Məhkəmə qərarları › İş №2-1(118)-2220/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2220/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2220/2023 07.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Dövlət Sosial X6 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailına qarşı xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə ona ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilməmiş 9 aylıq pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək cavabdehin Dövlət Sosial X6 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailı ilə əvəz edilməsini və tələb kimi “xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə ona ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı qəbul edilməsini xahş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci il tarixdən 2-ci qpup əlildir. 2021ci ilin oktyabr ayınadək əlilliyi bir neçə dəfə uzadılmış və oktyabr ayında yenə də müddətin uzadılması üçün yaşayış sahəsi üzrə 2 saylı Sumqayıt şəhər poliklinikasına müraciət etmişdir. Lakin sahə həkimi dəfələrlə sənədlərini Tibbi-Sosial Ekspert Komissiyasına göndərsə də, 2 dəfə sənədlər müxtəlif əsassız bəhanələrlə geri qaytarılmışdır. O, 1 il ərzində əlilliyinin bərpası üçün gedib gəlmişdir. Nəhayət 1 ildən sonra əlilliyi yenidən bərpa edilmiş və daha 2 il müddətinə uzadılmışdır. Lakin Bakı şəhərindəki Tibbi-Sosial Ekspert Komissiyasının öz süründürməçilikləri və bürokratiyaları səbəbindən bir il uzatdıqları müayinə müddətinin pensiya pulunun ona yalnız 3 ayını ödəmişlər, qalan məbləği isə DSMF-nin Sumqayıt şəhər şöbəsi ödəməkdən imtina etmişdir. Halbuki onun pensiyası əlilliyinin bərpasının süni uzadıldığı bütün müddət üçün verilməli idi.Ona görə yerdə qalan 9 aylıq pensiya məbləğimin hesablanıb mənə ödənilməsinə dair ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat isə 24 yanvar 2023-cü il tarixli cavabla bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianlı qəbul etməyərək izah etdi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən əlilliyi bərpa edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi 268,61 manat olmaqla bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1,0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir.Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.Sözügedən Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 av ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş materiallarına əlavə edilmiş: - -12 saylı TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2016-cı ildən 5 il müddətinə və xx.xx.2022ci il tarixdə 2 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət (1 il 1 ay) keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün oturulmuş müddətə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə hesab edir ki, ötən müddət ərzində, yəni xx.xx.2021-xx.xx.2022-ci il tarixədək əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun təkrarən əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötürülmüş 6 ay müddətində TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lazımi müayinələrdən keçmişdir, lakin ona imtina cavabları verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar