Məhkəmə qərarları › İş №2-1(118)-2217/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2217/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2217/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (sosial müavinətin bərpa edilərək əvvəlki qaydada ödənilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı ”cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialinın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 20 dekabr 2019-cu il tarixdə 57 yaşının tamam olduğu vaxtdan 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, lakin 31 may 2024-cü il tarixdən isə təyin edilmiş sosial müavinətin dayandırılması barədə qərar qəbul edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququna əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 04 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş və nümayəndə iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının əmək müqaviləsi olduğu halda, xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Qeyd olunan hala əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. • İşdə olan ИТ-İ ******* nömrəli Əmək kitabçasına əsasən iddiaçının xx.xx.1980xx.xx.1985, xx.xx.1990-xx.xx.1998, xx.xx.2017-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş məktubda "xxxx" MMC tərəfindən xx.xx.2019xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının xeyrinə tam olaraq ödənildiyi qeyd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ vardır, belə ki, İddiaçı adına xx.xx.2019-cü il tarixdə 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, lakin xx.xx.2024-cü il tarixdən həmin müavinətin ödənilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin (Qusar rayonu, Aşağı Ləgər kəndi) sakinidir və sosial müavinətlərin vətəndaşlara verilməsi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı ünvan 3ımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə 22-ci maddə: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu

3.1-ci maddə: Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4-cü maddə: Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət;https://e-qanun.az/framework/11508 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;[6] 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət.

11-ci maddə: Müavinətlərin ödənişinin dayandırılması

11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:[58] 11.1.1. dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 11.1.3. əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;[59] 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; 11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda; 11.1.6-1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə; 11.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə; 11.1.8. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət – övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;[62] 11.1.9. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə. 11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı mövcud əmək kitabçası və digər sənədlərlə müəyyən edildi ki, İddiaçı xx.xx.1980-xx.xx.1985, xx.xx.1990-xx.xx.1998, xx.xx.2017-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının sonuncu iş yeri olan "xxxx" MMC-də xx.xx.2017-ci il tarixdə çalışmağa başlamış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə cavabdeh orqan tərəfindən iddia tələbinə münasibəti nəzərdə tutan sənədi (etiraz) araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh orqanın imtina səbəbi əsaslıdır və qanunidir. Beləliklə, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin sosial müavinət almaq hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi” yaşa görə sosial müavinət təyin edilməsi əsassız olmuşdur, çünki xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşının tamam olmasına baxmayaraq həmin tarixdə o, yuxarıda qeyd olunmuş əmək kitabçasına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal məhkəmə sorğusu nəticəsində "xxxx" MMC-dən daxil olmuş arayış və Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bildirişdə də öz əksini tapmaqdadır. Əlavə olaraq qeyd etmək lazımdır ki, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 19 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya təyin edilmiş “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi” yaşa görə sosial müavinətin əsasını təşkil edən hal, yəni “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” müavinət növü qanundan çıxarıldığına görə bu növ üzrə sosial müavinət təyin edilməsi cavabdeh orqanın səlahiyyətləri xaricində olmuşdur. Bundan başqa məhkəmə araşdırmasının nəticəsində İddiaçı 3 və daha çox uşaq doğması halı da öz əksini tapmamışdır. Bununla da, məhkəmə cavabdeh orqan tərəfindən iddia tələbinin təmin edilməməsi üçün irəli sürülmüş halların əsaslı olmasına dair qənaətə gəlmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi üçün əsasların mövcudluğu iş materialları əsasında öz təsdiqini tapmamışdır. Qeyd olunan qanunvericilik normalarını və yuxarıda qeyd olunan xüsusiyyətləri ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı ”cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialina qarşı ”cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar