Məhkəmə qərarları › İş №2-1(118)-2237/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2237/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2237/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Azərboru ASC-nin nümayəndəsi X1 iştirakı ilə Azərboru ASC-nin “2(85)-310/2011 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 7% icra ödənişi tutulması haqqında 27 iyun 2016-cı il tarixli Qərarını ləğv edilməsi; Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(060)-6491/2016 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “Qaz-53” markalı, 50AD 145 qeydiyyat nişanlı (q/n), “Qaz-3102”minik markalı, 50 AA-302 q/n. “Nissa M 522” markalı, 50-Ad-321 q/n, “ Nissan Sunny” markalı **-AA-*** q/n, “Kamaz 5320” markalı, 50 AC-034 q/n, Kaz 4540” markalı, 50 AC-756 q/n, “Zil MMZ 4502” markalı, 50 AC-464 q/n, “ Kavz 3271” markalı, 50 AC-857 q/n, “Moskviç 2141201” minik markalı, 50 AA-279 q/n, “Skoda Yeti markalı, 99 AL-290 q/n, “ Kaz 4540” markalı, 50 AC-756 q/n, “ Raf 2203” markalı, 50 AC-251 q/n, “ Kaz 4540” markalı, 50 AD-377 q/n, “Uaz 330301” markalı, 50 AC-967 q/n, “Moskviç İJ 2717 220 “ markalı, 50 AD -374 q/n, “Qaz 53” markalı, 50 AD-145 q/n, “ Kamaz 5511’’markalı, 50 AD- 082 q/n, “Qaz 27” markalı, 50 AA-192 q/n, “Zil 431410”markalı, 50 AD-508 q/n, “Juk A 07” markalı, 50 AD-69 q/n, “Bakaz 3219” markalı, 50 AC-297 q/n, “Skoda Yeti” markalı, 99 AL- 280 q/n, “Raf 22031” markalı, 50 AC-238 q/n, “Zil 431410” markalı, 50 AD- 508 q/n, “ Uaz 996201” markalı, 50 AC-252 q/n, “ Foton Forland” markalı, 50 AE-219 q/n, “ Juk A 07” markalı, 50 AC-856 q/n, “ Qaz 2410” markalı, AA-252 q/n, “Nissa 522” markalı, 50 AC-249 q/n, “Kamaz 5410 “markalı, 50 AC-684 q/n, Nissan Maxima markalı, 50 AA-334 q/n, “Vaz 21214” markalı, 50 AA-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin həbsdən azad edilməsinə” dair şikayət ərizəsinin mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Azərboru ASC yuxarıdaki şikayət ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti cavabdeh İddiaçı ASC-dən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı qismində 819 550,97 manat məbləğində borcun cavabdehin əmlakı hesabına ödənilməsi tələbi ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı tərəflər arasında qeyd olunan borcun ödənilməsi barədə xx.xx.2011-ci il tarixli 07 saylı Barışıq Sazişi bağlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-310/2011 saylı xx.xx.2011-ci il tarixli Qərardadı ilə (hakim Zaur Pirverdiyev) həmin Barışıq Sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda həmin Qərardadla qərara alınmışdır ki, Sığortaedən (İddiaçı ASC) tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda İri Sığortaedənlərlə İş üzrə Departamenti həmin sazişin birtərəfli qaydada ləğv edilməsi və sazişin ləğv olunduğu tarixə sığortaedən tərəfindən yaranmış borcun tam məbləğdə ödənilməsi barədə məhkəmədə iddia qaldıra bilər. xx.xx.2016-cı ildə Sumqayıt İnzibati-İqtisad Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində icraata başlama haqqında Qərar qəbul edilmişdir. Halbuki, icra sənədinin özündə də birbaşa barışıq sazişinə istinad edilmiş və borc məbləğinin məcburi alınması haqqında tələb yoxdur. Barışıq Sazişi icra edilmədiyi halda iddiaçı yalnız məhkəmədə yeni iddia qaldıra bilər. Buna baxmayaraq, İcra İdarəsinin əsassız və qanunsuz təqdimatı əsasında xx.xx.2016-cı il tarixində, 8(060)-6491/2016 saylı qərardadı ilə Sumqayıt şəhər məhkəməsi (hakim - Zeyqəm Hüseynov) İddiaçı ASC-yə məxsus avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, açıq hərracda satılması və əldə olunan vəsaitin borc hesabına ödənilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, əmlakın üzərinə həbs icra sənədini verən və onun vaxtında və düzgün icra edilməsinə nəzarət edən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında mümkün olduğu halda, İcra İdarəsi təqdimatı tamamilə başqa məhkəməyə - Sumqayıt şəhər Məhkəməsinə verərək qanunsuz və əsassız qərardad çıxarılmasına nail olmuşdur. Baxmayaraq ki, nə barışıq sazişinin təsdiq edilməsi haqqında Qərardadda, nə icra vərəqəsində, nə də İcraata başlama haqqında Qərarda belə bir göstəriş olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, həm Qərardadda, həm icra vərəqəsində, həm də İcraata başlama haqqında Qərarda göstərilib ki, “Barışıq sazişi icra icra edilmədiyi halda iddiaçı yalnız məhkəmədə yeni iddia qaldıra bilər”. Halbuki, barışıq sazişi üzrə borc tam ödənildiyindən Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən keçən bu müddət ərzində belə bir iddia tələbi ilə məhkəməyə müraciət olunmamışdır. Yuxarıda qeyd etdikləri kimi Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti ilə İddiaçı ASC arasında əldə olunmuş razılığa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc, o cümlədən, xx.xx.2011 -ci il tarixli 07 saylı Barışıq Sazişində nəzərdə tutulan məbləğ hissə-hissə könüllü qaydada tərəflərindən ödənilməyə başlanılmış və son ödəniş 2022-ci ilin yanvar ayında başa çatmışdır və xx.xx.2022-ci il tarixli **********90956 saylı Arayışa əsasən İddiaçı ASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. Bunlara baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi 06 dekabr 2022-ci il tarixində 23779/20 saylı məktubla İddiaçı ASC-уə müraciət edərək yenə də 2(85)- 310/2011 saylı icra sənədinin könüllü icrasını tələb etmişdir. Həmin məktubunda Sumqayıt şəhəri üzrə İcra İdarəsi bildirirmişdir ki, qeyd edilən icra sənədi icra olunmasa əmlaklarının üzərinə həbs qoyularaq tələbə yönələcəkdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin bu məktubuna İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli AZB01/118 saylı məktubla cavab verilərək göstərilən tələbin artıq çoxdan ödənildiyi bildirilmişdir. Bundan sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu icra sənədi üzrə İddiaçı ASC-dən 7% həcmində icra ödənişini də tələb etməyə başlamışdır. Cavabdehdən 7% həcmində icra ödənişinin tələbinə dair müvafiq qərarın onlara təqdim edilməsini xahiş etsələr də, müxtəlif bəhanələr gətirərək həmin qərar təqdim edilməmişdir. Bu azmış kimi icra məmurları tərəfindən İddiaçı ASC-yə və onun əməkdaşlarına qarşı qanunsuz hərəkətlər edilmiş və qeyri-qanuni şəkildə, heç bir sənəd, qərar təqdim etmədən və zor tətbiq etməklə 23 dekabr 2022-ci il tarixində İddiaçı ASC-nin ərazisində olan və ona məxsus 3 ədəd -.“Nissan Sunny” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “Foton Forland” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi götürülərək naməlum istiqamətdə aparılmışdır. Bu günə qədər həmin nəqliyyat vasitələrinin harada olması və aqibətləri haqqında Cavabdeh tərəfindən məlumat verilmir, nəqliyyat vasitələrinin götürülməsinə dair hər hansı qərar, akt təqdim edilmir. Müraciətlərimizə baxmayaraq qanunsuz götürülmüş bu nəqliyyat vasitələri də geri qaytarılmır, İddiaçı ASC İcra İdarəsindən 7% məbləğində icra ödənişinin tutulmasını əsaslandıran qərarların təqdim edilməsi tələbləri də nəticəsiz qalmışdır. Nəhayət son məktublarına xx.xx.2023-cü il tarixli 419/20 saylı məktubla cavab verərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinin guya istinad etdiyi həmin qərarları təqdim etmişdir. 2023-cü ildə tərtib edilmiş bu Qərarların içində həmçinin 2(85)-310/2011 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2023cü ildə tərtib etdiyi 7% icra ödənişi tutulması haqqında 27 iyun 2016-ci il tarixli Qərarı da təqdim edilmişdir. Hazırkı Şikayətə əlavə edilmiş zərfdən göründüyü kimi, məktubun Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixində poçta təhvil verildiyi sübut olunur. Bu isə əyani şəkildə təsdiq edir ki, məktub tələbləri daxil olandan sonra göndərilmişdir. 2(85)-310/2011 saylı icra sənədi üzrə 7% məbləğində icra ödənişinin tutulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nəhayət təqdim edilmiş xx.xx.2016 tarixli qərarını nəzərdən keçirdikdə isə onun özündə də bir çox qanun pozuntularının olduğu aşkar edilmişdir. “İcra haqqında” Qanunun 85.2.7-ci maddəsinə əsasən - qərarda mütləq şəkildə qərardan şikayət verilməsi qaydası və müddəti göstərilməlidir. Lakin qərarda nə şikayət vermə qaydası, nə də şikayət vermə müddəti göstərilməmişdir. Digər pozuntu qərarların çıxarılma tarixi ilə bağlıdır. Belə ki, 17 iyun 2016-cı il tarixində 2(85)- 310/2011 saylı icra sənədini icraatına icra məmuru Kazım Kazımov qəbul etmiş və həmin tarixdə icraata başlama haqqında qərarı özü imzalamışdır. Yeni, 2023-cü ildə təqdim edilmiş, 7% məbləğində icra ödənişinin tutulması barədə qərarda isə icra məmuru Orxan Məmmədovun imzası ilə tarix olaraq keçmiş tarix - 27 iyun 2016-cı il yazılmışdır, halbuki göründüyü kimi, 2016-cı ildə işin icraçısı Orxan Məmmədovun deyil Kazım Kazımov olmuşdur. Yuxarıda göstərilən bütün bu faktlar həqiqətdə İcra idarəsi tərəfindən İddiaçı ASCdən 7% məbləğində icra ödənişinin tutulması barədə heç bir qərarların olmadığını və 2023-cü ildə İcra İdarəsinin icra məmuru Orxan Məmmədov tərəfindən başqa icra məmurlarının icraatlarında olmuş icra işləri üzrə səlahiyyəti olmadığı halda geriyə tarixlə və özünün imzası ilə qanunsuz qərarlar hazırlanmışdır. Beləliklə, əmlakın üzərinə həbs icra sənədini verən və onun vaxtında və düzgün icra edilməsinə nəzarət edən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında mümkün olduğu halda, Sumqayıt şəhəri üzrə İcra İdarəsi təqdimatı tamamilə başqa məhkəməyə - Sumqayıt şəhər Məhkəməsinə verərər qanunsuz və əsassız qərardadın çıxarılmasına nail olmuşdur. Borc məbləğinin tərəflərindən tam olaraq könüllü qaydada ödənilməsinə baxmayaraq, indi də Sumqayıt şəhəri üzrə İcra İdarəsi qanunsuz hərəkətlərini davam etdirir və onun tərəfindən icra sənədi üzrə icraata xitam verilməli olduğu halda bunu etmir və qanunsuz olaraq İddiaçı ASC-yə qarşı 7% məbləğində icra ödənişinin ödənilməsi tələbi sürülür. Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu qanunsuz tələbini təmin etmək üçün isə İddiaçı ASC-nin həbs qoyulmuş əmlakına yönəltmək niyyətindədir. “İcra haqqında” AR Qanununun 20.1.2-ci maddəsinə əsasən - məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” AR Qanununun 50.2-ci maddəsinə əsasən - İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən -İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmçinin, hazırkı iş elektron məhkəmə sistemində yerləşdirilmədiyi üçün şikayətin elektron qaydada verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. 15 mart 2023-cü il tarixli məhkəmə iclasında Azərboru ASC-nin nümayəndəsi X3 iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilmiş, ərizəçi tərəf vaxt istəsədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, hazırki ərizə şikayət formasında verilmiş, məhkəmə dəftərxanasından iddia kimi keçmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı ərizə iddia kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə ziddir. (İddia ərizəsinin məzmunu) Məhkəmə qeyd edir ki, əgər ərzəçinin iradəsi inzibati orqanın qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək isə bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Çünki, ərizədə qeyd edilənlər və 7% məbləğində icra ödənişinin tutulması məhkəmə qərarının icrasına nəzarət formasında baxıla biləcək işlərə aiddir. Bu kateqoriya işlərə isə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinin formalaşmış məhkəmə təcrübəsi vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəçi məhkəmə qərarının icrasına nəzarət formasında şikayət kimi müraciət etsə belə, Sumqayıt İnzibati Məhkəməsinə deyil, Sumqayıt Komerrsiya Məhkəməsinə müraciət etməlidir. Məhkəmə sistemində aparılan islahatlar nəticəsində İnzibati Məhkəmələrin və Kommersiya Məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində; Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində təşkil edilməsi qərara alınmışdır. İnzibati-İqtisadi Məhkəmələrdə həm inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrə baxılmış, həmdə mülki məhkəmə icraatı qaydasında iqtisadi mübahisələrə baxılmışdır. Həmin məhkəmələrdə iqtisadi mübahisə kimi baxılmış işlərə nəzarəti kommersiya məhkəmələri həyata keçirməlidir, iqtisadi mübahisə kimi baxılmış işin icrasasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İş materiallarından göründüyü kimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində 2(85)- 310/2011 saylı işə iqtisadi mübahisə kimi baxıldığı üçün həmin işin icrasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılmasının hüquqi əsası yoxdur. Bundan başqa ərizədə ərizəçi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(060)-6491/2016 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların üzərindən həbsin götürülməsini istəyir ki, bu tələblə həmin məhkəməyə müraciət edilməsidə istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərardadının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar