Məhkəmə qərarları › İş №2-1(118)-2189/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2189/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2189/2021 04.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı qızının cavabdeh Siyəzən rayon Dövlət Notariat Konturuna qarşı “Siyəzən rayon Dövlət Notariat Konturunda 30.07.1993-cü il tarixli, 2KH-231 reyester nömrəsi ilə təstiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında iddiaçı Əlİddiaçı Rəhmər qızına “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı qızı cavabdeh Siyəzən rayon Dövlət Notariat Konturuna qarşı “Siyəzən rayon Dövlət Notariat Konturunda 30.07.1993-cü il tarixli, 2KH-231 reyester nömrəsi ilə təstiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında iddiaçı Əlİddiaçı Rəhmər qızına “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və 1958-ci ildə tikilmiş ev ilk öncə X3 mülkiyyətində olmuşdur. Mülkiyyətçi X4 08 noyabr 1992-ci ildə vəfat etmiş və Siyəzən rayonu Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16.06.1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən qanun üzrə vərəsə kimi onun həyat yoldaşı Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı müəyyən olunmuşdur. Mirası qəbul edən Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı da öz növbəsində notarial qaydada vəsiyyətnamə yazmış və bu vəsiyyətnamə Cavabdehndə 30 iyul 1993-cü il tarixdə 2KH-231 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Sözügedən vəsiyyətnaməyə əsasən vəsiyyət edənin vəfat edəcəyi təqdirdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi evi, əmlakı və VAZ-2101 markalı, 1974-cü il buraxılışlı avtomaşını iddiaçı - İddiaçı vəsiyyət edilmişdir. Vəsiyyət edən Məmmədova (Hadıyeva) Saadət Hacəli qızı 03.05.2006-cı il tarixdə vəfat etsə də, bundan sonra İddiaçı tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. İddiaçı tərəfindən 2020-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün ilk dəfə Cavabdehnə müraciət edilmiş və Cavabdeh tərəfindən 20.10.2020ci il tarixli, 211 nömrəli məktubla Dövlət Notariat Arxivinə müraciət olunaraq, 03.05.2006-cı il tarixdə vəfat etmiş X2 adına vəsiyyətnamənin olması və ya ləğvi barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, bundan sonra məktubun nəticəsi barədə iddiaçıya heç bir məlumat verilmədiyi üçün iddiaçı öz təşəbbüsü ilə Dövlət Notariat Arxivinə müraciət etmiş və Dövlət Notariat Arxivinin 17.09.2021-ci il tarixli, 05/01-2/147/13 nömrəli məktubu ilə bildirilmişdir ki, Cavabdehndə 1993-cü ilə dair rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir və bu səbəbdən vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması imkan xaricindədir. Ona məlum olmayan səbəbdən, 1993-cü ilə dair sənədlər Dövlət Notariat Arxivinə təhvil verilmədiyi üçün, iddiaçı tərəfindən təkrarən 09.10.2021 -ci il tarixli ərizə ilə Cavabdehnə müraciət olunmuş və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi təkrarən xahiş olunmuşdur. Lakin, Cavabdeh 20.10.2021-ci il tarixli, 517 nömrəli cavab məktubu ilə, mərhum X1 miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar Siyəzən rayon DNK-da 30.07.1993-cü ildə 2kh-231 reyestr nömrəli vəsiyyətnamə ilə əlaqədar heç bir məlumatın aşkar olunmadığı bildirilmiş və hüquqlarının bərpası üçün Məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək iddia tələbinə baxıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə Nazirliyi və onun yerli qurumları (o cümlədən dövlət notariusları) inzibati orqan sayılırlar. Hazırkı iddia tələbinə mübahisənin mahiyyəti baxımından inzibati icraat qaydasında baxılması mümükün deyil. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Dövlət notariusu tərəfindən edilməsi tələb edilən hüquqi hərəkətlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən Dövlət notariusu tərəfindən yerinə yetirilən notariat hərəkətləri aşağıdakılardan ibarətdir: Dövlət notariusu--1) əqdləri və etibarnamələri təsdiq edir; 2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; 4) ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; 5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; 6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; 7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; 8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; 9) şəxsin sağ olması faktını təsdiq edir; 10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; 11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; 12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; 13) fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; 14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; 15) icra qeydləri aparır; 16) veksellərə protestlər tərtib edir; 17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; 18) sənədləri saxlanmaq üçün qəbul edir; 19) dəniz protestləri tərtib edir; 20) sübutları təmin edir. Qeyd olunan 20 notariat əməliyyatından 5 notariat əməliyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və digər mülki xarakterli Qanunların müddəaları əsasında qəbul edilən və hüquqi nəticə yaradan hərəkətlərdən, digər 15 notariat əməliyyatını isə Notariat haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində qeyd olunmuş notariusun subyektiv hüquqları və daxili inamı əsasında həyata keçirilən hüquqi xidmətlərdən ibarətdir. Belə ki, qeyd olunan 5 notariat əməliyyatları üzrə, yəni: --əqdləri və etibarnamələri təsdiq edərkən notariuslar Mülki Məcəllənin Xİİİ-XVİ fəsillərinə (maddələr 144-146, 324-366, o cümlədən Mülki Məcəllənin xüsusi hissənin 567- 882 maddələrinə), --miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsi zamanı notariuslar Mülki Məcəllənin LXXİİİ fəsillərinə (maddələr 1317-1320), --vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən notariuslar Mülki Məccələnin X bölməsinə (maddələr 1133-1325); --ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verərkən notariuslar Mülki Məccələnin 1162-ci maddəsinə; --yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verərkən notariuslar Mülki Məcəllənin 414-416-cı maddələrinə istinad etməklə hüquqi hərəkətlər yerinə yetirir. Yerdə qalan digər 15 notariat əməliyyatlarının həyata keçirilməsi zamanı maddi hüquq normalarına istinad edilməsinə zərurət yoxdur. Yəni həmin notariat əməliyyatları təqdim edilmiş xidmət haqqı müqabilində hüquqi xidmətin həyata keçirilməsindən ibarətdir. Belə ki, qeyd olunan 15 notariat əməliyyatı üzrə, yəni : --sənədlərin surətləri və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi zamanı notariuslar tərəfindən surət kimi təqdim edilmiş sənədlərin sənədin həqiqiliyinə uyğun olması yoxlanılır, --sənədlərdəki imzaların həqiqiliyini təsdiq edərkən sənədin məzmunun əqdin şərhindən ibarət olmamasına və imzanın müvafiq şəxsə məxsus olmasını müəyyən edilir, --sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edərkən tərcüməçinin imzasının həqiqiliyi, notariusun özü müvafiq dili bildiyi tədqirdə tərcümənin düzgünlüyü təsdiqləyir, --şəxsin sağ olması faktını təsdiq edərkən təqdim olunmuş şəxsin sağ olmasını müəyyən edir, --şəxsin müəyyən yerdə olması faktını təsdiq edərkən onun həmin ərazidə olmasını təsdiq edir, --şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; --sənədlərin təqdim olunduğu vaxtı təsdiq edərkən təqdim edilmə saatına, gününə, ayına, ilinə diqqət yetirilir, --fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verərkən başqa şəxsin kimliyini müəyyən edir, --öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edərkən, həmin əşyaların dəyərini, həqiqliyini və hansı müddətə qədər saxlanılmasını dəqiqləşdirir, --icra qeydləri apararkən müvafiq müqavilə üzrə aparılmasını dəqiqləşdirir, --veksellərə protestlər tərtib edərkən veksellərin ödənilməməsini, aksept olunmamasını və ya aksept tarixinin qoyulmamasını dəqiqləşdirir, --çekləri ödənilmək üçün təqdim edərkən və çeklərin ödənilmədiyini təsdiq edərkən çeklərin üzərində müvafiq qeydlər aparır, --sənədləri saxlanmaq üçün qəbul edərkən təqdim edilmiş sənədlərin sayını və həqiqiliyini müəyyən edir, --dəniz protestlərini tərtib edərkən gəmi sahibinə qarşı gəmi kapitanı tərəfindən əmlak tələbi irəli sürülməsi məqsədi ilə gəmi kapitanı tərəfindən təqdim edilmiş aktı qəbul edir və şahidlərinin imzasının həqiqiliyini təsdiq edir, --sübutların təmin edilməsi zamanı notarius şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, notariuslar tərəfindən həyata keçirilən notariat əməliyyatlarının hamısı hüquqi nəticələr yaradan əməliyatlardan ibarət deyil. Yəni notariuslar tərəfindən həyata keçirilməli olan 20 notariat əməliyyatlarının 15 növ notariat əməliyyatı notariuslar tərəfindən göstərilən hüquqi xidmətlərə daxildir. Ona görə də məhkəmə hesab edir ki, dövlət notariusları tərəfindən xidmət növlərinə aid olmayan notariat hərəkətlərindən, yəni qeyd olunan 5 növ notariat əməliyyatı üzrə verilmiş iddia tələblərinə ümumi iddia icraatı qaydasında ümumi məhkəmələr, xidmət növlərinə aid edilən, yəni yuxarıda qeyd olunan 15 növ notariat əməliyyatlarından verilən iddia tələbinə isə inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin predmetinin dövlət notariusları tərfindən həyata keçirilən xidmət növlərinə aid olmayan, yəni notariusun üzərinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şahadətnamənin verilməsi öhdəliyinin qoyulması ilə bağlı İddiaçı iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. İddiaçı Cavabdehnə qarşı qaldırdığı iddia tələbinə cavabdehin olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmə hüququnun olması tövsiyyə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı qızının cavabdeh Siyəzən rayon Dövlət Notariat Konturuna qarşı “Siyəzən rayon Dövlət Notariat Konturunda 30.07.1993-cü il tarixli, 2KH-231 reyester nömrəsi ilə təstiq edilmiş Məmmədova (Hadıyeva) Saadət Hacəli qızının vəsiyyətnaməsi əsasında iddiaçı Əlİddiaçı Rəhmər qızına “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia tələbi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar