Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2205/2025 31.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər:minik avtomobilinə tibbi göstərişin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən iddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı onun barəsində minik avtomobilinə tibbi göstərişin təyini barədə qərar qəbul edilməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1972-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X7 kapitan köməkçisi vəzifəsində işləyirdi. Gəmidə işləyən zaman zəhərlənmədən gözləri tutuldu. Həkimlər “Toksiki ensefalopatiya, görmə sinirinin atrofıyası” diaqnozu təyin etdilər. Bununla bağlı Mərkəzi dənizçilər xəstəxanası Əhmədli tibbi sanitar hissədə bir sıra müayinələr almışdır. Yuxarıda göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən ona müddətsiz 1- cİ dərəcə əlillik (xx.xx.2006-cı il tarixindən) müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarını əsas turaraq avtomobil ilə təmin edilməyinə tibbi göstərişin verilməsi barədə müraciət ünvanlamışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü ildə cavab olaraq yazılan məktub xx.xx.2024-cü ildə poçt tərəfindən ona çatdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında qeyd edir ki, başqa Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləqvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Xüsusi səbəbdən əlilliyə aşağıdakılar aiddir. 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədardır. İddiaçının isə əlilliyi ümumi səbəbdən olduğu üçün onun iddiası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57 qrafasına əsasən aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oyna-ğının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.6 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.8. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. Tibbi göstəriş olduğu halda, Şəxs bir ədəd açıq məkanda istifadə üçün mexaniki və ya mühərrikli, bir ədəd qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də bir ədəd sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin edilir. 3.9. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Mərkəz tərəfindən təşkil edilir. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir. 3.15. Minik avtomobili almış ailəsi (ər-arvad, valideynlər və uşaqlar) olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzin tibbi-texniki komissiyası tərəfindən həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olduqda Mərkəzin tibbitexniki komissiyasının qərarı əsasında təmir olunur və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyasının aktı və Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.16-1. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə verilmiş təkərli oturacaqlar, istifadə müddəti başa çatmamışdan əvvəl şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə, onun qanuni nümayəndəsinin müraciəti əsasında həmin reabilitasiya vasitəsi Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 056550 saylı vəsiqədən, Nərimanov 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 216580 saylı arayışından görünür ki, İddiaçı ümumi əsaslarla (görməsinə görə) İ dərəcə əlillik təyin edilmişdir.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciətlər edilmiş, müraciətinə aidiyyəti üzrə baxılmış və mahiyyəti üzrə cavablandırılmışdır. İddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, əsassız iddiadır. Belə ki, iddiaçı ona minik avtomobilinə tibbi göstərişin təyinini istəyir. Cavabdeh qeyd edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci bəndində minik avtomobili verilə bilən şəxslərin dairəsi qeyd edilmişdir. Belə ki, həmin bəndə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci bəndində minik avtomobili şamil olunan şəxslərə ümumi səbəblərdən arasında 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər qeyd edilmişdir. İşin hallarından görünür ki, İddiaçı ümumi əsaslarla (görməsinə görə) İ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlilliyi ümumi səbəblə olsa da Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olmamışdır. Habelə onun əlilliyi xüsusi səbəblərdən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci bəndində minik avtomobili verilə bilən şəxslərin dairəsi qeyd edilməklə bərabər 3.2-ci və 3.3-cü bəndlərdə minik avtomobilinin MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə uyğun olaraq və ya növbədənkənar verilməsi imkanları qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.2-ci bəndinə əsasən şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Qeyd edilmiş normalardan görünür ki, minik avtomobili Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar verilir. Digər şəxslər isə növbəli şəkildə təmin edilir. Həmin şəxslərin dairəsi Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci ilə konkret olaraq müəyyən edilmişdir. İddiaçı isə MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə uyğun olaraq minik avtomobili ilə təmin edilə bilməz. Çünki onun əlilliyi Nazirlər Kabinetinin 2020ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3.1-ci bəndinin şərtlərini ödəmir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova