Məhkəmə qərarları › İş №2-1(118)-222/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-222/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-222/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı (fərdi sahibkar, Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi 2 mənzil 14-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı 27 may 2021-ci il tarixli 73 nömrəli yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 may 2021-ci il tarixli 73 nömrəli yerin təkindən istifadə hüququnun ləğv edilməsinə dair qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X3 27 may 2021-ci il tarixli 73 nömrəli yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 11 may 2017-ci il tarixli 73 saylı sərəncamı ilə Qudyalçay çayının yatağndan 15 ha torpaq sahəsi 25 il müddətinə iddiaçıya icarəyə verilmişdir. 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə iddiaçıya yer təkindən istifadə hüququ verilmişdir. Bu müddət ərzində iddiaçı həmin torpaq sahəsinin bir hissəsindən istifadə etmiş, yer təkindən istifadə qaydalarını heç pozmamışdır. Buna baxmayaraq 2020-ci ilin dekabr ayında cavabdeh X8 X5 tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, guya iddiaçı tərəfindən yer təki sahəsinin hüdudlarından kənara çıxılmışdır və nəticədə ziyan vurulmuşdur. Nəticədə iddiaçının yer təkindən istifadə hüququ 3 ay müddətinə dayandırılmışdır. İddiaçı xx.xx.2000-ci il tarixdə Agentliyə müraciət edərək karxananın təmirinə başlandığı, lakin pandemiya ilə bağlı avadanlığın gecikmə ilə gətirilməsi ilə bağlı təmir işlərinin ləngiməsini və hasilatdan kənara çıxılmadığını bildirmişdir. 488.400 kub metr hasilatın 1 il ərzində aparılması real olmamaqla fiziki cəhətdən belə mümkün deyildir. Çay yatağında yaranmış yarğanlar qış və payız fəsillərində yaranan çoxsaylı sellər nəticəsində baş vermişdir. Buna baxmayaraq 27 may 2021-ci il tarixdə X8 X6 “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərar qəbul etmişdir. Qərarın qəbul edilməsi üçün əsas kimi icazə şərtlərinin pozulması halları göstərilmişdir. İddiaçı həmin qərarı qanunsuz hesab edərək ləğv ilnması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbayca Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirtakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, X8 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 01/20 nömrəli Qərarına əsasən, 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmışdır. Qeyd olunan qərara əsasən, İddiaçı üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuşdur. Lakin, İddiaçı tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmaması səbəbindən, “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. İş materiallarında olan : - X8 X3 27 may 2021-ci il tarixli 73 nömrəli qərarından görünür ki, İddiaçı yerin təkindən istifadə hüququ ləğv edilmişdir. - X8 X3 İddiaçı 28 yanvar 2021-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, Fiziki şəxs Yasər Zərbəiiyev - Monitorinq zamanı nümayəndə tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir: 2018-ci il 10 oktyabr tarilxi 01093 nömrəli Dağ mədən ayırması aktı, Markşeyder planı, Quba rayon İcra Hakimiyyəti tərəfindən verilən ərazinin sxemi və koordinatları, Quba rayon İHB 2017-ci il 11 may 73 nömrəli sərəncamı, Torpaq sahəsinin icaərəyə verilməsi haqqında müqavilə, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi, 22/2736 saylı dövlət ekspertiza rəyi. Əraziyə keçirilən baxış zamanı mərz nişanlarının mövcud olmadığı müəyyən olundu, istismar işləri “Dağ-mədən ayırması Aktı” ilə fiziki şəxsə verilmiş sahənin daxilində 6 ha sahədə orta istismar dərinliyi 3.7 metr olmaqla 222 000 m3, xaricində isə 13.2 ha sahədə orta t: smar dərinliyi 3.7 metr olmaqla 488 400 m3 həcmində hasilat aparılmışdır. Qeyd: “X9” MMC-nin ona "Dağ-mədən ayrıması" aktı ilə ayrılmış sanəsi fiziki şəxs İddiaçı "Dağ-mədən ayırması" aktı ilə ayrılmış sahəsi ilə üst üstə düşür. "Dağ-mədən ayrıması" aktı ilə ayrılmış sahə qaz borusundan 100-130 m əsafədə yerləşir. - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Hacıqaib kəndi ərazisində yerləşən 0.77 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -X8 X6 tərəfindən 000013 seriyalı xx.xx.2020-ci il tarixli və 000445 seriyalı xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, İddiaçı məxsus Qudyalçay yatağındakı obyektə baxış keçirilmişdir. -X8 X3 İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 14/20 saylı qərarından görünür ki, ”Dağ mədən ayırması” aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən istismarçılara (İddiaçı və qeyriləri) 01093 nömrəli, ”Dağ mədən ayırması” aktı ilə 3 ay müddətinə xx.xx.2021-ci il tarixədək yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. - İş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3709 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli “Dağ mədən ayrılması” aktı ilə İddiaçı istifadəsinə verilmiş 15,0 ha torpaq sahəsindən kənarda 0,35 ha sahədə, 15,0 ha torpaq sahəsinin daxilində (şərq tərəfindən üç hissədən ibarət olmaqla) 3,73 ha sahədə hasilat aparıldığı müəyyən edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsində aparılan hasilatın (istismarın) dərinliyi müxtəlif olmaqla 1, 2 və 3 metr arasında dəyişir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/32 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı ayrılmış qum - çınqıl sahəsi Quba rayonu ərazisində, Qudyalçayın vadisində, Dəlləkli (Petropavlovka) qum — çınqıl yatağının hüdudları daxilində yerləşir. Yatağın istismar dərinliyi dağ mədən ayırmasına əsasən 5 m qədər nəzərdə tutulmuşdur. Əraziyə baxış keçirən zaman ilkin olaraq sahənin künc nöqtələri dəqiqləşdirilmişdir. Yataq ərazisində ayrılmış 15.0 ha qum-çınqıl sahəsini ilkin ehtıyatı 750 min m3 olmuşdur. Oktyabr 2018 - ci il tarixinə yatağın qalıq ehtiyyatı 500 min m3 təşkil etmişdir. 15.0 ha qum - çınqıl sahəsinin sərq və şimal - şərq hissəsində oktyabr 2018 ci il tarixinə qədər əvvəlki istismarçı tərəfindən sahənin daxilindən 6 ha ərazidə 2 - 5.0 m dərinliyə qədər dərinliyə, ümumilikdə 250 min m3 istismar olunmuşdur. Fiziki şəxsə ayrılmış 15.0 ha qum - çınqıl sahəsindən kənarda fiziki şəxs İddiaçı tərəfindən istismar işləri aparılmamışdır. xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər fiziki şəxs İddiaçı tərəfindən ona ayrılmış sahənin 3 nömrəli mərz nöqtəsindən cənub hissəsində doğru 5000 m3 yaxın istismar işi aparılmışdır. Ərazinin qərb və cənub cinahlarının 9.0 hektarında ümumiyyətlə istismar işləri aparılmamışdır. Sahənin qalıq ehtiyyatı 495 min m3 yaxın təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş X8 X3 Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. İddiaçının qum-çınqıl istehsalı ilə bağlı fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduğuna görə yerin təkindən istifadə münasibətlərinə aiddir. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun: -9-cu maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi; yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi və sair hallar yerin təki istifadəçisinin vəzifəsi sayılır; -11-ci maddəsinə əsasən, əgər yaşayış məntəqələrinin, şəhər ətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər; 18-ci maddəsinə əsasən, xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti qurtardıqda; xüsusi razılıq və ya icazə hüququndan məhrum edən faktlar meydana çıxdıqda yerin təkindən istifadə hüququna xitam verilir. - 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. İddiaçı yerin təkindən istifadə üçün icazə almış və onun yerin təkindən istifadə hüququ yaranmışdır. Qanunun 10-cu maddəsində müəyyən edilir ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Qanunun 18-ci maddəsinə görə yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. -19-cu maddəsinə əsasən yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziya və icaələr haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. 25.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir. 25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların aradan qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. 25.6. Lisenziyanın və icazənin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 25.7. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh X8 X6 tərəfindən bir sıra sahibkarlara, o cümlədən iddiaçıya verilmiş yerin təkindən istifadə hüququ xx.xx.2000-ci il tarixli qərarla dayandırılmışdır. Qərarın verilməsi üçün əsas kimi göstərilmişdir ki, yerində baxış keçirilərkən bir çox istismarçılar tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələbləri pozulması halları aşkar edilmişdir. Belə ki, bəzi sahibkarlar müvafiq icazə sənədi olmadan fəaliyyət göstərmiş, bəziləri icazə sənədi ilə ona ayrılan yerdən fərqli yerdə hasilat işləri aparmış, ayrılmış sahələrdə ümumiyyətlə fəaliyyət göstərməyən şəxslər də aşkar edilmişdir. Bununla bağlı 9 sahibkar, o cümlədən iddiaçının yer təkindən istifadə hüququ 3 ay müddətinə dayandırılmışdır. Daha sonra cavabdehin 27 may 2021-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş yerin təkindən istifadə hüququ dayandırılmışdır. Cavabdehin qərarda göstərdiyi dəlillərin yoxlanılması üçün məhkəmə tərəfindən məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekpsertizanın rəyi ilə iddiaçının həqiqətən də 15,0 ha torpaq sahəsindən kənarda 0,35 ha sahədə hasilat aparıldığı və təqdim olunan torpaq sahəsində aparılan hasilatın (istismarın) dərinliyi müxtəlif olmaqla 1, 2 və 3 metr arasında dəyişməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçü qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar