Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-221/2023 18.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1-da yerləşən 1 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1-da yerləşən 1 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçl tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 28 saylı Qərarına əsasən ona və ailə üvzlərinə yaşamaq üçün 1620 saylı, xx.xx.1985-ci il tarixli order verilmiş, o həmin order əsasında ünvan 1-da yerləşən 1 saylı mənzilə köçmüş, artıq 37 ildir ki, bu mənzildə yaşayır. Ailə üzvləri ilə qeyd olunan mənzildə qeydiyyatdadır və mənzilə kirayə, kommunal xidmət haqları ödəyir. Ona mənzil “Sintezkauçuk” istehsalat birliyində işləyən vaxt mənzil növbəsinə əsasən ayrılmışdır. O, 37 ildən artıq ailə üvzləri ilə birlikdə istifadə etdiyi mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh Dövlət Arxivinə sorğu göndərdiyini və həmin mənzilin ayrılması ilə bağlı Sumqayıt şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 28 saylı protokolunun arxivə təhvil verilmədiyini və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sorğuya cavab verilmədiyini səbəb kimi göstərməklə ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda mənzilin özəlləşdirilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassızdır və buna görə də 37 ildən artıq onun qanuni istifadəsində olan mənzilin onun adına özəlləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazlarının dəlilləri Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianının təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(118)-1668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəmə iraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, sözügedən mənzilə dair ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Dövlət Arxivinin Sumqayıt filialına xx.xx.2022-ci il tarixli, **********84 nömrəli sorğu ünvanlanmışdır. Dövlət Arxivinin Sumqayıt filialının idarəyə daxil olan sorğuya xx.xx.2022-ci il tarixli, 63 nömrəli cavab məktubunda Sumqayıt şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 28 saylı protokolunun Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. Bundan əlavə sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, **********58 nömrəli sorğu ünvanlanmışdır. Lakin bugünədək sorğuya cavab verilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüququn qeydiyyatı üçün əsaslardır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədər İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdirlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 05 aprel 2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, 1620 saylı orderdən görünür ki, “Sintezkauçuk” zavodunda tabelçi işləyən İddiaçı ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil verilmişdir. - “Nikahın bağlanması haqqında” İİ-ЖГ 428464 saylı, xx.xx.1981-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında nikah dövlət qeydiyyatına alınmışdır. - “Ölüm haqqında” İİİ-ЖГ 326571 saylı, xx.xx.1985-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X6 22 may 1985-ci il tarixdə ölmüşdür. - “Ölüm haqqında” AZ-İ 992162 saylı, xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X8 24 dekabr 2018-ci ildə ölmüşdür. - X9, X3 və X4 tərəfindən verilmiş 16 yanvar 2022-ci il tarixli ərizələrdən görünür ki, onlar ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. - Sumqayıt şəhər 14 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş 57 saylı, 15 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və X4 10 yanvar 1986-cı il tarixdən ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzildə qeydiyyatdadırlar. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycn Respublikası Mənzil Məcəlləsinin 68ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi üçün müraciət edən vətəndaşın həmin mənzildə qeydiyyatda olması şərt kimi göstərilməmişdir və mənzilin özəlləşdirilməsindən bu səbəblə imtina edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı ailə üzvlərinin razılığı ilə yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Hazırda iddiaçının mübahisəli mənzilin özəlləşdirilməsindən imtina onun hüquqlarına və qanunla qorunan mənafelərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva