Məhkəmə qərarları › İş №2-1(118)-2202/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2202/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2202/2023 11.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 25 yanvar 2023-cü il 05/Q-67/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı, xx.xx.1984-cü il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verıiməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin sonuncu onun ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından Şamaxı rayon Göylər kənd icra nümayəndəliyində xx.xx.1984-cü ildə 229 nömrə ilə qeydə alınmış təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, bildirmişdirki, yangın zamanı sənədləri yanmışdır, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi istəyir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. İddiaçının şəxsiyyət vəsiqəsi olmasa da, məhkəmə araşdırması zamanı iddiaçının şəxsiyyətini müəyyən edəcək sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə araşdırası zamanı İddiaçı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. 15722 saylı hərbi bilet əvəzi arayışdan görünür ki, iddiaçı 2002-2004-cü illərdə hərbi xidmət keçmişdir. ƏN PX-in 12 saylı CM-si forma B-, seriya AZ-2, 2645 saylı arayışında 1984-cü il tarixdə doğulmuş İddiaçı 11 aprel 2016-cı ildən 30 dekabr 2022-ci ilədək cəza çəkdiyi və Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 12 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu qeyd edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 yanvar 2023-cü il tarixli arayışında qeyd edilir ki, 2004-cü ildə İddiaçı yaşadığı ev baş vermiş yanğın nəticəsində tamamilə yanmışdır. Bu zaman evdən heçbir əşyanı çıxarmaq mümkün olmamışdır. Hadisə zamanı Fərzaliyeva və digər ailə üzvlərinə məxsus sənədlər evdə qalaraq yanmışdır. Bundan sonra İddiaçı həbsə düşmüş və özünə sənəd almamışdır. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 may 2023-cü il tarixli, 5-75-26/2-275/2023 saylı şəkilli arayışında İddiaçı 30 sentyabr 1984-cü il tarixdə doğulduğu, hal-hazırda Şamaxı rayonun Göylər kəndində yaşadığı qeyd edilmişdir. şəkildəki şəxs İddiaçı özüdür. Göründüyü kimi İddiaçı şəxsiyyətini müəyyən edən məlumatlar adıçəkilən sənədlərdə öz əksini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə verilməli, onun şəxsiyyət vəsiqəsi və digər sənədləri əldə etmə imkanı yaranmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar