Məhkəmə qərarları › İş №2-1(118)-2213/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2213/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2213/2021 15.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsi ev 32-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı X1 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı evə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 07.05.1968-ci il təvəllüdlü X1 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı eve olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Abşeron rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddia tələbini müdafiə etdi və izah verdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı ev onun mülkiyyətindədir. Üçüncü şəxs 07.05.1968-ci il təvəllüdlü X2 ona məxsus evdə qeydiyyatdadır, onun qonşusudur. Müvvəqəti olaraq onun xahişi ilə onu evinə qeydiyyata düşməsinə razılıq vermiş, lakin heç vaxt iddiaçının evində yaşamamışdır. Evdən qeydiyyat çıxması ilə bağlı X2 etiraz etmir, lakin qeydiyyata düşməyə başqa yeri yoxdur. Lakin Abşeron rayon Polis İdarəsi mənə 26.10.2021-ci il tarixli imtina məktubu ilə məsələ ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavandehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - RX ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı ev 10.05.2016-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. -Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 20.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, 07.05.1968-ci il təvəllüdlü X2 04.07.2018-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Həmin sənədlər təqdim olunmadığı üçün vətəndaşın göstərilən ünvandan qeydiyyatdan çıxarılması mümkün deyil. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil 2016-cı ildə iddiaçının mülkiyyətinə keçmişdir. Üçüncü şəxs isə həmin mənzilə 2018-ci ildə qeydiyyata alınmışdır. Faktiki olaraq həmin mənzildə yaşamayan üçüncü şəxsin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən 32 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsi üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 , ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar