Məhkəmə qərarları › İş №2-1(118)-2241/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2241/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2241/2023 06.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Cəfərli Şəhla Şamil qızı üçüncü şəxs olmaqla) “Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və plan ölçüsünün iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və plan ölçüsünün iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəfərli Şəhla Şamil qızı ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək bələdiyyə mülkiyyətində olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarə hüququ əsasında onun istifadəsində olan Sumqayıt şəhərinin 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən icarə hüququ əsasında Cəfərli Şəhla Şamil qızının adına 23 fevral 2013cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə rəsmiləşdirilməsi üçün müvafiq prosedurlara başlamışdır. Baxmayaraq ki, cavabdeh tərəfindən Cəfərli Şəhla Şamil qızının adına 23 fevral 2013-cü il tarixdə verilmiş çıxarışda torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsi göstərilmişdir və bu səbəbdən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasına ehtiyac yoxdur. Bundan sonra torpaq sahəsinin hərraca, yaxud müsabiqəyə çıxarılması məqsədilə tələb olunan mülkiyyət hüququna dair çıxarışın və digər aidiyyəti sənədlərin bələdiyyəyə verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunsa da, sonuncu 27 dekabr 2022-ci il tarixli **********63 saylı məktubla cavab verərək müraciətin icrasından imtina etmişdir. Cavabdeh imtinanı müvafiq icra hakimiyyəti orqanlarından rəylərin alınmaması ilə əsaslandırmağa çalışmışdır. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun 23 fevral 2013-cü il tərixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cəfərli Şəhla Şamil qızının adına verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir. Bu səbəbdən hesab edilir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və 2013-cü ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi barədə Sumqayıt Bələdiyyəsi xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cəfərli Şəhla Şamil qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 06 iyun 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nizami Salamov iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Gündüz Xanlarzadə iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan Sumqayıt bələdiyyəsinin 10 fevral 2006-cı il tarixli vətəndaş Cəfərli Şəhla Şamil qızına torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən ona Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində ticarət obyektinin tikintisi məqsədilə 300 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli qərarı ilə ticarət obyektinin yerləşdiyi 300 kv.m torpaq sahəsi Şəhla Cəfərlinin icarəsinə verilmişdir. • Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 saylı qərarı və xx.xx.2008-ci il tarixli 170 saylı icarə müqaviləsinə əsasən Şəhla Cəfərliyə Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən tikinti obyektinin tikintisi üçün icarəyə ayrılan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədi tərtib edilmiş və X4 kitabında 2471 nömrə ilə uçota alınmışdır. Həmin plan və ölçü sənədində əsas döngə nöqtələrinin koordinatları və baş plandan çıxarış əks olunmuşdur. Sənəd müvafiq qaydada imzalanaraq təsdiq olunmuşdur. • Torpaq sahəsinin icarə müqaviləsinə əsasən (xx.xx.2008-ci il, № 170) Cəfərli Şəhla Şamil qızına 300 kv.m torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. • xx.xx.2022-ci il tarixli, **********63 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. • İş materiallarında olan 802 nömrəli, 19 iyul 2006-cı il tarixli aktla müəyyən olunur ki, ticarət obyektinin tikintisi məqsədilə Cəfərli Şəhla Şamil qızına ayrılmış 300 kv. metr torpaq sahəsi ölçülmüş, bütün sərhəd dönüşlərində naturada daimi nişangahlar qoyulmuş və ona təhvil verilmişdir. Həmin sənəd Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiqlənmişdir. • Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 ha (300 kv. m) torpaq sahəsinə dair Cəfərli Şəhla Şamil qızının icarə hüquqları **********09 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. • Cavabdeh orqan tərəfindən tərtib edilmiş AA seriyalı 012740 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,03 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla əsas məqsədi tikinti təyinatıdır. Həmin sənədə əsasən torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla Şəhla Cəfərliyə icarə hüququ əsasında ayrılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh orqana müraciət etmiş və inzibati orqandan xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktub ilə imtina cavabını almışdır.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlıdır. Belə ki, iş materiallarından göründüyü kimi Sumqayıt Bələdiyyəsi ilə Cəfərli Şəhla Şamil qızı arasında 30 dekabr 2008-ci il tarixdə torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 300 kv.metr torpaq sahəsi 15 il müddətinə sonuncuya icarəyə verilmişdir. RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Cəfərli Şəhla Şamil qızının xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasına əsas Sumqayıt bələdiyyəsinin 5 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı və xx.xx.2008-ci il tarixli torpaq icarəsi müqaviləsi olmuşdur. İddiaçı daha sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bununla bağlı reyestrdən çıxarış və plan ölçünün ona təqdim edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2) və s. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar xüsusi mülkiyyətə verilə bilər (7.1.1). Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına (7.3.1.); fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə (7.3.2); sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə (7.3.3) verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. İstinad olunan normalardan göründüyü kimi mülkiyyətinə ayrılmış torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq iddiaçının hüququdur. Bu hüququn reallaşması yolunda çıxan maneələr isə hüquqların qeydiyyatından imtina üçün əsas deyil. Göründüyü kimi iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda, habelə AA seriyalı 012740 nömrəli torpaq sahəsinin plan və ölçüsündə 300 kv.m torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid torpaq hesab edilməklə kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, məqsədi isə tikinti olaraq göstərilmişdir. Həmin sənədlərdə torpaq sahəsinin əsas göstəriciləri, döngə nöqtələrinin koordinatları, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış əks olunmuşdur. Bundan əlavə Torpaq Rədiyyə və Kommunikasiya şöbəsi tərəfindən üçüncü şəxsə ayrılmış torpaq sahəsi ölçülmüş, müvafiq akt tərtib olunmuş və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, sözügedən sənədlərlə iddiaçının mübahisəli 300 kv.metr torpaq sahəsində mülkiyyət hüququnun olduğu təqdirdə cavabdehin dövlət qeydiyyatından keçirilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi verməkdən imtina etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yol vermiş olar. Beləliklə də məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017ci il tarixli qərarı). “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsi üzərində iddiaçı Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və plan ölçüsünün iddiaçıya təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar