Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2217/2021 15.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2,cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı“Sumqayıt şəhəri,X5 yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Sumqayıt şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsi cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən 2265 saylı torpaq sahəsi və onun üzərində olan 159.3 kvm olan mərtəbəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin və bağ evinin mülkiyyət hüququ əsasında adına sənədləşməsi 02.08.2017-ci il tarixdə həyata keçmişsə də, sözügedən torpaq sahəsi icarə müqaviləsi əsasında 1980-ci ildən onun qanuni istifadəsində olmuşdur. Mülkiyyət hüquqları DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində 02.08.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyatdan keçmişdir. Həmin tarixdə verilmiş Texniki pasportdan da görünür ki, hasarının daxilində faktiki istifadəsində sənədləşməsi olmayan əlavə 648 kv.metr torpaq sahəsi də mövcuddur.Texniki pasportdan da görünür ki, 648 kv.metr torpaq sahəsi elə yerləşmişdir ki, bələdiyyənin onu faktiki olaraq başqa şəxsə verməsi mümkün deyildir. Bundan əlavə yuxarıda göstərildiyi kimi, torpaq sahəsi onu mülkiyyətində olan bağ sahəsinin hasarının daxilində yerləşir. Bu səbəbdən iddiaçı bir müddət əvvəl ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək faktiki istifadəsində olan 648 kv.metr torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarına əsasən mülkiyyətinə verilməsini xahiş etmişdir. Lakin, Sumqayıt Bələdiyyəsi torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina etdiyindən, o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uzun illərdir faktiki istifadəsində olan torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin bələdiyyənin üzərinə qoyulmasını xahiş etmişdir. Onun iddia ərizəsi əsasında icraatı aparılan inzibati iş üzrə məhkəmə iclasında bələdiyyənin nümayəndəsi onun bələdiyyəyə təkrarən müraciət edəcəyi təqdirdə məsələnin məhkəmədənkənar qaydada həll ediləcəyini bildirmiş, məhkəmə də ona bu imkandan istifadə etməyi tövsiyə etmişdir. O da, bələdiyyənin səmimiyyətinə inanaraq iddia ərizəsini geri qaytarılması ilə bağlı məhkəməyə ərizə vermiş, sonradan da təkrarən cavabdehə müraciət edərək istifadəsində olan torpağın sənədləşdirilməsini həyata keçirməyi xahiş etmişdir. Nəticədə Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)-4042/2021 saylı qərardadı ilə iddia tələbi üzrə icraata iddia ərizəsinin geri qaytarılması səbəbindən xitam verilmişdir. Ancaq, Sumqayıt Bələdiyyəsi sözünün üzərində durmamış, əvvəlcə müxtəlif bəhanələrlə sənədləşməni uzatmış, sonradan isə ondan ianə şəklində 4536 manat pul vəsaitini bələdiyyənin hesabına köçürülməsini tələb etmişdir. Özü də bu ianə məbləği torpağın alqı- satqı məbləğinə daxil olunmayacağı bildirmişdir. Faktiki olaraq Sumqayıt Bələdiyyəsində ondan torpağının sənədləşdirilməsi müqabilində "ianə” adı altında açıq-aşkar rüşvət istənilmişdir. O, bu tələbin qanunsuz olduğunu və həmin məbləği ödəməyəcəyimi bildirdikdə, cavabdeh də torpağın sənədləşməsinin aparılmayacağmı bəyan etmişdir. Nəticədə, yenə də məhkəməyəqədər vəziyyət yaranmışdır ki, cavabdeh müxtəlif bəhanələrlə torpağın sənədləşdirilməsindən yayınmaqdadır. Bu səbəbdən təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə torpağın sənədləşdirilməsi vəzifəsinin qoyulmasını tələb etmək məcburiyyətində qalmışdır. Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri,X5 yerləşən 2265 saylı bağ sahəsinin hasarı daxilində olan faktiki istifadə etdiyi 648 kv.m torpaq sahəsinin onun adına sənədləşdimədən imtina edilməsinin qanunsuz sayılması və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinə dəqiqləşdirmə verilərək, Sumqayıt şəhəri,X5 yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Sumqayıt şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsi cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması xahiş olunmuşdur. Məhkəmədə iştrak edən iddiaçının nümayəndəsi və vəkili Qoşqar Abbasov iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “torpaq sahəsinin müsabiqə yolu ilə iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin bələdiyyənin üzərinə qoyulması barədə” tələbinə dair iddia ərizəsini tamamilə əsassız hesab edirik. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin balansında olan torpaq sahəsidir və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur. İddiaçının bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu və ümumiyyətlə, torpağın hüquqi statusunu mübahisələndirməsini tamamilə əsassız sayırıq. İddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı,torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu,həm də diskression səlahiyyətlərini aşkar şəkildə pozur. Bu səbəbdən hesab edirik ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız və hüquqa zidd olmaqla yanaşı,hər hansı mötəbər sübutlarla təsdiq edilmir. Onu da qeyd edək ki, hazırda Dövlətimizin apardığı siyasət nəticəsində işğal olunmuş torpaqlarımız azad edilmişdir. Bu müharibədə iştirak etmiş və şəhid olmuş şəhid və qazilərimizin, onların ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən sosial tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də şəhid və qazilərimizin ailələrinə ev və torpaq sahələrinin verilməsidir. Nəzərə alsaq ki, Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fondunda torpaq sahəsi məhdud saydadı, ona görə də iddiaçıya torpaq sahəsi ayrılması bələdiyyənin imkanı xaricindədir.“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş yerli özünüidarə orqanının qərarına əsasən,qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Sumqayıt bələdiyəsinin nümayəndəsi X3 etirazına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********74- 11301 saylı reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, ünvan 1 ünvanında yerləşən bağ sahəsinin texniki pasportun surəti, cavabdehin etiraz ərizəsi, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi yerin daimi sakini və qeyd olunan torpaq sahəsinin faktiki sahibi olduğu vaxtdan yaranmış olur. Yəni iddiaçı 26.08.2017-ci ildən Sumqayıt şəhəri,Corat bağlar ərazisi, 2265 ünvanda qeydiyyatda olmaqla yaşayır və həmin torpaq sahəsi ona məxsus olan hasarın daxilində yerləşir. Sumqayıt Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Sumqayıt Bələdiyyəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın şəxslərə ayrılması səlahiyyəti Sumqayıt Bələdiyyəsinə aiddir. Belə olduğu tədqirdə Sumqayıt Bələdiyyəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinə müraciət etmiş, həmin müraciət 26.11.2020-ci ildə Sumqayıt bələdiyyəsində qeydiyyatdan keçməsinə baxmayaraq, iddiacının müraciətinə cavab verilməmişdir. Belə olduğu tədqirdə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunması müəyyən olunur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Hazırkı iddia tələbini araşdırarkən məlum olmuşdur ki, Sumqayıt şəhəri,X5 yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsi satılmasını istəmiş. Lakin, inzibati orqan öz imtinasını onunla əsaslandırır ki, qeyd olunan torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsinin satılması onun diskression səlahiyyətinə aid olduğuna görə onun iradəsinə zidd satılmasına məcbur edə bilməz. Məhkəmə cavabdeh təşkilatın gətirdiyi arqument ilə razılaşmır. Nəzərə alınmalıdır ki, “İnzibati İcraat haqqında” Qanunun tələblərinə əsasən cavabdeh təşkilatın inzibati orqan olaraq inzibati araşdırma aparmaq və araşrmanın nəticəsi olaraq ədalətli qərar qəbul etmək vəzifəsi var. Lakin hazırkı iş materialları araşdırılarkən məlum olmuşdur ki, cavabdeh təşkilat iddiaçının qanuni tələbini yerinə yetirmək əvəzinə müxtəlif bəhanələr gətirməklə ədalətli qərarın qəbul edilməsindən boyun qaçırır. Hazırkı iddia tələbinə ilkin olaraq Sumqayıt İnzibati Məhkəməsində baxılarkən cavabdeh təşkilat imtinasının əsasını iddia tələbinin “Bələdiyyə torpaqlarının ayrılması haqqında” Əsasnamənin tələblərinə zidd olması təşkil etmiş, lakin iddia tələbinə yenidən Sumqayıt İnzibati Məhkəməsində baxılarkən mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasının bələdiyyənin diskression səlahiyətinə aid edilməsi kimi bəhanə gətirərək üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina etmişdir. Hesab olnur ki, bələdiyyə tərəfindən diskression səlahiyətlə bağlı gətirdiyi arqument əsassızdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən bəlli olur ki, yuxarıda qeyd olunan hallarda bələdiyənin üzərinə torpaq sahəsinin müraciət edən şəxsin mülkiyyətinə verilməsi üçün öhdəlik qoyulub. Yəni bələdiyyənin yuxarıda qeyd olunan hallarda digər qərarın qəbul edilməsi kimi səlahiyyəti mövcud deyil. Torpaq sahəsinin ayrılmasından imtina isə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyələrə verilmiş bir səlahiyyətin nəticəsi olaraq qəbul edildiyinə görə diskression səlahiyyət kimi qiymətləndirilə bilməz. Belə ki, İnzibati İcraat haqqında Qanunun 2.0.7-ci maddəsinin tələbləri baxımından inzibati orqan tərəfindən müxtəlif qərarların səlahiyyətləri daxilində qəbul edilməsi diskression səlahiyyət hesab olunur. Qeyd olunanlar bir daha cavabdeh təşkilatın müxtəlif bəhanələr gətirilməsinə dəlalət edir. Ona görə də cavabdeh təşkilatın gətirdiyi bu arqumenti məhkəmə əsassız hesab edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdeh təşkilat inzibati orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Sumqayıt bələdiyyəsinin İddiaçı mülkiyyətində olan hasarın daxilində yerləşən torpaq sahəsinin başqa şəxsə satmağa səlahiyyəti yoxdur Belə ki, 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə məhz açıq hərrac vasitəsilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından vətəndaşdan geri alına bilməyən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi zamanı açıq hərrac keçirilməsinə zərurət yoxdur. İş materillarına əlavə edilmiş sənədlərdən və mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin fotoşəkillərindən məlum olur ki, İddiaçı 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir və ailəsi ilə birlikdə həmin ünvanda inşa edilmiş fərdi yaşayış evində yaşayır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir, yəni iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsinin həyatyanı sahəsi kimi iddiaçıya məxus olan hasarın daxilində yerləşir. Qeyd olunan torpaq sahəsinin iddiaçıya satılması hər hansı bir şəxsin hüquqlarını pozmur. Belə ki, qeyd olunan torpaq sahəsinə olan giriş yolu iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən keçir. Torpaq sahəsinin normativ qiymətinə gəlincə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Göründüyü kimi, bələdiyələr tərəfindən satışa çıxarılan torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi bələdiyələrin diskression səlahiyyətinə aid edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından hərrac keçirilənədək bələdiyələr satışa çıxarılan torpaq sahəsinin bazar dəyərini müəyyən edərkən son 3 ay ərzində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında və satışa çıxarılan torpaq sahəsinin əhatə edən ərazidə yerləşən torpaqların qiymətinə uyğun müəyyən edirlər. Hesab olunur ki, satışa çıxarılan torpaq sahəsinin normativ qiyməti bazar qiyməti ilə müəyyən edildiyinə görə və torpaqların bazar dəyərinin mütamadi olaraq artıb azalması müəyyən ediləcək normativ qiymətlərədə təsir göstərir, yəni müxtəlif dövrlərdə torpaqların bazar qiyməti artıb azalır. Ona görə də məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsi hərrac keçirilmədən İddiaçı satılarkən yuxarıda qeyd olunanlar nəzərə alınaraq torpağın normativ qiyməti Sumqayıt bələdiyyəsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin Sumqayıt şəhəri,X5 yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Sumqayıt şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsi cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2217/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2217/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver