Məhkəmə qərarları › İş №2-1(118)-2210/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2210/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2210/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 60 yaşının tamam olduğu 25 oktyabr 2022ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdə "xxxx" zavodunda Araq süzmə sexinə yükləyici fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə Şampanlaşma sexinə 3-cü dərəcəli operator vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" zavodu "xxxx" ASC-yə çevrilmişdir. xx.xx.2001-ci il tatixdə müəssisə ləğv edildiyi üçün işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" ASC-də 3-cü dərəcəli şampan istehsalı üzrə operator vəzifəsinə qəbul edilmişdir. Həmin vaxtdan xx.xx.2015-ci il tarixə kimi həmin müəssisədə 4-cü və 5-ci dərəcəli operator vəzifəsində çalışmışdır. xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək Şərabın emalı və şampanlaşma sexində köməkçi fəhlə vəzifəsində çalışmışdır. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin syahısının yeyinti sənayesi bölməsinin sintetik ətirli maddələrin istehsalı bəndinin (27.10) fəhlələr yarımbəndində A) bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər, mütəxəssislər yarımbəndində İsə istehsalat sahəsi ustaları, böyük ustalar vəzifələri göstərildiyi və mənim vəzifəm (operator) göstərilmədiyindən ona əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması qeyd edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına əsas olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1)tələb olunan yaş həddinə çatdıqda, 2)fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, 3)stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Üçüncü şərt: İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı AR Nazirlər Kabinetinin 12 №-li qərarına istinadən müəssisə tərəfindən təqdim edilmiş 10,10.2022-ci il tarixli 86 nömrəli arayışda qeyd olunub. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın Yeyinti sənayesi bölməsinin (27) Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) bəndinin (27.10) fəhlələr yarımbəndində (a) bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər, mütəxəssislər yarımbəndində (b) isə istehsalat sahə ustaları, böyük ustalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş "xxxx" ASC-nin 10 oktyabr 2022-ci il tarixli 86 nömrəli arayışında iddiaçının xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, operator vəzifəsi sözügedən arayışda istinad edilən, yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Qanunla tələb olunan şərt ödənilmir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 13668889 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. - İddiaçı məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, 27 oktyabr 1981-ci ildən 24 noyabr 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ ******* saylı, xx.xx.1981-ci il tarixdə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.1978ci ildən xx.xx.1981-ci ilədək təhsil almışdır. - “Bakı Şampan Şərabları “ ASC tərəfindən verilmiş 10saylı, 29 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-ci il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 26 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslı iddiadır. İş materilları ilə müəyyən edilir ki, iddiaçı ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 26 yanvar 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının əsası kimi iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək işlədiyi operator vəzifəsinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bütün adlarla aparatçılar, yuyuxu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun olmamasını, bu səbəbdən də güzəştli iş stajının olmamasını göstərmişdir. Göründüyü kimi inzibati iş üzrə mübahisə iddiaçının zəruri olan güzəştli iş stajı ilə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi (xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək)əmək , eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək) pensiya hüququ verən stajı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək işlədiyi operator vəzifəsinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bütün adlarla aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun olmadığından onun güzəştli iş stajına aid edilə bilməz. Cavabdeh iddiaçının müraciətindən imtinasının əsası kimi də qeyd edilən arqumenti əsas gətirmişdir. Beləliklə hazırki inzibati işdə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. "xxxx" ASC tərəfindən verilmiş 10 saylı, 29 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-c il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan arayışlarla və sorğuya cavab məktubu ilə iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar