkəməyə təqdim etməmiş, inzibati orqanın 24 avqust 2022-ci il tarixli **********99 nömrəli imtinasında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 19A nömrəli 0.06 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə yalnışlıqla qeyd olunan adların silinərək düzəliş edilməsi barədə ərizəyə baxıldığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-1281H saylı şəhadətnamədə düzəliş edilməsini inzibati orqandan istəmişdir ki, bu düzəlişi aparacaq orqan hazırda mövcud olmadığına görə həmin iddiaya da inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 16-ci maddəsi tətbiq edilə bilməz. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Məhkəmə hesab edir ki, bu düzəlişlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun qüvvəyə mindiyi dövrdən sonra, daşınmaz əmlakın vahid reystrinin aparıldığı qeydiyyatlara şamil edilə bilər. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlasada, həmin qanunun 8-ci maddəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmiş, həmin əsaslar arasında 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridə göstərilmişdir.(maddə 8.0.5.) Bu isə onu göstərir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır, həmin sənədlərlə digər şəxslərin dövlət tərəfindən tanınmış hüquqları ancaq məhkəmə qaydasında mübahisələndirilə bilər, cavabdeh inzibati orqanın 2006-cı il iyulun 6-dək qeydə alınmış hüquqları dəyişdirmək səlahiyyəti yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın belə bir səlahiyyəti olsa belə, iddiaçı iddia ərizəsindəki tələbi ilə inzibati orqana müraciət etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, xx.xx.2005- ci il tarixli JN-1281,KOD ********* saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər şəxslərə aid hissədə etibarsızlığını inzibati məhkəmə icraatı qaydasında tələb edə bilər. Həmin iddiası uğurlu olarsa, mülkiyyətində olan torpaq sahəsinin hazırda qüvvədə olan qaydalara uyğun olaraq yenidən dövlət qeydiyyata alınmasını inzibati orqandan tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2182/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2182/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver