Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2186/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı oğunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı Xaçmaz rayonu Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyişəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 5203 saylı xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və icarə hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, torpaq sahəsi üzərində icarə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10916/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-142/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-671/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(118)- 142/2023 nömrəli qərardadı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Çarxı dəmir yolu stansiyasından ayrılan 1.0 km uzunluöunda olan dəmir yolu xətti cavabdehin və ya hər hansı qurumun balansında olmamışdır. Həmin xətt sonradan, ayrı-ayrı vətəndaşların vəsaitin hesabına çəkilmiş olmaqla müəyyən müddət istifadə edilmiş, sonradan yararsız hala düşmüşdür. 2005-ci ildə iddiaçı Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək həmin dəmir yolu xəttindən istifadə etmək arzusunda olduğunu bildirmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçsının xx.xx.2005-ci il tarixli 365/1 saylı sərəncamına əsasən həmin dəmir yolu xəttinin altındakı 2.0 ha torpaq sahəsi iddiaçının uzunmüddətli (99 il) icarəsinə verilmişdir. Bundan sonra tərəflər arasında 29 dekabr 2005-ci il tarixdə torpaq icarəsi müqaviləsi bağlanmışdır. İddiaçı həmin dalan dəmir yolu xətti üzərində əsaslı təmir və abadlaşdırma işlərini aparmışdır və dəmir yolu xətti və yerləşdiyi torpaq sahəsindən istifadə etmişdir. Təxminən 10 ildən sonra cavabdeh, daha doğrusu Çarxı dəmir yolu stansıyanını keçmiş rəisi tərəfindən iddiaçının dəmir yolu xəttindən istifadə etməsinə maneçilik törədilməsinə başlanılmışdır. Lakin mübahisələndirilən əmr barədə ona hem bir məlumat verilməmişdir. Çoxsaylı yazışmalardan sonra məum olmuşdur ki, hazırda mübahisələndirilən 31 may 2023-cü il tarixli 5203 saylı əmrlə cavabdeh dalan xəttini QSC-nin İnfrastruktur Departamenitnin balansına vermişdir. Bu fakt özü həmin xəttin heç kimin balansında olmasını təsdiq edir. Bununla bağlı iddiaçı ilkin olaraq Xaçmaz rayon Məhkəməsində iddia qaldırmışdır, daha sonra iddia aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsində uzunmüddətli araşdırma aparılsa da, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu izah edilmişdir. Daha sonra iddiaçı Bakl İnzibati Məhkəməsinə iddia ilə müraciət etmiş və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izah etdi ki, Xaçmaz rayonu, Çarxı dəmir yolu stansiyasından ayrılan, uzunluğu 960 p.m. olan dəmir yolu "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 5203 nömrəli əmrinə əsasən İnfrastruktur departamentinin 1 saylı müəssisəsinin balansına verilmiş və hazırda infrastruktur deparamentinin 1 nömrəli Xaçmaz yol sahəsinin istifadəsindədir. Xüsusi ilə vurğulamaq istəyirlər ki, sözügedən dəmir yolunun mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma normaları”na əsasən 20 metr təşkil edir. Göstərilənlərə əsasən "xxxx" QSC tərəfindən dəmir yoluna aid torpaq sahəsini xx.xx.2013-cü il tarixli 5203 nömrəli əmrlə İnfrastruktur departamentinin 1 saylı müəssisəsinin balansına vermişdir. Qanunvericiliyin tələbinə əsasən nəqliyyat təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz və Xaçmaz rayon İcra Hakimiyyətinin nə dəmir yolunu, nə də dəmir yolunun mühafizə zonasında yerləşən torpaq sahəsini hansısa vətəndaşın istifadəsinə vermək səlahiyyətinə malik olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalan"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. İş materiallarında olan: - Xaçmaz rayon İcra Hakimiyyəti başçsının xx.xx.2005-ci il tarixli, 365/1 nömrəli sərəncamından görünür ki, Xaçmaz rayonu, Çarxı dəmir yolu stansiyasından ayrılan 1,0 km uzunluğunda olan dalan dəmir yolu xəttinin altındakı 2,0 ha topraq sahəsi gələcəkdə həmin yolda əsaslı təmir və yenidənqurma işlərinin aparılması məqsədilə Goranboy rayonu, Məşədiqalar kənd sakini İddiaçı oğunun uzunmüddətli (99 il müddətinə) icarəsinə verilməsi qərara alınmışdır. - 29 dekabr 2005-ci il tarixdə Xaçmaz rayonu Çarxı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqaviləsindən görünür ki, həmin müqavilənin predmetini Xaçmaz Rayon İcra Hakimiyyəti başçsının xx.xx.2005-ci il tarixli, 365/1 nömrəli sərəncamına əsasən dalan dəmir yolu xəttinin istifadəsi, gələcəkdə əsaslı təmiri və yenidənqurma işlərinin aparılması məqsədilə icarəyə verilməsi təşkil edir. Müqavilə 99 il müddətinə bağlanılmışdır. - Xaçmaz rayonu Çarxı bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, həmin sənəd İddiaçı icarəyə verilmiş torpaq sahəsinə dair tərtib edilmişdir. - "xxxx" QSC tərəfindən verilmiş məktubdan görünür ki, Çarxı stansiyasının tək boğazında 17 saylı yoldəyişəndən ayrılan uzunluğu 960 p/m dəmir yolu xətti Cəmiyyət sədrinin xx.xx.2013-cü il tarixli 5203 nömrəli əmri ilə İnfrastruktur departamentinin balansına verilmişdir. - "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Çarxı stansiyasının tək boğazında 4-cü yol üzərində 17 saylı yoldəyişəndən ayrılan uzunluğu 960 p/m olan və inşa olunandan etibarən "xxxx" QSC (ADY) tərəfindən istifadə olunan dalan dəmir yolu xətti ADY sədrinin xx.xx.2013-cü il tarixli 191/s nömrəli əmrinə əsasən həmin ildə ADY-nin İnfrastruktur departamentinin 1 saylı müəssisəsinin balansına qəbul edildikdən sonra xətdə yenidənqurma işləri aparılmış və ADY-nin Nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmuşdur. Belə ki, şimal istiqamətində gedən yüklər həmin dalan dəmiryolu xəttində yüklənib boşaldılmaqdadır. Nəzərinizə çatdırırıq ki, ADY-nin balansına keçdikdən sonra adıçəkilən dalan dəmir yolu xətti barədə məlumatlar ADYnin bütün uçot səndələrində öz əksini tapmış, həmçinin onunla bağlı hər il statistik məlumatlar müvafiq dövlət orqanına təqdim olunmuşdur. Sözügedən dalan dəmir yolu xətti inşa edildiyi tarixdən etibarən ADY tərəfindən istifadə edilsə də, 2013-cü ilədək ADY-nin və ya digər başqa bir qurumun balansında olmamışdır. - Məhkəmə sorğusuna əsasən Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 675 nömrəli məktubdan görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 365/1 saylı sərəncamın və ona əlavə olunmuş ərizənin təsdiqlənmiş arxiv surəti məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Xaçmaz rayon icra Hakimiyyəti Başçısının 28 dekabr 2005-ci il tarixli, 365/1 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsi elektron xəritə məlumatlarına əsasən dövlət mülkiyyətində olub və hal-hazırda dövlət mülkiyyətinə (kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) aiddir. Torpaq sahəsinin "Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Ona görə də, kimin balansında olmasını təyin etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Göründüyü kimi, mülki qanunvericilik torpaq sahəsinin icarəyə verilməsini nəzərdə tutur, lakin, torpaq icarəsi ilə bağlı normaların ayrı olduğu qeyd edilir. Bu münasibətlərin tənzimlənməsi Torpaq Məcəlləsi, Torpaq icarəsi haqqında Qanun, digər torpaq qanunvericiliyinə aid olan normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən hesab edilir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmiş, lakin 2013-cü ilə qədər kimin balansında olması barədə məlumat alınmamışdır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əmrin məzmununda da göstərilən dəmir yolu xəttinin sahibsiz olduğuna görə yolda cari təmir işlərinin aparılmadığı və bu səbəbdən də vaqonların hərəkət təhlükəsizliyinin təmin olunmadığı əsas kimi göstərilərək Yol İnfrastrukturu Departamentinin balansına qəbul edilmişdir. Bundan başqa iddiaçı həmin torpaq sahəsini zəbt etməmiş, onun uzun illər ərzində, ən azı 2005-ci ildən göstərilən dəmir yolu xəttindən istifadə etməsi aşkar görünmüşdür və cavabdeh və ya hər hansı qurum tərəfindən bu istifadəyə maneçilik törədilməmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkyyətində olmasını nəzərə alan iddiaçı yerli icra hakimiyyəti orqanına müraciət etmiş və həmin orqanın sərəncamına əsasən torpaq sahəsi onun qanuni sahibliyinə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz ; 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X3rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanınmışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh uzun müddət iddiaçının həmin dəmir yolu xəttindən istifadə etdiyinin şahidi olsa da, hər hansı narazılığını bildirməmiş və qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməmişdir. Başqa sözlə iddiaçının dəmir yolu xəttindən istifadəsini qanunsuz hesab etsə də, heç bir iradını bildirməməklə faktiki olaraq susmuş və bununla da razılığını bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən, yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Torpaq sahəsi iddiaçının icarəsinə ayrılarkən, müvafiq icra hakimiyyəti orqanı olaraq, yerli icra hakimiyyətinin Sərəncamı ilə nəzərdə tutulmuş qaydada yerquruluşu işləri həyata keçirilmiş və xəritədən çıxarış hazırlanaraq, müvafiq qurumlar tərəfindən təsdiq edilmişdir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci bəndinə əsasən, bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 nömrəli Fərmanında Məcəllədə müfaviq icra hakimiyyəti kimi göstərilən orqanlar müəyyən edilmişdir. Bu Fərmanın hər hansı bəndində "xxxx" QSC müvafiq icra hakimiyyəti orqanı kimi qeyd edilməmiş, digər istinad olunan normalarda isə iddiaçınnı icarə hüquqlarının həyata keçirilməsi ilə bağlı hər hansı irad, məhdudiyyət, yaxud qadağa olmamışdır. “Torpaq icarəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar icarəyə verilə bilər. ““Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003cü il tarixli 972 nömrəli Fərmanına əsasən, bəhs edilən torpaq sahəsinə münasibətdə müvafiq icra hakimiyyəti səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. “Torpaq icarəsi haqqında” Qanunun 22-ci maddəsinə əsasən, icarəçi, torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədi ilə tikililər və avadanlıqlar quraşdırmaq; dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək kimi hüquqlara malikdir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Beləliklə, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması aşkardır və işin mübahisəsiz halıdır. Həmin torpaq sahəsinin yerli icra hakimiyyəti orqanı tərəfindən icarəyə verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh orqanın sonradan həmin dəmir yolu xəttinin sahibsiz kimi qiymətləndirərək öz balansına qəbul etməsi əsassız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq bir neçə ildir cavabdeh həmin dəmir yolu xəttinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair sərəncamdan xəbərdar olsa da, hazıradək həmin sərəncamı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyişəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 5203 saylı xx.xx.2023cü il tarixli əmri ləğv edilsin və Xaçmaz rayon İcra Hakimiyyəti Başçsınını xx.xx.2005-ci il tarixli 365/1 saylı “Uzunmüddətli icarəyə torpaq sahəsinin ayrılması haqqında” sərəncamı və digər hüquqmüəyənedici sənədlər əsasında yaranmış icarə hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh "xxxx" QSC tərəfindən yaradılan maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2186/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2186/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver