Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2193/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı Çuqunova Aidə Pərvizovnanın, İddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı Çuqunova Aidə Pərvizovnanın cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında 02.04.1998-ci ildə 195 saylı aktla Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VVAQ idarəsi tərəfindən iddiaçının doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı-İddiaçı 26.03.1998-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Noqinsk şəhərində anadan olmuş, onun doğum faktı Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VV AQ idarəsi tərəfindən 02.04.1998-ci ildə 195 saylı aktla qeydə alınıb. X5 Lvovna Rusiya Federasiyası vətəndaşı olub, o, 2019-cu ildə Moskva şəhərində vəfat edib. Atası İcrai Pərviz Behruz oğlu Azərbaycan Respublikası vətəndaşı olub, o, Şirvan şəhəri, M.S. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olub. Atası 08.02.2019-cu il tarixdə Şirvan şəhərində vəfat edib. İddiaçı doğulan zaman valideynləri nikahda olmadığından və doğum faktı qeydə alınarkən atalıq müəyyən edilmədiyindən onun doğum akt qeydində soyadı anaın soyadına əsasən “Çuqunov” yazılıb. Təxminən 2000-ci ildə valideynlərilə birgə Azərbaycana gəlmiş, atasının dediyinə görə ana nənəsi vəfat etdiyi üçün anası Rusiyaya geri qayıdıb. Ondan sonra anasını heç vaxt görməmiş, o vaxtdan Azərbaycanda yaşayır. 2015-ci ildə Şirvan şəhər 10 saylı tam orta məktəbin 5-ci sinfini bitirmiş, sonra təhsilini davam etdirməmişdir. 2020-ci ildə X3 ilə ailə qurmuş, şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmiş, yoldaşı 15.08.1987-ci ildə Sumqayıt şəhərində anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Hazırda, ünvan 3 ünvanda da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmışdır. Heç vaxt şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Doğum haqqında şəhadətnaməsi isə itib. Onda yalnız doğum haqqında şəhadətnaməsinin surəti qalıb. Sənədsiz şəxsdir. Artıq onun 23 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş, BMT QAK-m himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Belə ki, atası İcrai Pərviz Behruz oğlu Azərbaycan Respublikası vətəndaşı olduğu üçün iddiaçı 2019-cu ildə “Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi” üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Dövlət Miqrasiya Xidməti ona 03 may 2019-cu il tarixli məktubla cavab verdi ki, İcrai Pərviz Behruz oğlunun onun atası olması faktını təsdiq edən sənədi Dövlət Miqrasiya Xidmətinə təqdim etdikdən sonra onun “Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyətinin tanınması” ilə bağlı araşdırma aparıla bilər. İddiaçının isə doğum haqqında şəhadətnaməsi olmadığı üçün “atalığın tanınması faktının müəyyənləşdirilməsi” üçün məhkəməyə müraciət edə bilmir. Bu səbəbdən də, o Azərbaycan Respublikası vətəndaşından doğulduğunu sübut edə bilmir. Nəticədə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilmir. Eyni zamanda, doğum haqqında şəhadətnaməsi olmadığı üçün iddiaçı Rusiyanın Azərbaycandakı Səfirliyindən Rusiya vətəndaşının pasportunu da ala bilmir. Beləliklə o, şəxsiyyətini təsdiq edən sənəd olmadan yaşayır. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin doğumu Rusiya Federasiyasında qeydə alındığından, onun isə şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığından Rusiya Federasiyasına gedib həmin sənədi ala bilmir. 06.10.2021-ci il tarixdə yaşayış yeri üzrə Cavabdehnə müraciət edərək “məndən şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında 02.04.1998-ci ildə 195 saylı aktla Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VVAQ idarəsi tərəfindən onun doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnaməsinin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini” təmin etmələrini xahiş etmiş, Cavabdeh onun müraciətinə 13.10.2021 -ci il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir. “Sizin təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun” 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamələr əsasında digər şəxslərə verilə bilər”. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh imtina cavabında ‘‘Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” ifadəsini vurğulamaqla dolayısı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 9.8-ci bəndinə istinad edib. Belə ki, həmin müddəaya görə, qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Hesab edir ki, həmin müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsiylə təmin olunmuş şəxslərə aiddir. Onun işinin hallarından görünür ki, onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu, müstəsna haldır, lakin bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Bu halda onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün Rusiya Federasiyasının müvafiq qurumlarına sorğunun göndərilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, onun şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması Rusiya Federasiyasının müvafiq qurumlarına onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün sorğunun göndərilməsindən imtina üçün legitim səbəb təşkil edə bilməz. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı və onun vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun” 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamələr əsasında digər şəxslərə verilə bilər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 05/q-1400/15 nömrəli, 13.10.2021-ci il tarixli imtina məktubu, etirazı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 982-21-00010 nömrəli himayə sənədinin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 03.05.2019-cu il tarixli məktubu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15/164 nömrəli, 20.05.2021-ci il tarixli arayışın notarial qaydada təsdiqlənmiş surəti, Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VV AQ idarəsi tərəfindən verilmiş 17.04.2012-ci il tarixli, 685878 nömrəli təkrar Doğum haqqında Şəhadətnamənin (tərcümə olunmuş şəkildə) notarial qaydada təsdiqlənmiş surəti, 13.02.2019-cu il tarixli, 992622 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan təkrar doğum haqqında şəhadətnamənin verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Qeydiyyat şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının hal-hazırda müvəqqəti məskunlaşdığı yer Cavabdeh xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması səlahiyyəti Cavabdehnə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Aidə Çuqunova Cavabdehnə müraciət etmiş və inzibati orqanın 05/q-1400/15 nömrəli, 13.10.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İş materiallarıda olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 02.04.1998-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Noqinsk şəhərində anadan olmuşdur. Onun doğumu Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VVAQ idarəsi tərəfindən qeydiyyata alınmışdır. Bu barədə Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VV AQ idarəsi tərəfindən verilmiş 17.04.2012-ci il tarixli, 685878 nömrəli təkrar Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş kserosurəti iş materiallarına əlavə edilmişdir, iddiaçı 2020-ci il tarixdə 2020-ci ildə X3 ilə ailə qurmuş, şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmiş, həyat yoldaşı 15.08.1987-ci ildə Sumqayıt şəhərində anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşıdır və hal-hazırda ünvan 3 ünvanda da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmışdır. Heç vaxt şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Doğum haqqında şəhadətnaməsi isə itib. Onda yalnız doğum haqqında şəhadətnaməsinin surəti qalıb. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş, BMT QAK-m himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Belə ki, atası İcrai Pərviz Behruz oğlu Azərbaycan Respublikası vətəndaşı olduğu üçün iddiaçı 2019-cu ildə “Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi” üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Dövlət Miqrasiya Xidməti bildirmiş ki, İcrai Pərviz Behruz oğlunun onun atası olması faktını təsdiq edən sənədi Dövlət Miqrasiya Xidmətinə təqdim etdikdən sonra onun “Azərbaycan Respublikasına vətəndaşlıq mənsubiyyətinin tanınması” ilə bağlı araşdırma aparıla bilər. İddiaçının isə doğum haqqında şəhadətnaməsi olmadığı üçün “atalığın tanınması faktının müəyyənləşdirilməsi” üçün məhkəməyə müraciət edə bilmir. Bu səbəbdən də, o Azərbaycan Respublikası vətəndaşından doğulduğunu sübut edə bilmir. Nəticədə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilmir. Lakin iddiaçının doğumu Rusiya Federasiyasınd qeydə alındığından, onun şəxsiyyətini təsdiq edən sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, iddiaçı göstərilən tələblə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən şəxsiyyətini təsdiq edən sənədin olmaması əsas göstərilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin l bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 69-cu maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı otmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının- milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və diger qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsiriəndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlerin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və həmin himayə sənədi əsasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona məxsus doğum haqqında şəhadətnamə ilə gəlmiş, sadəcə həmin sənəd sonradan naməlum səbəbdən şəhadətnamə itmişdir. Lakin bu halın olması şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 982-21-00010 nömrəli himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Bele ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, Abşeron rayonu, Saray qəsəbəsi, H. Aslanov küçəsi ev 39 ünvanına qeydiyyata almışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən-BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyat alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VV AQ idarəsi tərəfindən 02.04.1998-ci ildə 195 nömrəli akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasım təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında 02.04.1998-ci ildə 195 nömrəli aktla Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Noqinsk VVAQ idarəsi tərəfindən iddiaçının doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2193/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2193/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver