Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-22/2024 23.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin **********17 saylı xx.xx.2021-ci il tarixli məktubunun (bildirişinin) etibarsız hesab edilməklə,Sumqayıt şəhəri, Saray Bağlar massivində xüsusi mülkiyyətində ümumi sahəsi 2,12 ha olan B-4520 nömrəli torpaq sahəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun inşa etdiyi fərdi yaşayış evini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeyd alınmaqla onun adına müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhəri, Saray Bağlar massivində xüsusi mülkiyyətində ümumi sahəsi 2,12 ha olan B-4520 nömrəli torpaq sahəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun inşa etdiyim fərdi yaşayış evini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeyd alınmaqla mənim adıma müvafiq çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Lakin cavabdeh **********17 saylı xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) müraciətinin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, güya bağ evinə müayinə baxışı keçirilərkən, bağ evinin 101,0 kv.m hissəsinin sənəd üzrə ayrılmış torpaq sahəsinin sərhəddindən kənarda, zəbt torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.Tikilialtına düşən, mülkiyyətdə olan torpaq sahəsindən kənarda zəbt torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim etdikdən sonra müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.İlk növbədə qeyd edir ki, fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Quliyev Vahid Tofiq oğlu Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4520 ünvanında yerləşən bağ evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 19 aprel 2021-ci il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır.Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Quliyev Vahid Tofiq oğluna bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün bağ evinə müayinə baxışı keçirilərkən, bağ evinin 101.0 kv.m hissəsinin sənəd üzrə ayrılmış torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, tikilialtına düşən, mülkiyyətdə olan torpaq sahəsindən kənarda, zəbt torpaq sahəsində yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edildikdən sonra müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4520 ünvanda yerləşən bağ evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi Quliyev Vahid Tofiq oğluna 03 iyun 2021 -ci il tarixli **********17 qeydiyyat nömrəli bildiriş göndərilmişdir.Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş inzibati işin icraatının dayandırılmasına münasibətdə bildirilir ki, iddiaçı tərəfindən ərizəsində qeyd olunan iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırması və həmin iddianın hüquqi nəticələrinin mücərrəd xarakterli olması səbəbindən hazırkı, iddia tələbi üzrə icraatın dayandırılması məqsədəmüvafiq deyil. Belə ki, iddiaçı tərəfindən bələdiyyəyə qarşı müvafiq iddia tələbi ilə müraciət olunduqda və həmin iddia tələbi təmin olunduqda, DƏDRX tərəfindən gətirilən arqument əsassız olacaq və hazırkı iddia tələbində göstərilən tələbin reallaşdırılması üçün hər hansı bir əks arqument mövcud olmayacaq. Qeyd olunan haldan sonra da cavabdeh iddiaçının qanuni tələbini yerinə yetirməkdən boyun qaçırsa yeni əsasla cavabdehə qarşı iddia qaldırmaq hüququnu iddiaçı özündə saxlayır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********17 saylı xx.xx.2021-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, DƏDRX tərəfindən verilmiş, **********74 reyestr nömrəli çıxarışın surəti, fərdi yaşayış evinin eskiz layihəsinin surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2392/2023 nömrəli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan fərdi yaşayış sahəsinə istifadə hüququnun yaranması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********17 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Torpaq sahəsinin Abşeron rayon ərazisində olması və cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2392/2023 nömrəli mütəxəssis rəyindən müəyyən olundu ki, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 90.0 m2 hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə olan halda cavabdehin imtinası qanuni olmuşdur. Göründüyü kimi qanunvericiliyə əsasən özgənin mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsi qadağandır. Bu səbəbdən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsində tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlasdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri həmin obyektlərin qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin **********17 saylı xx.xx.2021-ci il tarixli məktubunun (bildirişinin) etibarsız hesab edilməklə,Sumqayıt şəhəri, Saray Bağlar massivində xüsusi mülkiyyətində ümumi sahəsi 2,12 ha olan B-4520 nömrəli torpaq sahəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəyə uyğun inşa etdiyi fərdi yaşayış evini hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeyd alınmaqla onun adına müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-22/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-22/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver