Məhkəmə qərarları › İş №2-1(118)-2206/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2206/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2206/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mizəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçınun, Cavabdehin nümayəndəsi Nümayəndənın iştirakları ilə İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 01 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “cavabdeh tərəfindən verilmiş “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında” 29 dekabr 20322-ci il tarixli, **********0 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, qarşı “iddiaçıya 01 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. Pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etmişdir. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh yaşa görə əmək pensiyasımın təyin edilməsindən əsassız imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş 29 dekabr 20322-ci il tarixli **********0 saylı cavab məktubunda göstərilir ki, “Azərbaycan Rüspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda baxılmışdır. Təqdim etdiyiniz əmək kitabçasının və təhsil haqqında attestatınızın surətinə əsasən sığorta stajınız (xx.xx-1978-ci il tarixindən xx.xx- 1980-cİ il tarixinədək təhsil aldığınız müddət nəzərə alınmaqla) 17 il 6 ay 9 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 6 ay 9 gün sığorta stajına uyğun olaraq 12.593.21 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 810.08 manat olmaqla ümumilikdə 13.403.29 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 34550 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2003cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaratmışdır. Dövlətin Arxivinin Bakı filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş N.Nərimanov adına Bakı İstehsalat Trikotaj Birliyində xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyətiniz zamanı 1997-ci ildə 4 ay, 1998-ci ildə 1 ay, 1999-cu ildə 4 ay, 2000-ci ildə 4 ay, 2002-ci ildə 6 ay 2003-cü ildə isə 11 ay adınıza əməkhaqqı hesablanmadığı və 2001-ci isə dair əməkhaqqı cədvəllərində adınıza rast gəlinmədiyi üçün sözügedən dövrlər sığorta stajınıza daxil edilməyib”. Cavabı qanunsuz və əsassız hesab edir. Hesab edir ki, formal əsaslarla ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdan belə məlum olur ki, əmək kitabçamda göstərilən N.Nərimanov adına Bakı İstehsalat Trikotaj Birliyində işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixədək olan müddəti əmək stajı kimi nəzərdə tutulmadığı üçün yaşa görə pensiya təyin edilməkdən imtina edilmişdir. İşin bu halı ilə bağlı bildirir ki, işçinin işləyib-işləməməsini əmək kitabçası təsdiq edir. Onun əmək kitabçasında göstərilən müddətlər nəzərə alındıqda 25 il əmək stajı olması təsdiqlənir. Əmək kitabçasında göstərilən N.Nərimanov adına Bakı İstehsalat Trikotaj Birliyində işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixədək olan müddət ərzində əmək haqqı almamasıyla bağlı göstərilən halların izahı da dəqiq verilməmişdir. Cavabdeh əmək haqqı almadığı ayları deyil, əmək kitabçasında göstərilən xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixədək olan bütün dövrü əmək stajına daxil etməmişdir. O, qeyd edilən müddətdə işləmişdir. Onun qeyd edilən dövrdə işləməyini onunla işləyən iş yoldaşları da təsdiq edə bilər. Ona görə də cavabdehin yanaşmasını kökündən səhv hesab edir. Hesab edir ki, cavabdehin verdiyi cavab qanusuz hesab edilməli və ona yaşa görə pensiya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı 22 iyun 2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sığorta stajı 17 il 6 ay 9 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 6 ay 9 gün sığorta stajına uyğun olaraq 12.593,21 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 810,08 manat olmaqla, ümumilikdə 13.403,29 manat təşkil etməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən 01,07.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və təhsil haqqında attestatın surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 17 il 6 ay 9 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 6 ay 9 gün sığorta stajına uyğun olaraq 12.593,21 manat, 01,10.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 810,08 manat olmaqla, ümumilikdə 13.403,29 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Bakı filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş N.Nərimanov adına Bakı İstehsalat Trikotaj Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 4 ay, 1998-ci ildə 1 ay, 1999-cu ildə 4 ay, 2000-ci ildə 4 ay, 2002-ci ildə 6 ay, 2003-cü ildə isə 11 ay iddiaçıya əməkhaqqı hesablanmadığı və 2001-ci ilə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi üçün sözügedən dövrlər sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir, eyni zamanda adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24-4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102) 1838/2023 nömrəli qərarında oxşar iş üzrə iddiaçının əməkhaqqı aldığı dövrlər staja daxil edilmiş, əməkhaqqı cədvəlində göstərilməyən dövrlərin staja daxil edilməsinin hər hansı hüquqi əsasının olmaması səbəbiylə iddiaçının əməkhaqqı almadığı dövrlər staja daxil edilməmişdir. İnzibati orqanın da mövqeyi Ali Məhkəmənin mövqeyi ilə eynilik təşkil etmiş, A.Hüseynovun 1972-1996-cı illərdə əməkhaqqı alması arayışda göstərilmədiyindən həmin dövrlərin staja daxil edilməsindən imtina edilmişdir. Belə ki, Ali Məhkəmənin inzibati kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 32-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının “Star LLC” firmasında 1996- 2000ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin maydekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əməkhaqqı almışdır. Əmək haqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996- 2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar - iddiaçının 1996-2000-ci illərdə olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının sığorta stajının 25 ildən az olması müəyyən edilərsə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı xüsusatlar da araşdırımalı, yığılan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib- verməməsi yoxlanılmalıdır. Nəticə etibarilə, buradan aydın olur ki, iddiaçıya nə özünün faktiki sığorta stajına əsasən, nə də pensiya kapitalına əsasən yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ən azı 25 il sosial sığorta stajı olmalıdır ki, ona yaşa görə əmək pensiyası təyin edilsin, lakin cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının 25 ildən az olduğu müəyyən edilmişdir və bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA seriyalı, 821203 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. - Azərbaycan SSR X1 Təhsili Komitəsinin № 4244 saylı, 19 iyul 1980-ci il tarixli “Attestat”ının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixindən 19 iyul 1980-ci ilədək təhsil almışdır. - İddiaçı məxsus ИТ-İ № 024007 saylı, əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilədək, xx.xx.2021-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusu əsasında verilmiş 12 may 2023-cü il tarixli əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 29 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçı Zəngilan rayonunun məcburi köçkünü olduğundan, məhkəmə hesab edir ki, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 29 dekabr 2022-ci il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxx 1959-cu il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının əmək kitabçası ilə yanaşı digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Cavabdeh orqan iddiaçının pensiyası üçün sosial sığorta stajını hesablayan zaman onun xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrü sosial sığorta stajına daxil etməmişdir. Lakin İddiaçı qeyd olunan dövrdə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus ИТ-İ № 024007 saylı, əmək kitabçası ilə də təsdiq olunur. Həmçinin qeyd olunan fakt Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusu əsasında verilmiş 12 may 2023-cü il tarixli əmək haqqı cədvəlləri ilə də öz təsdiqini tapır. Belə ki həmin əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək haqqı akmışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa iddiaçının təhsil aldığı dövr ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına (xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilədək, xx.xx.2021-ci ildən hal-hazıradək) malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 01 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar