Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2214/2025 19.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli, 38 saylı qərarının ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Abşeron-Xızı Regional filialına qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional filialının xx.xx.2022-ci il tarixli, 22425/46 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi ilə əvəz edilərək, “xx.xx.2022-ci il tarixli, 38 saylı qərarının ləğv olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında (X3 və X6) cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Regional filialı tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 484.18 (dörd yüz səksən dörd manat, on səkkiz qəpik) manat ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı 8 ay həmin sosial yardımı fasiləsiz olaraq aldıqdan sonra 2021-ci ilin may ayından sonra ona (ailəsinə) ödənilən sosial yardımın verilməsi anidən dayandırılmışdır. İddiaçı bunun səbəbini öyrənmək üçün Dövlət Sosial Müdafiə X5 Regional filialına müraciət etdikdə, oradan ona cavab verilərək guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 və Audit Departamenti tərəfindən təkrar aparılmış monitorinq zamanı ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı yardım alan ailənin gəlirlərində uyğunsuzluq aşkar edildiyi (təmsilçinin əmək müqaviləsinə xitam verilməsi) üçün təyin olunmuş ünvanlı sosial yardımın dayandırılması və iddiaçıdan indiyənə qədər aldığı 3873.44 manat sosial yardımın geri alınacağını bildirmişlər. İddiaçı bunun əsassız olduğunu ailəsinin gəlirlərində hər hansı dəyişiklik olmadığını bidirsə də, onlar buna ciddi yanaşmayıb öz bildiklərini etmişlər. Sonradan iddiaçının xəbəri olmadan cavabdeh inzibati orqan tərəfindən 26 yanvar 2022-ci il tarixli, 22425/46 №-li qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 3873.44 (Üç min səkkiz yüz yetmiş üç manat, qırx dörd qəpik) manat artıq ödənilmiş sosial yardımın 10 gün müddətində cavabdehə ödənilməsi qərara alınmışdır. Halbuki qeyd olunan inzibati qərarın qəbulu olunmasından iddiaçının xəbəri olmamış, iddiaçı həmin qərardan Sumqayıt icra Şöbəsindən ona xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında qərar” gələndə gedib həmin Şöbədə xəbər tutmuş və qərarın sürətini də icra şöbəsindən xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Adıçəkilən qərarı hüquqi əsaslara görə qəbul etmir və ləğvini xahiş edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında (iddia tələbinin mümkün sayılmamasına dair ərizədə) qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair 2-1(118)- 2214/2025 nömrəli inzibati iş vardır. Göstərilən işlə bağlı iddiaçının tələbi Fondun Abşeron- Xızı regional filialı tərəfindən qəbul edilmiş “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 13 yanvar 2022-cı il tarixli 38 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsidir. İddiaçının tələbi “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 13 yanvar 2022-ci il tarixli 38 nömrəli qərarın ləğvi ilə bağlı olduğundan hesab edirlər ki, iddianın növü qismində məcburetmə iddiası deyil, mübahisələndirmə çıxış etməlidir. Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən aslı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM- də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 13 yanvar 2022-ci il tarixli 38 nömrəli qərarın ona 26 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər İcra Şöbəsi tərəfindən təqdim olunduğunu bildirmiş, lakin bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Ödənilmiş vəsaitin qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixli məktub xx.xx.2021-ci il tarixdə şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. xx.xx.2021-ci il tarixdə 1 saylı regional ərazi filialı tərəfindən, xx.xx.2022-ci il tarixdə isə Abşeron-Xızı regional filialı tərəfindən qərar icra olunması üçün Sumqayıt şəhər İcra idarəsinə göndərilmişdir. Bundan əlavə, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək ümumilikdə 3873.44 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmiş və sonuncu tarixdə dayandırılmışdır. Ünvanlı dövlət sosial yardımının dayandırıldığı müddətdən 4 il sonra şəxsin qərardan bu vaxta qədər məlumatlı olmaması bəhanəsi ilə çıxış edərək ləğv edilməsini xahiş etməsi absurd bir haldır. İddiaçı isə cavabdeh Fondun Abşeron-Xızı regional filialının 13 yanvar 2022- ci il tarixli "Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında" 38 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı onun barəsində qəbul edilmiş 13 yanvar 2022-ci il tarixli əsassız ödənilmiş sosial yardımın gen qaytarılması haqqında qərarın ləğvi ilə bağlı mübahisələndirmə haqqında iddia tələbi ilə müraciət etmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əməl etməmişdir. Bununla yanaşı, iş üzrə cavabdeh qismində Fondun Abşeron-Xızı regional filialı qeyd olunsa da, hazırkı iş üzrə cavab verməli olan orqan qismində Fondun Abşeron-Xızı regional filialı çıxış etmir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2021-ci il tarixli 38 saylı və xx.xx.2022-ci il tarixli, 38 saylı qərarları və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən ona təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığından, cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilmiş ümumilikdə 3873.44 (üç min səkkiz yüz yetmiş üç manat qırx dörd qəpik) manat məbləğin geri qaytarılması haqqında 38 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 38 nömrəli, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial müavinətin geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı təqdirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Bununla yanaşı məhkəmə cavabdeh orqan tərəfindən qəbul edilmiş iş materiallarında olan digər xx.xx.2021-ci il tarixli, 38 saylı qərarına münasibətdə isə bildirir ki, cavabdeh tərəfindən eyni məsələyə dair xx.xx.2022-ci il tarixli, 38 saylı qərarın qəbul edilməsi daha əvvəl qəbul edilmiş qərarın qüvvədən düşməsinə əsas olan hal kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçı haqlı olaraq cavabdeh orqanın sonuncu, xx.xx.2022-ci il tarixli, 38 saylı qərarını mübahisələndirir. Eyni zamanda məhkəmə araşdırması zamanı, cavabdeh orqan mübahisələndirilən qərarın iddiaçıya çatdırılmasına dair mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən, mübahisəli qərarı Sumqayıt şəhəri üzrə İcra İdarəsindən xx.xx.2024-cü il tarixində əldə etdiyi müəyyən edilir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixli, 38 saylı qərarı xx.xx.2024-cü ildə əldə etdiyi və cavabdehin qərarı iddiaçıya çatdırma tarixi məlum olmadığı halda, iddia müddətinin ötürülməsi halı müzakirə predmeti olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli, 38 saylı qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli, 38 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva