Məhkəmə qərarları › İş №2-1(118)-2240/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2240/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2240/2025 11.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququnun iddiaçının mərhum əri X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 2 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinə olan mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “Sumqayıt şəhər, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi 10 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququnun iddiaçının mərhum əri X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər xalq deputatları sovetinin 25 saylı 22 oktyabr 1991-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçəsində yerləşən 10 saylı 600 kv.metr torpaq sahəsi iddiaçının qohumu X5 fərdi ev tikintisi məqsədi ilə ayrılmışdır. Məlik Rüstəmovun həmin torpaq sahəsində ev tikmək üçün maddi imkanı olmadığından onun şəxsi müraciəti və razılığı ilə və Sumqayıt şəhər İcra Hakimiyyətinin 174 saylı 20 may 2005-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhər xalq deputatları sovetinin 25 saylı 22 oktyabr 1991-ci il tarixli qərar və protokolunda dəyişiklik edilib torpaq sahəsinə dair sənədlər iddiaçının əri X2 adına keçirilmişdir. İddiaçı orada ev tikmiş, torpağı hasara almış və həmin vaxtdan bu ünvanda yaşamağa başlamışdır. Bu torpaq sahəsi ilə əlaqədar heç kimin, o cümlədən dövlət orqanlarının iddiaçıya qarşı hər-hansı iddiası və ya tələbi olmamış və hal-hazırda da yoxdur. X11 30 mart 2019-cu ildə vəfat etmişdir. İddiaçı 04 mart 2024-cü il tarixdə notariat orqanlarına müraciət edib, mərhum ərindən miras qalan bu torpaq sahəsini vərəsəlik qaydasında adına keçirilməsini xahiş etmişdir. Notarius məktubla DƏDRX-nin 2 saylı ərazi idarəsinə məktub göndərib həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı özü bütün sənədləri təqdim etməklə bu cavabdeh təşkilata müraciət edib, torpağa dair mərhum ərinin adına mülkiyyət sənədi verilməsini xahiş etmişdir. Lakin cavabdeh 04 iyul 2024-cü il tarixli 2368/2024 saylı məktubla iddiaçıya imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5896/2024 nömrəli sərəncamına əsasən (hakim - Leyla Mirzəyeva) İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsi barədə xx.xx.2024cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, torpağa dair təqdim edilən hüquqmüəyyənedici sənədlər mərhum X2 adına tərtib olunmamış və xx.xx.1991ci il tarixli 127 nömrəli ayrıc aktı onu tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq olunmamışdır. Həmçinin bildirirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 127 nömrəli sərəncamı sözügedən torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 174 nömrəli, 20 may 2005-ci il tarixli sərəncamı; Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 25 nömrəli, 22 oktyabr 1991-ci il tarixli protokolu; cavabdehin iddiaçıya ünvanladığı 04 iyul 2024-cü il tarixli imtina məktubu; məhkəmə sorğusu əsasında cavabdeh orqanın təqdim etdiyi müayinə aktı və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 04 iyul 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 oktyabr 1991-ci il tarixli, 25 saylı protokoluna əsasən Sumqayıt şəhər, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X5 ayrılmışdır. Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 may 2005-ci il tarixli sərəncamı ilə Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 oktyabr 1991-ci il tarixli, 25 saylı protokolunda “X7” sözü “X6” ilə əvəz edilmişdir. Lakin AZ İİ № 008380 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X6 30 mart 2019-cu il tarixdə ölmüşdür. İddiaçı qeyd olunan sənəd əsasında Sumqayıt şəhər, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 04 iyul 2024cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsasıları kimi torpağa dair təqdim edilən hüquqmüəyyənedici sənədlərin mərhum X2 adına tərtib olunmadığını və xx.xx.1991-ci il tarixli 127 nömrəli ayrıc aktının onu tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq olunmadığını, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 127 nömrəli sərəncamının sözügedən torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 oktyabr 1991-ci il tarixli, 25 saylı protokolu ilə Sumqayıt şəhər, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi ünvanından X5 600 kv.metr torpaq sahəsinin ayrılması qərar alınmış, lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 may 2005-ci il tarixli sərəncamı ilə Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 oktyabr 1991-ci il tarixli, 25 saylı protokolunda “X7” sözü “X6” ilə əvəz edilmişdir. Məhkəmə sorğusu əsasında qeyd edilən sənədlərin (Sumqayıt şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin qərarı və Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı) arxiv nüsxəsi Milli arxiv idarəsindən və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatından məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlər məkəməyə sorğu əsasında aidiyyatı orqanlar tərəfindən də təqdim edilmişdir. Məhkəmə torpaq sahəsinə dair təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın bu dəlilini əsassız hesab edir. Məhkəmə işin hallarının hərtərəfli araşdırılması üçün aidiyyatı üzrə sorğular ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş müayinə aktında qeyd edilmişdir ki; torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki olaraq isə 0.1138 ha təşkil edir; torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir; yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi 10 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Sumqayıt şəhər, Kotec qəsəbəsi, 2-ci paralel küçəsi 10 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar