Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2223/2025 14.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, inzibati icraatın aparılmaması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.2018-ci ildə xəstəlik səbəbindən 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlillik müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Arxa qütbün və ləkənin degenerasiyası, OD-tor gişanın mərkəzi seroz xoriorentinopatiyası. Şüşəvari cismin destruksiyası. VİSOD=əl hərəkəti, VİSOS=1.0(vahid). Binokulyar, ağır görmə pozğunluğu, Binokulyar, ağır görmə pozğunluğu, Şüşəyəbənzər cismin digər bulanmaları. Şüşəvari cismin destruksiyası” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi şəxsə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 3-cü dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. İddiaçı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci, 13.1-13.4-cü, 20.2, 22.1, 24.1-24.4, 28.1.1, 41.1-ci, 52.1-ci, 52.5-ci, 57.1-ci, 61.1-61.4, AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarına istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan məhkəmə icraatı mülki icraatdan kəskin olaraq fərqlənir. Bu fərq məhkəmə icraatının prinsiplərində də öz əksini tapıb. Belə ki, işin hallarının araşdırılması prinsiplərinə həsr olunmuş 12-ci maddənin 1-ci və 2-ci bəndlərinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin məcəllənin 13-cü maddəsində məhkəmələrin yardım etmək vəzifəsi göstərilir. Həmin maddəyə əsasən məhkəmə irəli sürülən iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Halbuki Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələblərinə əsasən sübutetmə vəzifəsini qanun tərəflərin üzərinə qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2. maddəsinə əsasən ''İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) Məcəllənin 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, göndərişi verən müəssisənin ünvanladığı məktubda və siyahıda şəxsin əlilliyinin təyini ilə bağlı əsaslı sübhələrin olduğu və göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçıya xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik-gözdən əlillik səbəbi ilə müddətsiz 3-cü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 029-1354-1219 saylı məktubunda qeyd edilmişdir ki, siyahıda adları qeyd edilən şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız rəsmiləşdirilmiş. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 16 dekabr 2024-cü il tarixli 3-17-4/2- 32790/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADXX nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 0291354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019- cu il tarixində ləğv olunmuşdur. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunmasını istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003aadxx nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 0291354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019- cu il tarixində ləğv olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi iddiaçıya təyin edilmiş müddətsiz əlillik Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 0291354-1219 nömrəli məktubu əsasında ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə qərarın etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əliliyinin əsaslarını mötəbər hesab etmədiyi halda həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilər. Əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Qeyd edilən halların araşdırılması üçün cavabdehə məhkəmə tərəfindən sorğu verilmiş və inzibati icraat materialları tələb edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması, iddiaçının əyani müayinəyə cəlb edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini şərtləndirir. Eyni zamanda cavabdeh inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun yeni inzibati icraatın aparması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2223/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2223/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver