Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2183/2024 30.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “atası X5 və nənəsi X1 Quba rayonu Sabir adına Sovxoz üzrə düşən miqdarda pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “atası X5 və nənəsi X1 Quba rayonu Sabir adına Sovxoz üzrə düşən miqdarda pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Alpan kəndində yaşayıram. X2 anası Zərxanım Abdulqəni qızıdır. Ata nənəsi X4r. X10 xx.xx.1993-cü ildə, digər nənəsi Muradova Saat xx.xx.1996-ci ildə, atası Comərd Muradov xx.xx.1997-ci il tarixdə vəfat etmişlər.Azərbaycan Respublikası Prezidentinin 1993-ci il 02 mart tarixli 290 N-li Fərmanı torpaq islahatı haqqında sərəncamma əsasən o və ailə üzlərinin yaşadığı Quba rayonu Sabir adına Sovxozda da Aqrar İslahat Komissiyası yaradılaraq ərazidə olan torpağların islahatı aparılmışdır.Quba rayon Sabir adına X12 Komissiyası üzrə Alpan İnzibati ərazi vahidliyində əhali haqqında torpaq almaq hüququ olanlar barədə 23 noyabr 1994-cü il tarixli siyahısıda nənəsi X6, atası X7 və onun adına həmin siyahıya salınmışdır.İslahat aparılarkən ona torpaq ayrılmış lakin nənəsi və atasına torpaq verilməmişdir. Aqrar İslahat Komissiyasının fəaliyyətinə xitam verildikdən sonra səlahiyyətlər İcra Hakimiyyətlərinə həvalə edildiyi üçün mən atası və nənəsinə torpağın ayrılması üçün Quba rayon İcra Hakimiyyətinə müraciət etməli olmuş, Quba rayon İcra Hakimiyyəti torpaq ayrılmasının onların səlahiyyətinə aid olmamasını bildirib məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-cı il il tarixli, 226 nömrəli Fərmanına əsasən "Dövlət Aqrar islahatı Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və aqrar islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır.Hesab edir ki, iddiaçı Rayon icra Hakimiyyətini məhz aqrar islahat komissiyasının qərarına münasibətdə cavabdeh kimi cəlb etmək istəmişdir. Hesab edir ki, həmin hissədə iddia tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir.Quba Rayon icra Hakimiyyətinin isə aqrar islahat əsasında vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək səlahiyyəti və öhdəliyi, həmçinin cavabdehliyi yoxdur. Belə ki, artıq ölkədə aparılan aqrar islahat yekunlaşmış, aqrar islahat komissiyalarının fəaliyyətinə son qoyulmuş, islahatla bağlı tərtib edilmiş siyahılar arxivə təhvil verilmiş və nəticədə torpaq sahələrinin yeni mülkiyyətçiləri formalaşmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edib, iddia tələbinə onun iştirakı olmadan baxıb, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən onun ailə üzvlərinə ayırmadığı pay torpağının Quba Rayon İcra Hakimiyyətindən əldə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Quba rayon Aqrar İslahat Komissiyasının hərəkətlərini mübahisələndirir və iddia tələbini Quba Rayon İcra Hakimiyyətinə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının nəzərdə tutduğu pay torpağının ayrılmasını Quba Rayon İcra Hakimiyyəti tərəfindən deyil, Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Quba Rayon İcra Hakimiyyətinin Quba rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Quba Rayon İcra Hakimiyyəti mövcud mübahisə ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “atası X5 və nənəsi X1 Quba rayonu Sabir adına Sovxoz üzrə düşən miqdarda pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2183/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2183/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver