Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2230/2024 06.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona münasibətdə xx.xx.2002-ci ildə istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi ləğv edilmişdir.Cavabdehin 3-17-1/2-B-29025/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən onun əlilliyinin bərpa edilməsi barədə ərizəsi müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ii 16 yanvar tarixli 11 nömrəii qərarı iiə təsdiq ediimiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 21 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Məktub qızı tərəfindən qəbul edilmiş və bu hal xəbərnamədə öz əksini tapmışdır.Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 11 (on bir) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 10 (on) vətəndaşın isə tibbi-ekspert sənədləri araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Sumqayıt şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair əlillik təyinatı barədə məlumatlar nə Əlillik AS-də tapılmasa da, avxivə göndərilmiş sorğu əsasında məlum olmuşdur ki, (6 saylı Sumqayıt şəhər TSEK-inin xx.xx.2002-ci il tarixdən AKTNe 2514-dən xx.xx.2002-ci ilədək Akt N3107) xx.xx.2002-ci il tarixdən 2722 nömrəli AKT-a əsasən vətəndaşın istehsalat zədəsi səbəbindən “Baş beynin travmatik xəstəliyi, qabarıq astenonevrotik sindrom, vegetativ damar krizləri ilə. 12 barmaq bağırsağın xora xəstəliyi. İkitərəfli posttravmatik koxlear nevrit” diaqnozuyla müddətsiz üçüncü dərəcə əlilliyi və əmək qabliyyətinin 60% (altmış faiz) itirilməsi mövcud olmuşdur.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-Q-18720/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin qərarı onun hüquq və maraqlarına təsir göstərə bilər.Belə ki, İddiaçı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-yə qarşı iddia qaldıraraq 1980-ci il tarixdə həmin müəssisədə xəsarət aldığını və 3-cü qrup əlili olması səbəbindən ona 1988-ci il tarixdən ödənişlər edilməsi tələbi qoymuşdur.Hal-hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin X3 icraatındadır. Bu iddia tələbindən sonra cəmiyyəti tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, iddiaçıya təyin olunmuş əlillik qanunsuzdur. İddiaçının əlilliyi mövcud sənəd uyğunsuzluğunu nəzərə alınsa, onun hansı yollarla təyin olunması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə müraciət edərək araşdırılma aparılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən təyin olunmuş əlillik ləğv edilmişdir. Əlavə olaraq bildirmişdir ki, cəmiyyət tərəfindən araşırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xəstəliyi ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmiş,Sumqayıt Tibb Mərkəzi X5 Xəstəxanasının sorğuya cavabında qeyd edir ki, İddiaçı xx.xx.1996-ci il tarixdən bu günkü tarixə kimi, xəstəxanaya müraciət etməmişdir.Sumqayıt şəhər 4 Nömrəli Xəstəxana sorğu cavabında qeyd edir ki, İddiaçı 1987-1995-ci illər daxil olmaqla 4 nömrəli şəhər xəstəxanasına (köhnə Bərpa müalicə xəstəxanası) müraciət etməmişdir.1 nömrəli Sumqayıt şəhər Xəstəxanasına 2016-ci ildən hal-hazıradək müraciət etməmişdir.1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsində xx.xx.2014- cü il tarixdən endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır.Bu faktlara istinad edərək Sumqayıt şəhər Prokurorluğuna müraciət etmiş, hal-hazırda da prokurorluq tərəfindən araşdırma aparılmaqdadır. Prokurorluq tərəfindən ilkin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı qeydiyyatda olduğu 1 nömrəli şəhər poliklinika şöbəsində İİ tip şəkərli diabet üzrə qeydiyyatdadır. Həmçinin onun xəstəlik kartasında kəllə-beyin travması ilə bağlı heç bir xəstəlik mövcud deyildir. Sumqayıt şəhər 1 nömrəli xəstəxanın baş həkimi M.Musayevin Prokurorluğa təqdim etdiyi arayışda da qeyd olunur ki, İddiaçı əlillik dərəcəsi mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-29025/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, arayışlar, xəstəlik ilə bağlı müayinələr, 7 saylı TSEEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə aktından çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ əlilliyinin dayandırılması vaxtından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, lakin onun müraciəti müsbət həllini tapmamışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli qərarın məhkəmə iclasında iddiaçıya məlum olması və həmin qərardan şikayət vermək üçün prosessual müddətin ötürülməməsi müəyyən edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarım müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir.Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İşin faktiki hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı istehsalat zədəsi səbəbindən 2002-ci ildən etibarən müddətsiz üçüncü dərəcə əlil olmuşdur. Sonradan Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin müraciəti əsasında cavabdeh təşkilat iddiaçını müayinəyə dəvət etmiş və iddiaçının müayinəyə gəlməməsi səbəbindən ona təyin edilmiş ömürlük əlilliyi ləğv eləmişdir. Üçüncü şəxs Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-nin etirazına münasibətdə bildirilir ki, qeyd olunan hallar məhkəmə tərəfindən o halda əsaslı hesab edilə bilərdi ki, həmin hallar Eksperiza və Reabilitasiya Agentliyi tərəfindən araşdırıldıqdan sonra müddətsiz əlillik ləğv edilmiş olardı. Lakin, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat bu səpkidə hər hansı bir araşdırma aparmamış və iddiaçının müayinəyə gəlməməsi səbəbindən ömürlük təyin edilmiş əlilliyini ləğv etmişdir. Halbuki, bu etimadın qorunması prinsipinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin hallarından məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur. Ona görə də cavabdeh təşkilatın İddiaçı təyin olunmuş İİİ dərəcə əlilliyin etibarsız hesab olunması haqqında hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının İİİ dərəcə əlilliyi Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2230/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2230/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver