Məhkəmə qərarları › İş №2-1(118)-2234/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2234/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2234/2023 15.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidməti” Mərkəzi qeydiyyat şöbəsinə qarşı Laçın rayon Vağazin kənd soveti tərəfində verilmiş 28 saylı xx.xx.1981-ci il tarixli doğum akt qeydində uşağın soyadının “Süleymanov”dan “Süleymanova”ya, adının “Kamalə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidməti” Mərkəzi qeydiyyat şöbəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasıda adının “Bəsti”dən “Kamalə”yə dəyişiklik edilməsi və doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-3569/2022 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,Laçın rayon Vağazin kənd soveti tərəfində verilmiş 28 saylı xx.xx.1981-ci il tarixli doğum akt qeydində uşağın soyadının “Süleymanova”ya, adının “Kamalə”-yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1981-cı ildə Laçın rayonu Fərraş kəndində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə tərtib olunarkən məlum olmayan səbəblərdən adının yerinə anasının adı “Bəsti” yazılmışdır. Belə ki, onun adı “Kamalə” olduğu halda anasının adı “Bəsti” yazılmışdır. İddiaçının adına doğum haqqında şəhadətnamə tərtib edilərkən “Bəsti”-dən “Kamalə”-yə düşəliş edilmişdir. İddiaçının digər bütün sənədlərində, o cümlədən şəxsiyyət vəsiqəsində, nikah şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində adı “Kamalə” kimi göstərilmişdir. İddiaçı müvafiq düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - idiaçıya məxsus doğum haqqında şəhadətnamədən, şəxsiyyət vəsiqəsindən, nikah haqqında şəhadətnamədən görünür ki, onun adı “Kamalə” kimi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən X8 xidmət Mərkəzi Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 28 saylı xx.xx.1981-ci il tarixli doğum akt qeydi Laçın rayonu Vağazin kənd icra nümayəndəliyi tərəfindən verilmişdir. Məhkəmənin sorğusuna əsasən Laçın rayon qeydiyyat şöbəsindən alınmış 28 saylı xx.xx.1981-ci il tarixli doğum akt qeydindən görünür ki, X3 01.0.1981-cı ildə Laçın rayonu Fərraş kəndində anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında X4 qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahayını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4 Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 9.1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3. Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.3-1. Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. 9.7 Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının doğulandan “Kamalə” adını daşıması və bütün şəxsi sənədlərində adının “Kamalə” olması öz təsdiqini tapdı. Məlum olmayan səbəblərdən iddiaçının ilikin doğum haqqında akt qeydində adı “Bəsti” kimi qeyd edilmiş daha sonra ona düzəliş olunmuş doğum haqqında şəhadətnamə verilmişdir, həmin düzəliş müvafiq möhürlə təsdiq edilmişdir. Lakin arxivdə saxlanılan doğum haqqında akt qeydində həmin düzəliş aparılmamışdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, doğum haqqında akt qeydində uşağın qadın cinsinə aid olmasına baxmayaraq soyadı “Süleymanov” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Laçın rayon Vağazin kənd soveti tərəfindən verilmiş 28 saylı xx.xx.1981-ci il tarixli doğum akt qeydində uşağın soyadının “Süleymanov”dan “Süleymanova”ya, adının “Bəsti”dən “Kamalə”yə düzəliş edilməsi öhdəliyi cavabdeh Şamaxı Regional Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar