Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2226/2024 15.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi ilə, məhkəmə iclas katibi Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh XXXnə qarşı “ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi qoyulması” iddia tələbi üzrə iş materiallarına Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı (bundan sonra -“iddiaçı”) cavabdeh XXXnə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə onun barəsində xəstəlik qərarı verilmiş və 11 oktyabr 2017-ci ildən 11 oktyabr 2022-ci ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Həmin tarixdən o, pensiya və təqaüdlə təmin edilmiş olsa da, daha sonra pensiya və təqaüdü dayandırılmışdır. Elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən təqaüdü dayandırılmışdır. Onun cavabdehin sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki 11 oktyabr 2017-ci ildə qiymətləndirilmiş və 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Hesab edir ki, cavabdeh əsassız olaraq əliliyini ləğv etdiyi üçün, etibarlı hesab edilməli və cavabdehin 11 oktyabr 2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi bərpa edilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 16, 38, 24, 57, 60, 61, 147, 149, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1, 65.1-ci maddələrinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 33cü maddələrinə istinad edilmişdir.
4. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
6. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, 11 oktyabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 22 dekabr 2024-cü il tarixli iclasında protokol qaydasında qəbul etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
7. İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
8. Cavabdeh tərəfindən göndərilmiş iddiaçının “əlillik dərəcəsinin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazdan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçıya 11 oktyabr 2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 (beş) il müddətinə (11 oktyabr 2022-ci il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daxili işlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar aparılmış əlillik təyinatı qərarı 28 oktyabr 2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qərar iş materiallarına əlavə edilmişdir. Etirazda həmçinin, qeyd olunmuşdur ki, iddiaçının inzibati orqana müvafiq tələblə bağlı müraciəti olmamışdır.
Tərəflərin iştirakı və izahatları
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə prosesində iştirak etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. 22 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə (bundan sonra – “iddiaçının nümayəndəsi”) hüquqi yardım edilərək, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının və İPM-in 39.1-ci maddəsinin tələbləri izah edilmişdir.
11. Həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi hazırkı məsələ ilə bağlı iki dəfə cavabdeh quruma müraciət olunduğunu, həmin müraciətlərin nəticəsi barədə məlumatlı olmadıqlarını bildirərək, hazırki məsələ ilə bağlı yardım göstərilməsini xahiş etmişdir.
12. İddiaçının nümayəndəsinin xahişi və sonuncu müraciətin tarixinin 17 noyabr 2023cü il tarixli olması və məhkəməyə 21 noyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edildiyi nəzərə alınaraq, məhkəmə prosesi 18 yanvar 2024-cü il tarixə təxirə salınmışdır.
13. Məhkəmənin 18 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi bildirmişdir ki, hal-hazırda sonuncu müraciətlərindən 35 gün müddət keçmişdir. Bu səbəbdən iddianın mümkün sayılmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəlarında nəzərdə tutulmuşdur: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
15. “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində qeyd olunmuşdur ki, sosial sığorta da daxil olmaqla, hər bir şəxsin sosial təminat hüququ var.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın (Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ilin dekabrın 13-də qəbul edilmiş Konvensiyaya 2 oktyabr 2008-ci il tarixli, 686-İİQ saylı qanunla qoşulmuşdur.) 1-ci maddəsində qeyd olunur ki, bu Konvensiyanın məqsədi bütün əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir.Əlilliyi olan şəxslərə müxtəlif maneələrlə qarşılaşdığı zaman onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslərdir.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə görə, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
18. Həmin Qanunun 6.4-cü maddəsinə görə, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
22. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
23. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
24. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
25. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
26. Məhkəmə iş materialında olan həm iddiaçının təqdim etdiyi, həm cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.
27. Belə ki, cavabdeh etirazında qeyd edir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar aparılmış əlillik təyinatı qərarı 28 oktyabr 2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qərar iş materiallarına əlavə edilmişdir (§ 8).
28. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-) 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). (-)
29. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
30. İPM-in 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
31. Məcəllənin 22.2-ci maddəsinə əsasən, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla MPM ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
32. MPM-in 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir (128.1). Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir (128.2). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (128.3).
33. Sadalanmış normaların (§ 26-30) məzmununda görünür ki, mübahisələndirmə haqqında iddia özündə inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə yönələn tələbi ehtiva edir. Bu iddianın yolverilən olması üçün irəli sürülən ilkin şərt kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsi anlamında qüvvəsini hər hansı bir qaydada itirməmiş inzibati aktın mövcud olması çıxış edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, aşağıdakı xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır: iddia qaldırmaq səlahiyyəti və iddia qaldırmaq müddətinə riayət edilməsi. Həmçinin, mübahisələndirmə haqqında iddialarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. Qanunun 72.1-ci maddəsinə əsasən, iddiaçı inzibati aktdan şikayəti ya inzibati qaydada, ya da məhkəmə qaydasında verə bilər.
34. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirdiyi üçün, iddianın iddianı qaldırmaq səlahiyyəti mövcuddur.
35. Cavabdehin etirazında və ona qoşma şəklində əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi nəticəsi qərar əsasında ləğv edilmişdir.
36. “İnzbati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. (-) Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: (-) 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. (-) Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. (-)
37. Hazırki işdə cavabdeh tərəfindən məhkəməyə göndirilmiş qərar yuxarıda sadalanmış inzibati aktın formal-hüquqi baxımından tələblərə uyğun gəlmir, həmin qərarın iddiaçıya göndərilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Qərarda iddiaçının adı qeyd olunmamışdır. Ümumiyyətlə bu qərarla iddiaçının bağlılığı müəyyən olumur.
38. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
39. Bu səbəbdən məhkəmənin qənaətinə görə, qiymətləndirmənin ləğv edilməsi faktiki xarakterli hərəkətlə həyata keçirilmişdir. Belə olan halda isə hazırki iddia tələbi öhdəliyin icrasına dair iddiadır.
40. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
41. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
42. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bu baxımdan öhdəliyin icrası haqqında iddianın işin qiymətləndirilməsi ilə bağlı ümumi şərtləri ilə yanaşı, iddianın mümkünlülüyü ilə əlaqədar inzibati orqana təqdim edilmiş ərizənin uğursuz olması şərti mövcud olmalıdır. Yəni, şəxs inzibati orqanın imtinaedici qərarını gözləməlidir. Bu inzibati akta qarşı şəxs, yalnız ortada inzibati aktın olduğunu əsas götürərək, mübahisələndirmə və ya məcburetmə haqqında iddia qaldıra bilməz.
43. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
44. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).
46. ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).
47. Cavabdeh orqan öz etirazında qeyd etmişdir ki, iddiaçının inzibati orqana müvafiq tələblə bağlı müraciətinin olmamışdır (§ 8).
48. Beləliklə, məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil.
49. Bununla da məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
50. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
51. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh XXXnə qarşı “ikinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 noyabr 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova