Məhkəmə qərarları › İş №2-1(118)-2197/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2197/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2197/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci ildə iddiaçının əlillik təyinatı dayandırıldıqdan sonra, xx.xx.2021-ci ildən ona cavabdeh tərəfindən əlillik dərəcəsi verilmişdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, dayandırılmış müddət üçün ödənilməmiş müavinətin ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan onun tələbini təmin etməmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iddiaçının nümayəndəsinə əlilliyə görə müavinətin verilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətində olmaması bildirilsə də iddiaçının nümayəndəsi iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddia tələbinin mahiyyəti əlilliyə görə müavinətin verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın səlahiyyətləri əlilliyin təyin edilməsi və ya dayandırılmasından ibarətdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik təyinatını etdikdən sonra şəxs müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondu) müraciət edir və həmin əsaslarla ona əlillik müavinəti qanunvericiliyin tələblərinə uyğun olaraq verilir. Lakin məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabdeh təşkilat tərəfindən əlilliyin xx.xx.2021-ci ildən deyil xx.xx.2020-ci ildən təyin edilməsi, yəni xx.xx.2021-ci il təyinatını mübahisələndirilməsi təklif edilsə də iddiaçının nümayəndəsi verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh inzibati orqanın müvafiq iddiaya cavab verməli olmadığını nəzərə alaraq iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar