Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2224/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2024cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, İddiaçı 18 fevral 2023-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. AO seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı 4 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, 8 noyabr 2020-ci il tarixdə çıxarılmışdır, 8 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, 10 dekabr 2020-ci il tarixdə çıxarılmışdır (bənd 13, sh.6).
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 18 yanvar 2024-cü il tarixli, 195 nömrəli məktubundan görünür ki, 172, N və N nömrəli hərbi hissə komandirlərinin 2006- 2020-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı barəsində məlumatın verilməsi mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 10 fevral 2024-cü il tarixli, 2/2-1632 nömrəli məktubundan görünür ki, İddiaçı ikinci Qarabağ müharibəsi iştirakçısı olaraq komissiya tərəfindən imtinası yoxdur.
5. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 21 fevral 2024-cü il tarixli, 3-3- 12/2-30-411/24 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi qeydə alınmamışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N aprel 2024cü il tarixli, 1377 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsindən çağırılmış vətəndaş İddiaçı Təvəkül oğlu 8 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 8 noyabr 2020-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatarı bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr 2020-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Vətəndaş İddiaçı Təvəkül oğlunun adı N nömrəli hərbi hissə komandirinin 2020-ci ilin nizami hissə üzrə əmrlərində (şəxsi heyətin siyahısına daxil olması və çıxmasından başqa) döyüş əməliyyatlarında iştrakı öz əksini tapmadığı üçün müharibə iştirakçılarına nəzərdə tutulmuş “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi qanunauyğun hesab edilməmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 24 avqust 2024-cü il tarixli, 3-25-3/2-İ-90xx-xx/2024 nömrəli məktubundan görünür ki, X7, X5, X4 və X3 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
8. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı adının verilməsi və həmin adın 1 yanvar 2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 2 iyul 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
10. İddiaçı ərizəsində bildirmişdir ki, cavabdeh orqana müraciət edərək, ona müharibə veteranı adının verilməsini xahiş etmişdir. Lakin cavabdeh ona müharibə veteranı adının verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, onun məktubuna cavab verilməməsi və ya müraciətindən imtina edilməsi qeyri-obyektiv və əsassız yanaşmadır. Hazırda üçünçü qrup əlil olmasına səbəb, onun 31 iyul 2022-ci il tarixdə ağır avtomobil qəzası keçirməsi olmuşdur. Bu səbəblərə əsasən iddiaçı hesab edir ki, ona müharibə veteranı adı verilməli və müharibə veteranı 1 yanvar 2022-ci il tarixdən hesablanıb, “Zəfər” alt sistemə oturmalıdır. İddia tələbinin dəlilləri kimi aşağıdakılar qeyd olunmuşdur: - 4 noyabr 2020-ci il tarixdən 5 yanvar 2021-ci il tarixədək 27 sentyabr 2020-ci il tarixdə işğal altında olan ərazilərinin geri qaytarılması uğrunda başlayan əməliyyatlarda iştirak etmək üçün, Azərbyacan Respublikası SMXCDX-nın Zəngilan rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına göndərilmiş, N saylı hərbi hissədə qumbaratan vəzifəsində Füzuli rayonun işğaldan azad edilməsi uğrunda döyüşmüşdür; - onunla həmin əməliyyatlarda iştirak edən X5 və X3 müharibə veteranı adı verilmişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 nömrəli Qərarının 1.1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.1, 2.2, 8.1.3, 33.1, 33.3-cü maddələrinə istinad olunmuşdur.
12. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
14. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddiaçı tərəfindən cavabdeh orqana müraciətin olmamasını əsas gətirərək, iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir.
15. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9, 32.2, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddələrinə istinad edilmişdir.
Cavabdehin mövqeyinə dair iddiaçının yazılı münasibəti:
16. İddiaçı bildirir ki, 3 oktyabr 2023-cü il tarixdə, daha sonra 16 oktyabr 2023-cü il tarixdə təkrar olaraq cavabdeh orqana müraciət etmişdir. Göründüyü kimi, cavabdehə ilkin müraciətin edilməsi və məhkəmədə iddia qaldırdığı arasında vaxt müddəti 35 gündən çoxdur. Bu səbəbdən etiraz əsassız olduğundan, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat vermişdir. İddianın mümkün hesab edilməməsi barədə cavabdehin mövqeyinə münasibətdə onun tərəfindən müraciətin edildiyini, lakin müraciətin cavablandırılmadığını bildirmişdir (§16). Həmçinin, aidiyyət məsələsinə dair öz münasibətini bildirərək, iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəmədə baxılmasını xahiş etmişdir.
18. Cavabdeh orqan məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Məhkəmənin 2 may 2024-cü il tarixli iclasında iştirak edən şahid X1 iddiaçı ilə birlikdə döyüşlərdə iştirak etməsini, RAS xidmət rəisi silahları təhvil verdikdən sonra qaçıb gizləndiyi üçün, siyahıda adlarının qeyd edilməməsini bildirmişdir. Eyni zamanda, ifadəsində qeyd etmişdir ki, hərbi əməliyyatlarda onlarla bərabər iştirak edən Vəliyev Sənan, Əhmədov Yusif, Səmədov Edik “müharibə veteranı” vəsiqəsini almışdırlar.
ƏSASLANDİRMA HİSSƏSİ
Ərazi aidiyyəti:
24. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
26. Bundan əlavə, İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
27. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
28. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir.
29. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqın və X2 üzrə Dövlət Komitəsi Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsinin 6 noyabr 2023-cü il tarixli, 2244 saylı arayışından görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan iddiaçı həqiqətən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən “Qobu park 2” yaşayış kompleksi, bina 18, mənzil 6 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Həmçinin, Azərbaycan Respublikası Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 7 noyabr 2023-cü il tarixli, 62 nömrəli arayışından görünür ki, iddiaçı Zəngilan rayonun Hacallı kənd İƏD-i üzrə nümayəndəliyinin Həkəri qəsəbəsində daimi qeydiyyatdadır, məcburi köçkündür.
30. Göründüyü kimi, Zəngilan rayonundan məcburi köçkün olan iddiaçı həqiqətən Qaradağ rayonunda məskunlaşmışdır.
31. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, məhkəməyə əlçatımlığın təmin edilməsi və digər prinsiplərin və inzibati prosessual qanunvericiliyin normasının tələbləri əsas götürülməklə, iddiaya münasibətdə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı İPM-in 8.1.2cü maddəsinin tələbi baxımından iddiaçının yaşayış yeri qismində məhz onun faktiki yaşayış yerinin əsas götürülməsi məqsədəmüvafiqdir.
32. Məhkəmə prosesi zamanı qeyd olunan məsələ (§31) iddiaçının diqqətinə çatdırılmış, hazırki mübahisəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması müzakirə edilmişdir.
33. İddiaçı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Həmçinin, iddia tələbinin Sumqayıt İnzibati Məhkəməsində baxılması məsələsi cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
34. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, tələbin predmeti İPM-in 8.1.1-ci maddəsinə aid olmadığında, eyni zamanda tərəflər arasında aidiyyətlə bağlı mübahisə də mövcud olmadığından, Zəngilan rayonundan məcburi köçkün olan iddiaçının hazırda Qaradağ rayonunda məskunlaşması faktı inzibati işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasına mane deyildir.
İddianın mümkünlüyü:
35. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
37. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
38. 15 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı “müharibə veteranı adının verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 23 oktyabr 2023-cü il tarixdə təhvil almışdır.
39. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
40. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
41. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsindən çağırılmış iddiaçı 8 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş, Ağcabədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmiş, 8 noyabr 2020-ci il tarixdə həmin kənddə qalmışdır. Bununla belə iddiaçıya heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatları bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr 2020-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Vətəndaş İddiaçı Təvəkül oğlunun adı N nömrəli hərbi hissə komandirinin 2020-ci ilin nizami hissə üzrə əmrlərində (şəxsi heyətin siyahısına daxil olması və çıxmasından başqa) döyüş əməliyyatlarında iştrakı öz əksini tapmamışdır.
42. Bundan əlavə, iddiaçıya münasibətdə 172, N və N nömrəli hərbi hissə komandirlərinin 2006-2020-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından onun barəsində məlumatın verilməsi mümkün olmamışdır.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...”
44. Həmçinin, məhkəmə iclasında və iddia ərizəsində iddiaçı bildirmişdir ki, onunla birgə döyüş əməliyyatlarında iştirak etmiş X7, X5, X4 və X3 müharibə veteranı adı və vəsiqəsi verilmişdir.
45. İddiaçının həm iddia ərizəsində, həm, məhkəmə iclasında bildirdiyi qeyd olunan halın araşdırılması məqsədilə cavabdeə müvafiq sorğu ünvanlanmış, sonuncunun məhkəməyə təqdim etdiyi məktubundan görünür ki, X7, X5, X4 və X3 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir.
46. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.
47. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova