Məhkəmə qərarları › İş №2-1(118)-221/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-221/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-221/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X4 Mövlətxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bir vəzifə olaraq öhdəsinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bir vəzifə olaraq öhdəsinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 17.03.2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-333/2021 saylı, 16.06.2021-ci il tarixli Qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən Siyəzən rayon İcra Hakimiyyəti və Siyəzən rayon Dağ-Quşçu Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli , 35-111 nömrəli Qərarı ilə ünvan 2i ərazisində təsərrüfat başçısı olaraq X1 adına kənd təsərrüfatı məhsulları istehsalı üçün 31399 kv.m. ,16000 kv.m və 51106 kv.m. və 44701 kv.m torpaq sahələri ayrılmışdır və müvafiq olaraq X7 kitabında A N: 482722 mmrə ilə uçota alınmışdır. Təsərrüfat başçısı X3 24 mart 2011 -ci il tarixdə vəfat etmişdir. Lakin İddiaçı4 qəyyumu olduğu şəxslər xəstəliklə əlaqədar və maddi imkansızlıqdan torpaq sahəsini becərə bilməmişlər və Siyəzən Rayon Hakimiyyət və Bələdiyyə orqanları tərəfindən bu torpaq sahələri qanunsuz olaraq onlara məlum olmayan müxtəlif şəxslərə verilmişdir. Torpaqların zəbt olunması barədə müxtəlif Dövlət Hakimiyyət orqanlarına və yerli orqanlara müraciət etmişdirlər və sonda bütün yerli hakimiyyət orqanları birləşib onları təhdid etməyə başlamışdırlar. İddiaçı4 qəyyumu olduğu şəxslərə məxsus torpaq sahələrinin əldə edilməsi və konkret olaraq sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahələrinin hansı şəxslər tərəfindən zəbt edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bir neçə strukturlarına müraciətlər edilmişdir. Torpaq məsələsinin həlli üçün qəbullarda olmaq, ərizə və şikayətlərin hazırlanmasına günlərlə fiziki vaxt itirilmiş və maddi vəsait sərf edilmişdir. Həmçinin uzun müddət öz torpaqlarından istifadə etmədiklərinə görə xeyli maddi və mənəvi zərərə məruz qalmışdırlar. Bu barədə əlaqədar şəxslər barədə məhkəmədə məsələ qaldırmaq perspektivi düşünülür. Qeyd olunmalıdır ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə torpaq sahələrinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir, lakin verilmiş cavabda torpaq sahəsinin yerqurluşu işlərinin aparılmasının sifarişlə "xxxx" MMC-nə sifariş verilməsi göstərilmişdir , lakin cavabdeh tərəfindən torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi barədə tədbir görülməmişdir və əsassız olaraq ərizənin icrasından imtina edilmişdir . Cavabdeh tərəf tədbir görməməklə hərəkətsizliyə yol vermişdir və nəticədə iddiaçıların hüquqları pozulmuşdur. Halbuki torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi barədə tədbirlər görülməli idi, iddiaçılar torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək dəqiqləşdirilməsini xahiş etmiş, cavabdeh tərəf isə yerqurluşu işlərinin aparılması üçün sifariş verilməsi kimi yanlış bir yönə yönəltmək məqsədi güdmüşdür. Halbuki cavabdeh tərəfindən birbaşa olaraq torpaq sahəsinin sərhədləri müəyyən edilməli və torpaq sahəsi ilə bağlı hüquqların həyata keçirilməsinə şərait yaradılmalı idi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsinə əsasən Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi İddiaçı4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, hər hansı bir bölgü barədə məlumatları olmamış, iddiaçılar fəaliyyət qabiliyyətsiz olduğundan onların hər hansı sənədə imza etmək səlahiyyəti olmamışdır. Yaranmış vəziyyətə səbəb bələdiyyə və icra hakimiyyətində olan bəzi şəxslər tərəfindən fəaliyyət qabilləyəti olmayan şəxslərin torpaq sahələrinin əllərindən alınaraq, başqa yararsız torpaqla əvəz edilməsi olmuşdur. İddiaçıların nümayəndəsi sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16.02.1998-ci il tarixli, 35-111 nömrəli qərarı ilə ünvan 2i ərazisində X2 ayrılmış 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək dəqiqləşdirilməsi ilə bağlı İddiaçı4 tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuşdur. Həmin müraciətlərə baxılaraq vətəndaşa torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi ilə əlaqədar yerquruluşu işlərinin həyata keçirilməsi üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinə müraciət etməsi bildirilmişdir. Lakin vətəndaşlar tərəfindən Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Xaçmaz Layihə-Tədqiqat İdarəsinə müraciət edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “X7, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir.Göründüyü kimi, İddiaçı1 və digərləri tərəfindən qeyd edilən torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün aidiyyəti üzrə müraciət edilmədən məhkəmədə iddia qaldırmışdır.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq Siyəzən rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki "xxxx" MMC tərəfindən ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları mülkiyyətçilərin iştirakı ilə müəyyənləşdirilmiş və elektron məlumat bazasına daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılarkən texniki səhvlərə yol verildiyindən Siyəzən rayonu Dağ Quşçu kənd sakinlərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktları Siyəzən Rayon Məhkəməsinin 2(059)-163/2012 saylı qətnaməsi əsasında ləğv olunmuşdur. İddiaçıların qeyd etdiyi torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürülən ünvan 2i ərazisində yerləşən 31399 kv m, 16000 kv m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. AZ-İ 429659 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.03.2011-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2020-ci il tarixli, 64 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı4 fəaliyyət qabiliyyəti olmayan qardaşı qızı İddiaçı2 Fəxrəddin qızı, qardaşı İddiaçı1 və bacısı İddiaçı3 Məcid qızı üzərinə qəyyum təyin edilmişdir. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 35-111 nömrəli qərarı ilə ünvan 2ində 44701 kv.metr, 51106 kv.metr, 16000 kv.metr və 31399 kv.metr torpaq sahələri, ümumilikdə 14.32 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X2 verilmiş və həmin torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin plan və ölçüsü sənədləri tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən İddiaçı4 ünvanlanmış 20.07.2018-ci il tarixli məktubunda qeyd olunur ki, ünvan 2i ərazisində himayəsində olan İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilmiş pay torpaq sahələrinin sərhədlərinin naturada onun iştirakı ilə tanıdılmasına köməklik göstərilməsi barədə 03.07.2018-ci il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin elektron məlumat bazasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərazidə aparılmış torpaq islahatı ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq edilmiş “Pay almaq hüququ olan subyektlərin Siyahısı”nda vətəndaşlar İddiaçı3, İddiaçı1 və İddiaçı2 adları ailə üzvləri kimi vətəndaş X1 ailə tərkibində siyahıya alınmış və yeddi (7) subyektdən ibarət olmaqla ailəyə üç hissədən (3,72 ha, 3.84 ha və 2,48 ha) 10,04 ha pay torpaq sahəsi verilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X5 İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı4 ünvanlanan 01 avqust 2018-ci il tarixli, **********75 saylı, 10 sentyabr 2018-ci il tarixli, **********31 saylı, 27 sentyabr 2018-ci il tarixli, **********48 saylı, 19 oktyabr 2018-ci il tarixli, **********47 saylı, 07 noyabr 2018-ci il tarixli, **********56 saylı, 22 aprel 2019-cu il tarixli, **********98 saylı məktublarda bildirilmişdir ki, qohumlarının mülkiyyətinə ayrılmış, Siyəzən rayonu ərazisində yerləşən pay torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi ilə əlaqədar yaranmış problemlərin həllinə və pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X5 İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətində qeyd olunan məsələ komitənin Sumqayıt ərazi şöbəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılan zaman müəyyən olunmuşdur ki, 2017-ci ildə yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələr dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan 7.56 ha əkin və 2,56 ha biçənək sahələrinin hüdudları mütəxəssislər tərəfindən qohumlarına(hazırkı iş üzrə iddiaçılara) tanıdılmışdır. Bölgü layihəsinə uyğun verilmiş torpaq sahəsi ilə bağlı yaranmış mübahisəli məsələnin həlli üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğun sayılır. Məhkəmənin sorğusuna Siyəzən rayon Məhkəməsi 17 sentyabr 2021-ci il tarixli 2(059)-163/12 saylı cavab məktubunda bildirmişdir ki, iddiaçı Siyəzən rayon Dağquşçu bələdiyyəsinin cavabdehlər Siyəzən rayon Aqrar İslahatlar Komissiyasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsinə və Siyəzən rayon Dağquşçu kəndinin 104 nəfər sakininə qarşı “torpağa mülkiyyət hüququna dair 20 noyabr 2000-ci il tarixli kod 3050408, JN ***-**** nömrəli dövlət aktlarının ləğv edilməsi” tələbinə dair iddiası Siyəzən rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli, 2(059)-163/2012 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Sözügedən qətnamədən apelyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli sorğusuna Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən rayon Dövlət Arxivi 24 sentyabr 2021-ci il tarixli 77 nömrəli cavab məktubunda bildirmişdir ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının qərarlarından vətəndaş X2 torpaq sahəsinin ayrılması barədə sənəd tərəflərindən aşkar edilməmişdir. Məhkəmə iclasında İddiaçı4 tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh 23 iyun 2021-ci il tarixli, **********17 saylı məktubunda qeyd edilir ki, torpaq islahatı aparılarkən müəyyən texniki səhvlərə yol verildiyindən ünvan 2 sakinlərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktları” Siyəzən Rayon Məhkəməsinin 2(059)- 163/2012 saylı qətnaməsi əsasında ləğv olunmuş və yeni bölgü layihəsi hazırlanmışdır. Vətəndaşlara verilən pay torpaqları yeni bölgü layihəsinə uyğun olaraq Xidmətin tabeliyindəki "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən onlara yerində tanıdılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı), bələdiyyə və məhkəmə tərəfindən baxılır. Ərizəçinin bölgü layihəsinə uyğun verilmiş torpaq sahəsi ilə bağlı yaranmış mübahisəli məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, iddiaçılar İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsini istəyirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 35-111 nömrəli qərarı ilə ünvan 2ində 44701 kv.metr, 51106 kv.metr, 16000 kv.metr və 31399 kv.metr torpaq sahələri, ümumilikdə 14.32 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X2 verilmiş və həmin torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin plan və ölçüsü sənədləri tərtib edilmişdir. Siyəzən rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli, 2(059)-163/2012 nömrəli qətnaməsi ilə iddiaçı Siyəzən rayon Dağquşçu bələdiyyəsinin cavabdehlər Siyəzən rayon Aqrar İslahatlar Komissiyasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsinə və Siyəzən rayon Dağquşçu kəndinin 104 nəfər sakininə qarşı “torpağa mülkiyyət hüququna dair 20 noyabr 2000-ci il tarixli kod 3050408, JN ***-**** nömrəli dövlət aktlarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh qeyd edir ki, yeni bölgü layihəsi hazırlanmış, vətəndaşlara verilən pay torpaqları yeni bölgü layihəsinə uyğun olaraq Xidmətin tabeliyindəki "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən onlara yerində tanıdılmışdır. Habelə, 2017-ci ildə yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələr dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan 7.56 ha əkin və 2,56 ha biçənək sahələrinin hüdudları mütəxəssislər tərəfindən İddiaçı4 qohumlarına (hazırkı iş üzrə iddiaçılara) tanıdılmışdır. Lakin cavabdeh tərəfindən bu faktı təsdiq edən hərhansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nə əsasən: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “X7, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. İddiaçıalr Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsini istəyirlər. Göründüyü kimi onun vəzifələrinə aid edilməsinə baxmayaraq cavabdeh tərəfindən torpaq sahələrinin iddiaçılara tanıdılması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək tanıdılması cavabdehin vəzifələrininə aid olsada, inzibati orqan öz vəzifələrini lazımı qaydada həyata keçirməmiş və nəticədə iddiaçıların hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddia təmin edilsin. İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar