Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2241/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X13 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “İddiaçı1 və İddiaçı2 Şıxəli qızının doğum haqqında şəhadətnamələrdə ata adının Şeyxəli adına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı1 və İddiaçı2 doğum haqqında şəhadətnamələrdə ata adının Şeyxəli adına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar tələbini onunla əsaslandırır ki, X6 xx.xx.1935-ci il tarixində anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmişdir. Ş.X3 ilə nikah münasibətinə daxil olmuş və bu nikah münasibətindən X25, X18, İddiaçı2, X26 və İddiaçı1, X19, X14, X20 və X21 dünyaya gəlmişdir. Övladlar arasında X25, X19, X14 və X20 istisna olmaqla, digər övladlarda yəni İddiaçı1, X7, İddiaçı2, X15 və İddiaçı1 vətəndaşlıq vəziyyəti akt qeydində ata adı “Şeyxəli” əvəzinə səhv olaraq “Şeyxalı” “Şxəli” olaraq qeyd olunmuşdur. X2 adının “Şeyxalı” “Şıxəli” olaraq müvafiq aktlarda qeydi əsassızdır. Ş.X1 ilə birgə nikah münasibətini təsdiqedən nikah haqqında şəhadətnamədə və məhkəməyə təqdim etdiyi digər sənədlərdə öz əksini tapır. Aidiyyəti düzəlişin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinə müraciət etsələr də dəyişiklikdən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X25 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materillarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçıların bacısı X8 (AZ-İV №284662), X9 (İ-ЗЖ №1065288), X4 (İ-ЗЖ №561988, qardaşı X10 (İ-ЗЖ №228327) ata adları qrafasında “Şeyxəli” olaraq qeyd edilmişdir. İ-ЗЖ №095747 saylı nikah haqqında şəhadətnaməyə əsasən X29 və X27 xx.xx.1961-ci ildə nikaha daxil olmuş, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. X11 Ermənistan SSR, Qafan rayonu, Girətaq kənd soveti tərəfindən 26 avqust 1970-ci ildə verilmiş İ-ЗЖ №020860 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, atası “X31”, anası “X32” olaraq qeyd edilmişdir. X5 İ-ЗЖ №494936 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, atası “X37”, anası “X32” olaraq qeyd edilmişdir. Əhali əmlakının könüllü sığortası haqqında şəhadətnamədən görünür ki, sığorta etdirən X29 olaraq qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçıların qardaşı X12 (İ-СЛ №409462), X13 (İİ- СЛ №086795) ata adları qrafasında “Şeyxəli” olaraq qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5xx-xx-11162/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Şeyxəli Babayevin övladı Adilə Babayevanın doğumu, İddiaçı2 nikahı, 2 övladının doğumu, İddiaçı1 isə 2 övladının doğumu haqqında akt qeydlərindən başqa digər vətəndaşlıq vəziyyəti akt qeydləri barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda Ermənistan Respublikasının səlahiyyətli qurumları tərəfindən qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadığından Şeyxəli Babayevin doğumu, nikahı, İddiaçı2 doğumu, İddiaçı1 doğumu və nikahı haqqında akt qeydlərinin surətlərinin verilməsi mümkün deyildir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçılar doğum haqqında şəhadətnamələrində ata adının Şeyxəli adına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsini istəyir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5-8-2821/2024 saylı imtinasında qeyd edir ki, təqdim edilən şəxsiyyət vəsiqəsində ata adı Şxəli göstərilmişdir. Ermənistan, Qafan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 31 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında 1960-cı il təvəllüdlü X17 göstərilmişdir, ata haqqında məlumat qrafasında atanın adı “Şxəli” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdikləri yerin qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Tərtib edilmiş doğum haqqında şəhadətnamədə ata haqqında məlumat qrafasında atanın adı "Şxəli”-dan “Şeyxəli”-yə düzəliş edilməsinə kifayət qədər əsas olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5-8-2822/2024 saylı imtinasında qeyd edir ki, təqdim edilən şəxsiyyət vəsiqəsində ata adı Şeyxalı göstərilmişdir. Ermənistan, Qafan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1970-ci il tarixli 08 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında xx.xx.1970-ci il təvəllüdlü X22 göstərilmişdir, ata haqqında məlumat qrafasında atanın adı “Şeyxalı” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdikləri yerin qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Tərtib edilmiş doğum haqqında şəhadətnamədə ata haqqında məlumat qrafasında atanın adı "Şeyxalı”-dan “Şeyxəli”-yə düzəliş edilməsinə kifayət qədər əsas olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən:
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş materillarına əlavə edilmiş X16 digər övladları X8, X9, X4, X10, X12 və X13 doğum haqqında şəhadətnamələrdə ata adları qrafasında “Şeyxəli” olaraq qeyd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi X16 övladları arasında X20, X19, X14, X21, X23 və X25 istisna olmaqla, digər övladlarda yəni İddiaçı1, X7, İddiaçı2 doğum haqqında şəhadətnamələrində ata adı “Şeyxəli” əvəzinə səhv olaraq “Şeyxalı” “Şxəli” və “Şıxəli” olaraq qeyd olunmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş, iddiaçının mərhum X6na məxsus olmuş bəzi sənədlərdə, İ-ЗЖ №095747 saylı nikah haqqında şəhadətnamədə, Əhali əmlakının könüllü sığortası haqqında şəhadətnamədə adı Şeyxəli olaraq qeyd edilmişdir. Az-İ №348595 saylı ölüm haqqında şəhadətnamədə isə iddiaçıların mərhum atasının adı X34 olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sənədlərdə bu cür səhvlərin olması iddiaçılara konstitusion hüquqların, əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə yaradır. İddiaçıların nümayəndəsi məhkəmə iclasında izahatı zamanı qeyd edilən yalnışlıqlara görə vərəsəlik hüquqlarını həyata keçirə bilmədiklərini, çətinliklərlə üzləşdiklərini bildirmişdir. İddiaçılar doğum haqqında şəhadətnamələrdə olan uyğunsuzluğun aradan qaldırılması tələbini irəli sürməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıların doğum haqqındakı şəhadətnamələrindəki yalnışlığı düzəltməməklə öz vəfizə öhdəliklərini icra etməmişdir.. Məhkəmə hesab edir ki, aparılan araşdırma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 doğum haqqında şəhadətnamələrində ata adının “Şeyxəli” adına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova