Məhkəmə qərarları › İş №2-1(118)-2239/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2239/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2239/2025 17.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X3 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində (xx.xx.1992-xx.xx.1995) istifadə etmədiyi növbəti məzuniyyət günləri görə pul kompensasiyasının (1994-cü il üçün 41,15 gün, 1995ci il üçün 15 gün, cəmi 56,15 gün) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində (xx.xx.1992-xx.xx.1995) istifadə etmədiyi növbəti məzuniyyət günləri görə pul kompensasiyasının (1994-cü il üçün 41,15 gün, 1995-ci il üçün 15 gün, cəmi 56,15 gün) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Müdafiə Nazirliyinin N n-li hərbi hissəsində zabit həkim kimi xidmət etmişdir. Müdafiə Nazirinin 0450 nömrəlİ, xx.xx.1995-ci il tarixli əmrilə ehtiyata buraxılmış, hərbi xidmət dövrü növbəti məzuniyyətdən istifadə etməmişdir. O, xx.xx.2023cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək 1994-cü ildə istifadə etmədiyi 41,25 gün, 1994-cü ildə istifadə etmədiyi 15 gün, cəmi 56,25 növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14/2229 nömrəli məktubla bildirilmişdir ki, “Sizin tərəfinizdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənizə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişi üzrə komissiyada aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirirəm ki, toplanmış sənədlərə əsasən 1994-cü və 1995-ci illər ərzində növbəti məzuniyyətinizdən tam istifadə etdiyinizə görə Sizə pul kompensasiyası hesablanmayacaq”.Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək ona kompensasiyanın ödənilməsi haqqında qərar qəbul etmələrini və ya məzuniyyətdən istifadə etdiyi halda onun məzuniyyətə getməyi və məzuniyyətdən qayıtmağı haqqında hərbi hissə komandirinin əmrlərindən çıxarışların surətlərinin ünvanına göndərilməsini xahiş etmişdir.Lakin bu günə qədər xx.xx.2024-cü il tarixli ərizəm cavablandırılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, .....iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etməyi zəruri bilir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş idarəsinin xx.xx.2024-cü il tarixli 7/2347 arxiv sənədinə əsasən iddiaçı 1994-cü və 1995-ci illər ərzində növbəti məzuniyyətdən tam istifadə etdiyi üçün “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya məbləğinin müəyyən edilməsinə dair protokol” tərtib edilməmişdir. Buna görə də Müdafiə Nazirliyinin onun qarşısında hər hansı bir öhdəliyi qalmamışdır.Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanunu ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasına və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinə ikinci hissəsinə aşağıdakı məzmunda müddəa əlavə edilmişdir: “Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir”. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə həmin qanunvericilik aktlarının müvafiq normalarına edilmiş əlavələrdə nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 sentyabr 2012-ci il tarixdə “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 217 Ne-li Qərar qəbul etmişdir.Qərarın 1-ci hissəsində müəyyən edilmişdir ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinə ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarından görünür ki, Nazirlər Kabineti 2012-ci il 28 sentyabr tarixli Qərarın icrasını Qanunun qüvvəyə mindiyi tarixdən ( 12 iyun 2010-cu il) etibarən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilməsini nəzərdə tutmuşdur.Konstitusiya Məhkəməsinin Plenumu 28 mart 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Nazirlər Kabinetinin istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğini və ödəmə qaydalarını müəyyən etmək səlahiyyəti olsa da, o, kompensasiya almaq hüququna malik olan şəxslərin dairəsini nizamlaya bilməz. Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 dekabr 2014-cü ild tarixdə “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 399 Nli Qərar qəbul etmişdir.Qərarın 2-ci hissəsində göstərilir ki, 1994-cü il fevralın 1-dən 2010cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir.Deməli, Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli Qərarı 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarının tövsiyəsi ilə qəbul edilmişdir. Qərar həmin dövrədək hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış sabiq hərbi qulluqçulara aid edilmiş, istifadə edilməmiş növbəti məzuniyyətə görə onlara ödənilməli olan kompensasiyanın məbləğini və ödəmə qaydalarını müəyyən etmişdir.Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 N-li Qərarına əsasən Müdafiə Nazirliyinin sabiq hərbi qulluqçular qarşısında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətlərinə görə öhdəliyi, yəni istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya vermək öhdəliyi yaranmışdır. Çünki, həmin qərarın 4-cü hissəsində ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qərarın 3-cü hissəsində göstərilən dövlət orqanları (Müdafiə Nazirliyi və digər) üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, hərbi qulluqçu istifadə edilməmiş kompensasiyasını almaq üçün xidmət etdiyi hərbi hissədə təyin edilmiş qaydada sənədləri toplamalı və aidiyyəti üzrə müraciət etməli idi. Qeyd olunan məzuniyyətdən istifadə etməməyinin əvəzi pul kompensasiyasının alınması üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə tərxis olunduqdan 30 ilə yaxın Müdafiə Nazirliyinə qarşı iddiası əsassızdır. Nəzərə alınmalıdır ki, müvafiq pul kompensiyasının ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar