Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2198/2025 11.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli protokol 03 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0.0247 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt Bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli protokol 03 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0.0247 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 1997-ci ildə Vəsxanım Cabarova adlı şəxsdən “Saray” bağları massivində yerləşən və onun həyat yoldaşı X3 istifadəsinə verilmiş sahəsi 0,25 ha olan 2729 nömrəli bağ torpağının 270 kvadrat metr hissəsini müəyyən məbləğdə pul verərək qeyri-rəsmi qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında almışdır. Lakin sözügedən torpaq sahəsi mərhum icarəçinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmədiyindən, aldığı torpağın hüquq müəyyənedici sənədi də verilməmişdir. Həmin dövrdə dəfələrlə Sumqayıt Bələdiyyəsinə müraciət edərək faktiki istifadə etdiyi torpaq sahəsinin sənədləşdirilməsinə cəhd göstərsə də, bələdiyyədə hər dəfə müxtəlif bəhanələr gətirilərək torpağının sənədləşdirilməsindən imtina olunmuşdur. Bu səbəbdən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərək torpağa və üzərində inşa etdirdiyi yaşayış evinə mükiyyət hüququnun tanınmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2-(060)-2247/2008 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri “Saray” bağları massivinin ərazisində yerləşən və X2 icarəsində olmuş 2729 nömrəli bağ sahəsinin 0,027 ha hissəsinin mülkiyyətinə verilməsi vəzifəsi Sumqayıt şəhər Bələdiyyəsinə həvalə edilmiş və həmin torpağa mülkiyyət hüququ verildikdən sonra orada olan yaşayış evinin və digər tikililərin adına qeydiyyata alınması vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən icra olunmuş və faktiki istifadə etdiyi sahəsi 270 kvadrtat metr olan bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 24 fevral 2009cu il tarixli,03 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Hətta torpaq sahəsi mülkiyətinə verilərkən torpağın alqı-satqı haqqı olaraq 486(dör yüz səksən altı) manat pul vəsaiti də bələdiyyədə iddiaçıdan alınmışdır.Bir müddət əvvəl göstərdiyi bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmək məqsədi ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh torpaq üzərində hüququnun qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən müraciətinə 14 avqust 2024-cü il tarixli məktubla cavab verilərək 2009-cu ildə bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasının həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmadığından, müraciətinin icrasının təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh mülkiyyətinə verilmiş torpaq üzərində hüququnun qeydiyyatının aaprılmasından imtina etməklə, hesab edir ki, aşkar qanun pozuntusuna yol vermişdir. Sözügedən imtina məktubunda göstərilənlər həmin bağ sahəsi üzərində hüququnun yaranmaması üçün əsas sayıla bilməz, çünki qeyd edilən bağ sahəsi qüvvədə olan bələdiyyə qərarı əsasında mülkiyyətinə verilmişdir. Hesab edir ki, cavabdehin imtinanın əsası kimi göstərdiyi dəlillərin hüquqi əsası yoxdur. Belə ki, qüvvədə olan qanun normalarına əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən mülkiyyətinə satılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Cavabdehin müraciətindən imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun “Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi” adlanan 10-cu maddəsinin tələbləri ilə ziddiyyət yaradır. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3- hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərildiyi halda,cavabdehin imtinasında istinad etdiyi hallar qanunvericiliklə hüququn qeydiyyata alınmasından imtina halları olaraq müəyyən edilməmişdir.Bütün bu sadalananları nəzərə alaraq pozulmuş hüququnun bərpası və cavabdeh tərəfindən yol verilmiş qanunsuzluğun aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 2729 ünvanında ümumi sahəsi 0.027 ha olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, 2009-cu ildə bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması, həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmadığı üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, müraciətə torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmişdir. Odur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-2247/2008 saylı 28 avqust 2008-ci il tarixli Qətnaməsi ilə Sumqayıt bağlarının «Saray» bağlar massivində yerləşən və X2 icarəsində olmuş 2729 saylı bağ sahəsinin 0,027 ha hissəsinin İddiaçı mülkiyyətinə verilməsi vəzifəsi Sumqayıt şəhər Bələdiyyəsinə həvalə edilmiş və həmin torpağa ona mülkiyyət hüququ verildikdən sonra orada olan yaşayış evinin və digər tikililərin onun adına qeydə alınması vəzifəsi DƏRXİ-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt şəhər bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli 03 saylı Qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli qətnaməsinin icrası təmin edilmiş, Saray bağları massivində yerləşən 2729 saylı bağ sahəsinin 0.027 hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli məktubu ilə Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2009-cu ilə dair 03 saylı iclas protokolundan qərarı və ona əlavə edilmiş sənədlərin kserosurəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 11 mart 2025-ci il tarixli 3-21-3- 31/2—851/2025 saylı məktubu ilə torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Faktiki olaraq hasar daxili 247.0 kv.m təşkil edir. Torpaq sahəsi daxilində yaşayış evi və həyət tikililəri mövcuddur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-2247/2008 saylı 28 avqust 2008-ci il tarixli Qətnaməsi ilə Sumqayıt bağlarının «Saray» bağlar massivində yerləşən və X2 icarəsində olmuş 2729 saylı bağ sahəsinin 0,027 ha hissəsinin İddiaçı mülkiyyətinə verilməsi vəzifəsi Sumqayıt şəhər Bələdiyyəsinə həvalə edilmiş və həmin torpağa ona mülkiyyət hüququ verildikdən sonra orada olan yaşayış evinin və digər tikililərin onun adına qeydə alınması vəzifəsi DƏRXİ-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt şəhər bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli 03 saylı Qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli qətnaməsinin icrası təmin edilmiş, Saray bağları massivində yerləşən 2729 saylı bağ sahəsinin 0.027 hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, 2009-cu ildə bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması, həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmadığı üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, müraciətə torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli 03 saylı Qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Sumqayıt bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli qərarı Sumqayıt şəhər Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, 2(060)-2247/2008 saylı qətnaməsinin icrası qaydasında qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 15.5. Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur. Bundan əlavə məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Faktiki olaraq hasar daxili 247.0 kv.m təşkil edir. Torpaq sahəsi daxilində yaşayış evi və həyət tikililəri mövcuddur. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 24 fevral 2009-cu il tarixli 03 nömrəli protokol-qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.0247 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyetrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2198/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2198/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver