Məhkəmə qərarları › İş №2-1(118)-2229/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2229/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2229/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə üçüncü şəxsin – Dondolova Əntiqə Rizvan qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 24, mənzil 23-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair öhdəlik qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs X1 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 12, mənzil 27-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 24də yerləşən 23 saylı mənzil 27.07.2011-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzili 04.07.2011-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 43796 manata Dondolova Əntiqə Rizvan qızından almışdır. Üçüncü şəxs - Dondolova Əntiqə Rizvan qızı iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Onun iddiaçının mənzili üzərində heç bir hüququ yoxdur. İddiaçının bir müddət sonra xəbəri olmuşdur ki, üçüncü şəxs orada qeydiyyatdadır. Onun iddiaçının mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə çətinlik yaradır və əlavə xərclər çəkməyinə səbəb olur. Bu məqsədlə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 20.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirərək işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin ediləcəyini bildirmiş, lakin məhkəmə prosesində təmsil edilməmişdir. Üçüncü şəxs Dondolova Əntiqə Rizvan qızına məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 19.10.2021-ci il tarixli, ***-*******21 saylı məktubunda iddiaçının ərizəsindən icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 24.09.1963-cü il təvəllüdlü Dondolova Əntiqə Rizvan qızı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 24-də yerləşən 23 saylı mənzildə (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 27.07.2011-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ümumi sahəsi 83,6 kvadrat metr olan mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ilə Əntiqə Dondolova arasında 04.07.2011-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mübahisəli mənzili 43796 manata üçüncü şəxsdən almışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı MKS tərəfindən verilmiş 905 saylı, 02.11.2021-ci il tarixli arayışına əsasən iddiaçı 27.07.2011-ildə mübahisəli mənzili alqı-satqı yolu ilə almış, lakin qeydiyyata düşməmişdir. Mənzilin köhnə sahibi Dondolova Əntiqə Rizvan qızı mübahisəli mənzildə qeydiyyatda qalmışdır. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mövcud mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 24, mənzil 23-də yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. O, həmin mənzili alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs Əntiqə Dondolovadan almışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra mənzilin keçmiş sakini - hazırkı iddia tələbi üzrə üçüncü şəxs Dondolova Əntiqə Rizvan qızı evi tərk etməsinə baxmayaraq mübahisəli mənzildə formal olaraq pasport qeydiyyatında qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 24.09.1963-cü il təvəllüdlü Dondolova Əntiqə Rizvan qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 24 saylı evin 23 nömrəli mənzili üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dondolova Əntiqə Rizvan qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11ci mikrorayon, 24 saylı evin 23 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar