Məhkəmə qərarları › İş №2-1(118)-2225/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2225/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2225/2024 08.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının vətəndaşlara fərdi yaşayış evi tikintisinə torpaq sahəsinin ayrılması haqqında xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə ayrılmış 0,0977 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının vətəndaşlara fərdi yaşayış evi tikintisinə torpaq sahəsinin ayrılması haqqında xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə ayrılmış 0,0977 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Göstərilən torpaq sahəsi şərti olaraq 3 hissəyə bölünmüşdür, birindən o, digərindən oğlu, üçüncüsündən isə baldızı istifadə edir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədi ilə cavabdeh idarəyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Müayinə zamanı torpaq sahəsinin faktiki ölçülərinin 0.0977 ha olması müəyyən edildiyinsən o, həmin ölçüdə torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon İHB-nın 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, sözügedən sərəncamda İddiaçı ayrılmış torpaq sahəsi 0,10 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0977 ha olduğu, müayinə olunan torpaq sahəsinin üç hissəyə bölünərək digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: -Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 573 №-li qərarına, vətəndaşları ərizələrinə əsasən adları qeyd olunanlara Xırdalan-Masazır şosse yolunun şimalından hər birinə, o cümlədən İddiaçı 0,10 ha hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - 08 yanvar 1993-cü il tarixli aktdan görünür ki, 0,10 ha torpaq sahəsi İddiaçı təhvil verilmişdir. - Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış R.Məmmədovaya məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 0,0023 ha hissəsinin azalmasına və yerdə qalan 0,0977 ha hissəsində reyestrdən çıxarış və plan və ölçü veriməsini xahiş edir. -R.Məmmədovaya ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, 6 Kv-luq elektrik xətti ilə torpaq sahəsinin arasında məsafə 0,5 metrlə 0,8 metr arasında dəyişir. Torpaq sahəsi daş hasar daxilindədir, daş hararla 3 hissəyə bölünüb, faktiki koordinatlar əlavə edilmişdir. Torpaq sahəsində 3 ədəd yaşayış evi və köməkçi tikilililər var. - R.Məmmədovaya ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi daş hasar daxilində yerləşir, yerquruluşu sxemində verilmiş koordinatlara uyğun gəlir. Torpaq sahəsinin 0,0223 ha hissəsi 6 Kvt YGE xəttinin mühafizə zolağında yerləşir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamından çıxarış və İddiaçı adının qeyd edildiyi hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixi məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndində əsasən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Dünyamalıyev 52 ünvanında, aşağıda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi 6kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heçbir maneçilik törətmir və qeydə alınmasına etiraz edilmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 sərəncamı əsasında ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin üç müxtəlif şəxslər tərəfindən istifadə edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı torpaq sahəsinin onun ailə üzvləri tərəfindən istifadə edildiyi bildrilmişdir. Bundan başqa bu dəlil də iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas kimi qəbul edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 584 saylı sərəncamı ilə ayrılmış 0,0977 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının vətəndaşlara fərdi yaşayış evi tikintisinə torpaq sahəsinin ayrılması haqqında xx.xx.1992-ci il tarixli, 584 saylı sərəncamı ilə ayrılmış 0,0977 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar