Məhkəmə qərarları › İş №2-1(118)-2234/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2234/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2234/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Məmmədova Şəbnəm Arif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 4 saylı mənzildə qeydiyyatda olan Məmmədova Şəbnəm Arif qızının pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, 05.12.2012-ci il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məmmədova Şəbnəm Arif qızı iddiaçının qohumudur və qeydiyyatda olduğu evin yaxınlığında yaşayır. Qeyd olunan mənzilə Şəbnəm Məmmədovanın pasport qeydiyyatı formal xarakter daşıyır. Belə ki, Şəbnəm Məmmədova atestat almaq bəhanəsi ilə iddiaçının razılığı əsasıda həmin mənzilə müvəqqəti olaraq pasport qeydiyyatına düşüb. Lakin uzun müddət keçməsinə baxmayaraq Şəbnəm Məmmədova faktiki olaraq başqa ünvanda yaşamasına və mənzilə hər hansı hüququnun olmamasına baxmayaraq bu günədək iddiaçıya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 4 saylı mənzilindən pasport qeydiyyatından çıxmamışdır. Onun mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyətinə sərəncam hüquqlarını məhdudlaşdırır və kommunal xidmətlər üzrə hesablaşmalarda qeyri- müəyyənliklər yaradır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun tələbini təmin etməmişdir. Bu səbəbdən də məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə prosesində iştirak edən 3-cü şəxs isə məhkəməyə ərizə təqdim edərək pasport qeydiyyatından çıxarılmasına etirazının olmamasını bildirdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-33293X-33221 nömrəli, 07.09.2021-ci tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli, 05.12.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 4 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli, 05.12.2012-ci il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" əsasında İddiaçı məxsusdur. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs– Məmmədova Şəbnəm Arif qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxsin sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin 3-cü şəxs olan Şəbnəm Məmmədovanın pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan İddiaçı mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxsin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Məmmədova Şəbnəm Arif qızı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 4 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Məmmədova Şəbnəm Arif qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 46 saylı evin 4 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar