Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2237/2025 12.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümümi sığorta stajının 19 il 14 gün təşkil etməsi bildirilmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sumqayıt 2712 saylı Avtokombinatında, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “X4 İstehsalat Birliyi”ndə olan əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddiaya yazılı etirazı müdafiə etdi və onunla əsaslandırdı ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 19 il 14 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sumqayıt Avtokombinatında əmək fəaliyyəti dövrü, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində əmək faəliyyəti dövrü, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X3 Birliyinin Avtonəqliyyat dəstəsində əmək fəaliyyəti dövrü mötəbərliyinə əsaslı şübhələr olan və mübahisələndirilən sosial sığorta stajına dövrünə aid hesab edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək dövrlər üzrə “X4 İstehsalat Birliyi”ndə olan əmək fəaliyyətinin “Azəriqaz” İstehsalat Birliyinə aidiyyəti olmadığı qeyd edilsə də, sözügedən dövrlər iddiaçının əmək kitabçasında “Azərqaz” möhürü ilə təsdiqlənmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1993cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1993-cü il tarixdə işdən çıxma möhürü kiril qrafikalı əlifba ilə olduğundan, 1993-1994-cü il tarixləri üzrə möhür oxunaqlı olmadığından və səlahiyyətli şəxsin adı qeyd edilmədiyindən) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. • İş materiallarına iddiaçıya məxsus ПТ № ******* olan əmək kitabçası, НЗ № ******* olan hərbi bilet də əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, iddia tələbinin irəli sürülməsi üçün iddiaçı müvafiq yaş həddinə çatmış və iş stajı əldə etmişdir. İddia tələbinin xüsusi mümkünlük şərti olan eyni tələblə inzibati orqana müraciət edərək imtina cavabının alınmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının müvafiq müraciəti mövcud olmuş və 9 avqust 2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası Maddə 38: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 3.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı mövcud əmək kitabçası və digər sənədlərlə müəyyən edildi ki, iddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrün qanunvericiliyin tələbinə əsasən iddiaçının stajına əlavə edilməsi nəzərdə tutulmuşdur ki, bu hal cavabdeh orqan tərəfindən də mübahisələndirilməmişdir. Əmək kitabçasında qeyd edilən dövrlərə nəzər saldıqda müəyyən edilir ki, iddiaçı xx.xx.1978-xx.xx.1988-ci illər, xx.xx.1988-xx.xx.1990-cı illər, xx.xx.1990-xx.xx.1993-cü illər (2712 saylı Avtokombinat), xx.xx.1993-xx.xx.1994-cü illər ("xxxx" Kiçik Müəssisəsi), xx.xx.1994-xx.xx.1997-ci illər (X4 İB) və xx.xx.2019-xx.xx.2024-cü illərdə ümumilikdə 25 il 4 ay 24 gün olmaqla əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla ümumilikdə sığorta stajının 19 il 14 gün olduğunu bildirmişdir. Lakin qeyd olunmalıdır ki, əmək stajını təsdiqləyən əsas sənədin əmək kitabçası olduğunu nəzərə alaraq yuxarıda tələb olunan illərin iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapdığı müəyyən edilir. Bundan əlavə cavabdeh orqanın öz etirazında qeyd etdiyi halların - Sumqayıt Avtokombinatının, habelə "xxxx" Kiçik müəssisəsinin sənədlərinin arxivdə aşkar edilməməsi iddiaçının təqsiri kimi qələmə alınaraq onun sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Eyni zamanda imtinada qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək dövrlər üzrə “X4 İstehsalat Birliyi”ndə olan əmək fəaliyyəti “Azəriqaz” İstehsalat Birliyinə aidiyyəti olmasa da, sözügedən dövrlər iddiaçının əmək kitabçasında “Azəriqaz” möhürü ilə təsdiqlənmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, X4nun “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətinə aid olmamasına dair hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası ilə təsdiq olunduğuna, həmin əmək kitabçasının mötəbərliyinin əksi cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyi üçün məhkəmə həmin mübahisəli illəri iş stajı kimi qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Belə olan halda “Əmək Pensiyaları haqqında” Qanuna müvafiq olaraq iddiaçının 65 yaşının və 25 il stajının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, də cavabdeh orqanın imtinası əsassızdır və iddia təmin edilərək İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev