Məhkəmə qərarları › İş №2-1(118)-2182/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2182/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2182/2024 25.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, pensiya tutulmasının ödənilməsi, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının bərpası, etimad hüququ) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əvəzləşdirmə nəticəsində tutulmuş məbləğin ödənilməsi, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 14 iyul 2023-cü il tarixli, 3-17-1/2-M-157981/24 nömrəli “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub göndərilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-171/2-M-13 nömrəli məktubundan görünür ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən məlum olmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, İddiaçı 2 dekabr 2008-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək əmək pensiyası təyin edilərək ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsaslanaraq, pensiya məbləğinin indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 440,77 manata, 1 yanvar 2022-ci il tarixdən 455,76 manata çatdırılmışdır. Həmin qanunun tələblərinə əsasən, əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 472,42 manata, eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən, indeksləşdirilərək 541,87 manata çatdırılmışdır. Ötən dövr üzrə (1 iyul 2020-ci il tarixdən) hesablanmış məbləğ artıq ödənilmiş güzəştli şərtlərlə pensiya məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-M-21386/202 nömrəli “İddiaçı əmək pensiyasının dayandırılması haqqında” məktubundan görünür ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Araşdırma zamanı, İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə 5 iyun 1976-cı il - 3 noyabr 1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin likör sexində sazlayıcı çilingər, 1 nömrəli pivə doldurma sexində sazlayıcı çilingər, boş şüşə qablaşdıran pivə sexində təmirçi çilingər, soyuducu kompressorunun təmirçi çilingəri, mexanik, bişirmə sexində rəis və "xxxx" MMC-də 3 noyabr 1997-ci il - 2 yanvar 1999-cu il tarixləri arasındakı dövr ərzində çilingər, 2 yanvar 1999-cu il - 1 yanvar 2006-cı il tarixləri arasındakı dövr ərzində pivə bişirən vəzifələrində işlədiyi qeyd olunub. Bununla əlaqədar olaraq, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən şəxsin iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, onun işlədiyi sazlayıcı çilingər, boş şüşə qablaşdıran, mexanik, rəis, pivə bişirən vəzifələrinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş müvafiq Siyahılarda nəzərdə tutulmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən birgə Aktla təsdiq edilib. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il ay 16 gün (1 oktyabr 1985-ci il - 17 may 1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uygunsuzluğa baxmayaraq, İddiaçı 2 dekbar 2008-ci il tarixdən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla son üç il üzrə İddiaçı ümumilikdə 67.072,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün onun pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2ci maddəsinə əsasən, İddiaçı vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında adıçəkilən şəxsin mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 14 iyul 2023-cü il tarixdə məktub göndərilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gəlməyi xahiş edilmişdir. İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 20 iyul 2023-cü il tarixdə gəlmişdir. Tərtib edilmiş akt adıçəkilən şəxs tərəfindən imzalanmışdır.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

4. İddiaçı 4 aprel 1975-ci il tarixli “Əmək kitabçası”.

5. “İddiaçı indiki "xxxx" MMC-də 1996-1997-ci illər ərzində işlədiyinə dair” 22 iyun 2023-cü il tarixli aktdan görünür ki, müəssisənin arxivində saxlanılan sənədlərə əsasən İddiaçı, - 5 iyun 1976-cı il - 5 aprel 1983-cü il tarixlərdə likör sexində sazlayıcı çilingər; - 4 aprel 1985-ci il - 10 sentyabr 1985-ci il tarixlərdə 1 nömrəli pivə doldurma sexində sazlayıcı çilingər; - 10 sentyabr 1985-ci il - 1 oktyabr 1985-ci il tarixlərdə boş şüşə qablaşdıran; - 1 oktyabr 1985-ci il - 16 oktyabr 1985-ci il tarixlərdə təmirçi çilingər (pivə sexində); - 16 oktyabr 1985-ci il - 17 may 1994-cü il tarixlərdə soyuducu kompressorunun təmirçi çilingəri; - 17 may 1994-cü il - 2 yanvar 1995-ci il tarixlərdə mexanik; - 2 yanvar 1995-ci il - 3 noyabr 1997-ci il tarixlərdə bişirmə sexində rəis; - əmək haqqı arayışında 2004-2005-ci illərdə pivə bişirən işlədiyi əksini tapmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 fevral 2024-cü il tarixli, 3-17-1/2-46613/2024 nömrəli məktubu ilə İddiaçı pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri qoşma ilə göndərilmişdir: - “İddiaçı indiki "xxxx" MMC-də 1996-1997-ci illər ərzində işlədiyinə dair” 22 iyun 2023cü il tarixli akt (§5); - Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 14 iyul 2023-cü il tarixli, 3-17-1/2-M-157981/24 nömrəli “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub (§1); - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin “əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” 21 iyul 2023-cü il tarixli, 3-17-1/3-15306/2023 nömrəli Qərar; - Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 11 avqust 2023-cü il tarixli, 3-17-1/2-M-181917/2023 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” məktub; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 044634 nömrəli “Pensiyaçının uçot vərəqi”; - “Sığortaedən "xxxx" MMC haqqında məlumat”; - İddiaçı “Pensiya işi”.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 may 2024-cü il tarixli, **********414600 nömrəli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" Zavodu adlı kommersiya qurumu aşkar edilməmişdir. Qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 31 iyul 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi, ev 1-dir.

8. "xxxx" MMC-nin 4 iyul 2024-cü il tarixli, 1581 nömrəli məktubundan görünür ki, işçi İddiaçı yalnız 03/1-1/1997-ci il tarixdən etibarən əmək fəaliyyətini "xxxx" MMC hüquqi şəxsinin hüquqi varisləri sayılan, “Azeri-BGİ”/”Azəri-Castel” MMC/“Bakı-Castel”/"xxxx" MMC davam etdirmişdir.

9. "xxxx" ASC-nin 4 iyul 2024-cü il tarixli, 1582 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də müvafiq peşələrdə əmək fəaliyyətini davam etdirmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-3) aşağıdakılardan ibarət olmuşdur: İddiaçıya 2 dekabr 2008-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 14 iyul 2023-cü il və 25 avqust 2023-cü il tarixli məktublar təqdim edilmişdir (§1, 2). İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Bildirilmiş ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı səhvə yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunmuş vəzifələrə müvafiq vəzifələrdəki iş stajı nəzərə alınmamışdır. Belə ki, "xxxx" MMC ilə birgə hazırlanmış akt əsasında iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (8 il 7 ay 16 gün) olaraq hesablanmışdır. İddiaçı 1 avqust 1978-ci il tarixdən 1 noyabr 1978-ci il tarixədək maşinist, 1 noyabr 1978-ci il tarixdən 28 dekabr 1979-cu il tarixədək usta, 10 mart 1982-ci il tarixdən 10 sentyabr 1985-ci il tarixədək çilingər vəzifələrində işləmişdir. Lakin cavabdeh tərəfindən tərtib olunan Aktda qeyd edilən dövrlərdəki iş stajı nəzərə alınmamışdır. Bu səbəbdən də ona olunan pensiya ödənişi əsassız olaraq dayandırılmışdır. Qeyd edilən məzmunda müraciətə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 15 sentyabr 2023-cü il tarixdə eyni məzmunlu cavab məktubu ilə münasibət bildirilmişdir. Lakin müraciətdə əks olunmuş iddiaçının nəzərə alınmamış iş stajlarının hansı səbəbdən "xxxx" MMC ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında tərtib edilmiş yuxarıda qeyd edilən birgə Akta hansı səbəbdən daxil edilməməsinə münasibət bildirilməmişdir. Həmçinin, iddiaçıya son üç il üzrə 67.072,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi qeyd edilmişdir. Əvəzləşdirilən məbləğ və qalıq məbləğlə bağlı 25 iyul 2023-cü il tarixli, 976 saylı sorğuya hələ də cavab verilməmişdir. Hesab edilir ki, qeyd edilən səbəblərə və əsaslara görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması ilə bağlı qəbul edilmiş aktlar əsassızdır və qanunsuzdur. Bu səbəbdən iddiaçının yaşa görə güzəştli şərtlərə pensiya hüququnun dayandırılmasına səbəb olmuş 14 iyul 2023-cü il tarixli, 25 avqust 2023-cü il tarixli inzibati aktlar ləğv edilməli və onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı yenidən hesablanmalı və onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun bərpa olunması haqqında inzibati akt qəbul edilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı vətəndaş olaraq 15 il müddətindən güzəştli şərtlərlə yaşa görə pensiya almasına baxmayaraq, ona 15 il ərzində qeyd edilən pensiya hüququ ilə bağlı hər hansı pretenziya bildirilməmişdir. Yəni, bu qədər müddət - 15 il ərzində iddiaçının “qanunsuz” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almasından bu sahədə dövlət siyasətini həyata keçirən dövlət orqanlarının “məlumatı olmamışdır”. İddiaçının işlədiyi 4 il 10 ay əmək stajı nəzərə alınmamışdır. Bundan əlavə, onun etimad hüququ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-ci maddəsində göstərilən halların heç biri ilə əlaqələndirilə bilməz. Belə ki, şəxs sənədlərini güzəştli şərtlərlə yaşa görə pensiya hüququ almaq üçün təqdim etmiş müvafiq dövlət orqanı onları yoxlamadan keçirmiş və qanuni olduğu üçün ona qeyd edilən şərtlərlə pensiya təyin etmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi zamanı Abşeron rayon şöbəsi tərəfindən səhvə yol verildiyi iddia edilsə belə buna görə 15 il sonra iddiaçı məsuliyyət daşımamalıdır. Çünki, o, sosial təminatla yaşayan şəxs kateqoriyasına aid olan bir vətəndaş kimi bütün ümidi və həyat tərzi o pensiyanın üzərində qurulmuşdur. Ona görə 15 il sonra onun güzəştli şərtlərlə pensiya hüququnun dayandırılması və hətta yeni ümumi əsaslarla təyin edilmiş pensiyanın bir hissəsinin də “artıq ödənilmiş” məbləğlə əvəzləşdirilməsi pensiyaçı olaraq ona ciddi maddi və mənəvi zərbə vurur. Həmçinin, dövlətin Konstitusiya ilə elan etdiyi layiqli həyat səviyyəsinin təmin edilməsi prinsipini aradan qaldırır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16, 38-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Gashi Xorvatiyaya qarşı” iş üzrə 13 dekabr 2007-ci il tarixli və “Stolyarova Rusiya Federasiyasına qarşı” iş üzrə 29 yanvar 2015-ci il tarixli Qərarlarına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.8, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8, 13.5, 67.5, 67.6, 72.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli “X.Mustafayevanın şikayəti ilə bağlı” Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2, 8.1, 32, 33, 38-ci maddələrinə istinad olunmuşdur.

13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

Sərəncamın icrasına münasibətdə iddia ərizəsinə qarşı cavabdehlər tərəfindən təqdim edilmiş etirazların dəlilləri:

a) Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etiraz

15. Etirazda iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə 5 iyun 1976 - 3 noyabr 1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin likör sexində sazlayıcı çilingər, 1 nömrəli pivə doldurma sexində sazlayıcı çilingər, boş şüşə qablaşdıran, pivə sexində təmirçi çilingər, soyuducu kompressorunun təmirçi çilingəri, mexanik, bişirmə sexində rəis və "xxxx" MMC-də 3 noyabr 1997 - 2 yanvar 1999-cu il tarixləri arasındakı dövr ərzində çilingər, 2 yanvar 1999 - 1 yanvar 2006-cı il tarixləri arasındakı dövr ərzində pivə bişirən vəzifələrində işlədiyi qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, işlədiyi sazlayıcı çilingər, boş şüşə qablaşdıran, mexanik, rəis, pivə bişirən vəzifələrinin yuxarıda qeyd olunan Qərarlarla təsdiq edilmiş müvafiq Siyahılarda nəzərdə tutulmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən birgə Aktla təsdiq edilmişdir. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 16 gün (1 oktyabr 1985 - 17 may 1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 2 dekabr 2008-ci il tarixdən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, qanunvericiliyin tələbləri də nəzərə alınmaqla iddiaçıya 1 iyul 2020 - 30 iyun 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67.072,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının iştirakı ilə 20 iyul 2023-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə iddiaçıya ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair 21 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-15306/2023 nömrəli əmək pensiyası təyin edilməsi haqqında ləğv edilməsi qərarı və 21 iyul 2023-cü il tarixli, 3-17-1/3-3- 15304/2023 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, “İnzibati icraat haqqında” Qanunun 67.5, 67.6, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8, 37.8.3, 39.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad olunmuşdur.

b) Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə qarşı təqdim eedilmiş etiraz

17. Etirazda iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmiş və ona 1 iyul 2020-ci il tarixdən (əmək pensiyasının dayandırıldığı 1 iyul 2023-cü il tarixdən 3 il əvvəl) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 20 gün sığorta stajı və 1 yanvar 2006cı il tarixdən 1 sentyabr 2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.387,60 manat pensiya kapitalı əsasında 395,67 manat məbləğində pensiya təyin edilmiş, həmin Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən pensiyanın məbləği indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 440,77 manata, 1 yanvar 2022-ci il tarixdən 455,76 manata çatdırılmışdır. İddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 472,42 manata, eyni zamanda, həmin Qanunun 29.1-ci maddəsinə əsasən, indeksləşdirilərək 541,87 manata çatdırılmışdır. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sərəncamına əsasən, iddiaçının əmək pensiyasının məbləğində 1 iyul 2020-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək 50.488,92 manat artıq ödəmə halı aşkar edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası üzrə yaranmış 50.488,92 manat artıq ödəmə, 2023-cü ilin iyul ayından etibarən aylıq əmək pensiyasından 20 faiz, yəni 108,35 manat tutularaq Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının müvafiq hesabına bərpa edilir. İddiaçıya heç bir əsas olmadan artıq ödənilmiş 50.488,92 manat məbləğinin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. Hazırda iddiaçıya təyin edilmiş əmək pensiyasından aylıq 108,35 manat tutulma aparılır.

18. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1, 29.1, 26.4, 32.1-1, 37.3.1, 39.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 63.1, 64.1, 82.3, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir (§11). Həmçinin, bildirmişdir ki, pensiyanın tutulması iki orqanın birgə fəlaliyyəti əsasında aparıldığı üçün, həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh orqanlardır.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi təqdim olunmuş etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir (§15).

21. Məhkəmə iclasında iştirak edən cavabdeh Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi təqdim olunmuş etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş (§17), verilmiş suala cavab olaraq pensiyadan tutulmaların Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən və ayrıca məhkəmə qərarı çıxarılmadan aparıldığını qeyd etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

M a d d ə 1. Əsas anlayışlar (-) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-)

M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (-) 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. (-)

M a d d ə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-)

M a d d ə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri (-) 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)

29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021ci il tarixli Qərarında qeyd olunmuşdur:

“... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”

Məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

34. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

35. Hazırkı inzibati iş üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi ilə aşağıdakı hüquqlarının təmin edilməsini xahiş edir: - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi; - əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi.

36. İddiaçı tələblərinin əsası kimi aşağıdakı hallara istinad etmişdir: - 15 il müddətindən güzəştli şərtlərlə yaşa görə pensiya almasına baxmayaraq, ona bu müddət ərzində qeyd edilən pensiya hüququ ilə bağlı hər hansı pretenziya bildirilməmişdir; - işlədiyi 4 il 10 ay əmək stajı nəzərə alınmamışdır; - etimad hüququ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6ci maddəsində göstərilən halların heç biri ilə əlaqələndirilə bilməz. Belə ki, şəxs sənədlərini güzəştli şərtlərlə yaşa görə pensiya hüququ almaq üçün təqdim etmiş müvafiq dövlət orqanı onları yoxlamadan keçirmiş və qanuni olduğu üçün ona qeyd edilən şərtlərlə pensiya təyin etmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi zamanı Abşeron rayon şöbəsi tərəfindən səhvə yol verildiyi iddia edilsə belə buna görə 15 il sonra iddiaçı məsuliyyət daşımamalıdır.

37. Cavabdehlərin etirazlarının əsasları onunla bağlı olmuşdur ki, iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, işlədiyi sazlayıcı çilingər, boş şüşə qablaşdıran, mexanik, rəis, pivə bişirən vəzifələrinin yuxarıda qeyd olunan Qərarlarla təsdiq edilmiş müvafiq Siyahılarda nəzərdə tutulmadığı müəyyən edilmiş, bu fakt "xxxx" MMC tərəfindən birgə Aktla təsdiq edilmişdir. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 16 gün (1 oktyabr 1985 - 17 may 1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 2 dekabr 2008-ci il tarixdən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə, iddiaçının əmək pensiyasının məbləğində 1 iyul 2020-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək 50.488,92 manat artıq ödəmə halı aşkar edilmiş və təyin edilmiş əmək pensiyası üzrə yaranmış 50.488,92 manat artıq ödəmə, 2023-cü ilin iyul ayından etibarən aylıq əmək pensiyasından 20 faiz, yəni 108,35 manat tutularaq Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının müvafiq hesabına bərpa edilir.

38. Məhkəmə tərəfindən iş materialında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya 2 dekabr 2008-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yaranması əsası ilə həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə istinad edərək, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu iddiaçıya 2 dekbar 2008-ci il tarixdən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, son üç il üzrə İddiaçıya ümumilikdə 67.072,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün onun pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsaslanaraq, pensiya məbləğinin indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 440,77 manata, 1 yanvar 2022-ci il tarixdən 455,76 manata çatdırılmışdır. Həmin qanunun tələblərinə əsasən, əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 472,42 manata, eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən, indeksləşdirilərək 541,87 manata çatdırılmışdır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, iddiaçıya 2 dekabr 2008-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək əmək pensiyası təyin edilərək ödənilmişdir və ötən dövr üzrə (1 iyul 2020-ci il tarixdən) hesablanmış məbləğ artıq ödənilmiş güzəştli şərtlərlə pensiya məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir.

39. Beləliklə, iddiaçının tələbinə münasibətdə cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində 21 iyul 2023-cü il tarixdə 3-17-1/3-3-15304/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərar qəbul edilmişdir. Həmin tarixdən etibarən iddiaçının aylıq əmək pensiyasından 20 faiz, yəni 108,35 (bir yüz səkkiz manat, 35 qəpik) manat məbləğində pul vəsaiti tutularaq Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının müvafiq hesabına bərpa edilmişdir. Hansı ki, iddiaçının nümayəndəsi məhkəmə prosesində mübahisə predmeti olan qərarın onlara təqdim edilmədiyi üçün, barəsində məlumatlı olmadıqlarını bildirmişdir.

40. Beləliklə, müəyyən olunur ki, hazırki mübahisənin əsasında iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, işlədiyi sazlayıcı çilingər, boş şüşə qablaşdıran, mexanik, rəis, pivə bişirən vəzifələrinin yuxarıda qeyd olunan Qərarlarla təsdiq edilmiş müvafiq Siyahılarda nəzərdə tutulmadığını müəyyən edən "xxxx" MMC tərəfindən birgə Akt dayanır.

41. Məhkəmə İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyini və təqdim etdikləri sənədləri araşdıraraq "xxxx" MMC və "xxxx" ASC-yə sorğular ünvanlamışdır.

42. İPM-in: Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

42. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

44. "xxxx" MMC-nin 4 iyul 2024-cü il tarixli, 1581 nömrəli məktubundan görünür ki, işçi İddiaçı yalnız 03/1-1/1997-ci il tarixdən etibarən əmək fəaliyyətini "xxxx" MMC hüquqi şəxsinin hüquqi varisləri sayılan, “Azeri-BGİ”/”Azəri-Castel” MMC/“Bakı-Castel”/"xxxx" MMC davam etdirmişdir: - 3 noyabr 1997-ci il - 2 fevral 2009-cu il tarixləri müddətində çilingər; - 2 fevral 2009-cu il - 18 mart 2013-cü il tarixləri müddətində pivə bişimə operatoru olaraq əmək fəaliyyətinə davam etmişdir. Qeyd edilən bəndləri üzrə işlədiyi dövr, peşə, vəzifələr və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın, 27. Yeyinti sənayesi bəndi, 27.10. yarım bəndinə əsasən, Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) a) fəhlələr: bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri, təmirçi çilingərlər, b) mütəxəssislər, peşələrinə uyğun gəlməkdədir.

45. "xxxx" ASC-nin 4 iyul 2024-cü il tarixli, 1582 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də aşağıda qeyd edilən peşələrdə əmək fəaliyyətini davam etdirmişdir: - 5 iyun 1976 - 1 mart 1977-ci il tarixləri müddətində, fermentasiya-lager sexində 3-cii dərəcəli süzən; - 1 mart 1977 - 12 dekabr 1977-ci il tarixləri müddətində, 1-ci dərəcəli süzən; - 12 dekabr 1977 - 1 avqust 1978-ci il tarixləri müddətində, pivə qablaşdırma sexində usta; - 1 avqust 1978 - 1 noyabr 1978-ci il tarixləri müddətində, 3-cü dərəcəli maşinist; - 1 noyabr 1978 - 10 mart 1982-ci il tarixləri müddətində, usta; - 10 mart 1982 - 1 aprel 1983-cü il tarixləri müddətində, likör sexində 4-cü dərəcəli sazlayıcı çilingər; - 1 aprel 1983 - 4 aprel 1985-ci il tarixləri müddətində, 5-ci dərəcəli sazlayıcı çilingər; - 4 aprel 1985 - 10 sentyabr 1985-ci il tarixləri müddətində, pivə butulkaların süzmə sexində 5-ci dərəcəli sazlayıcı çilingər; - 10 sentyabr 1985 - 1 oktyabr 1985-ci il tarixləri müddətində, tara sexində 2-ci dərəcəli qablaşdıran; - 1 oktyabr 1985 - 16 oktyabr 1985-ci il tarixləri müddətində, pivə butulkaların süzmə sexində 5-ci dərəcəli sazlayıcı çilingər; - 16 oktyabr 1985 - 16 dekabr 1985-ci il tarixləri müddətində, 5-ci dərəcəli çilingər təmirçi; - 16 dekabr 1985 - 17 may 1994-ci il tarixləri müddətində, soyuducu kompressor sexində 5-ci dərəcəli çilingər təmirçi; - 17 may 1994 - 1 iyul 1994-ci il tarixləri müddətində, bişirmə sexində rəis; - 1 iyul 1994 - 2 yanvar 1995-ci il tarixləri müddətində, bişirmə sexində mexanik; - 2 yanvar 1995 - 3 noyabr 1997-ci il tarixləri müddətində, bişirmə sexində rəis ASC-də qeyd edilən bəndləri üzrə işlədiyi dövr, peşə, vəzifələr və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27. Yeyinti sənayesi bəndi, 27.10. yarım bəndinə əsasən, Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) a) fəhlələr: bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri, təmirçi çilingərlər, b) mütəxəssislər, peşələrinə uyğun gəlməkdədir. Həmçinin, iddiaçının işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın, 27-ci maddəsinin, “Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar)” başlığı altında nəzərdə tutulmuş yuxarıda qeyd edilən müvafiq məlumatlara uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

46. Göründüyü kimi, cavabdeh tərəfin istinad etdiyi “Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 2 dekabr 2008-ci il tarixdən Fondun Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir” halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

47. Məhkəmə tərəfindən iddiaçının güzəştli iş stajı iş materialına əlavə edilmiş sənədlərlə https://hypnotronic.ru/hr/calculator/#calc ilə hesablandıqda da iddia tələbinin əsaslı olması öz təsdiqini tapır.

48. Bundan əlavə, iddiaçı tələbində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun etimad hüququ ilə bağlı müddəalarına toxunaraq cavabdehlərin hərəkətini əsassız hesab etməklə əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsini xahiş etmişdir.

49. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir.

50. Məhkəmə, iddiaçı tərəfin möqveyini əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.” “Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

51. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 3 may 2024-cü il tarixli, 2-1(102)-1085/2024 saylı qərarında “etimad hüququ”na toxunularaq bildirilmişdir ki, “... əlverişli inzibati aktın, yəni şəxsin əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi onun iqtisadi maraqları sferası və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməli, icraat çərçivəsində pensiyanın düzgün təyin edilibedilməməsini və bunun səbəblərini müəyyən etməli, təzələnmiş icraatın nəticəsi kimi yeni qərar qəbul edərkən həm də etimad hüququnun qorunması prinsipinin tələblərini, xüsusən də “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-cü maddələrinin müddəalarını nəzərə almaqla davranmalıdır. Hazırkı işdə inzibati orqan mübahisələndirilən qərarları qəbul edərkən, yəni iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəalarına da riayət etməmişdir. ... Cavabdeh müddətlə bağlı şərtə riayət etməmiş, ... . Bu keçən müddət ərzində cavabdehin qanunsuz olduğunu iddia etdiyi inzibati aktın ləğv olunmasını şərtləndirən hallar barədə məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür, eləcə də səmərəli idarəçilik anlayışı ilə uzlaşmır. ... Belə ki, hazırki işdə ... qərarlar qəbul edilməmişdən öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Həmçinin, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi yaxud bundan imtina barədə qərar qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt isə qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. ...”

52. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(102)-3/2023 saylı qərarında isə qeyd olunmuşdur ki, “...etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qərarın 33-cü bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir.”

53. Qeyd olunmalıdır ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Buna baxmayaraq, cavabdeh tərəfindən artıq ödənilmiş pensiya məbləği əmək pensiyaçısının razılığı olmadan cavabdeh tərəfindən hissə-hissə iddiaçının pensiyasından tutulmuş, bununla da “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin pozuntusuna və bunun üzərindən də iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol verilmişdir. Bu baxımdan istinad olunan normanın tələblərini pozmaqla iddiaçının pensiyasından tutmanı həyata keçirməkdə cavabdeh haqlı sayıla bilməz.

54. Cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Belə ki, inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Ali Məhkəmənin 2-1(102)- 1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı).

55. Kassasiya instansiyasının “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması və tutulmasının qadağan edilməsi və etimad hüququ” ilə bağlı olan qərarlarında qeyd olunmuşdur ki, hətta iddiaçının təqsirli davranışı belə cavabdehi xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar.

56. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməli, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyi cavabdehlərə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

58. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” 21 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-15304/2023 saylı qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21 iyul 2023-cü il tarixdən bərpa edilsin və həmin tarixdən etibarən aylıq əmək pensiyasından 20 faiz, yəni 108,35 (bir yüz səkkiz manat, 35 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının müvafiq hesabına bərpa edilmiş pul məbləğinin geri qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar