Məhkəmə qərarları › İş №2-1(118)-2245/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2245/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2245/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Şabran rayonu Pirəmsən bələdiyyəsinə qarşı “onun mərhum anası X4 Şabran rayonu Pirəmsən kəndi ərazisindən 1200 kvadrat metr torpaq sahəsinin ayrılmasına dair Şabran rayon Pirəmsən bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli Qərarının və torpaq sahəsinin plan və ölçüsünün ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şabran rayonu Pirəmsən bələdiyyəsinə qarşı iddia qaldıraraq “onun mərhum anası X4 Şabran rayonu Pirəmsən kəndi ərazisindən 1200 kvadrat metr torpaq sahəsinin ayrılmasına dair Şabran rayon Pirəmsən bələdiyyəsinin 26 yanvar 2007ci il tarixli Qərarının və torpaq sahəsinin plan və ölçüsünün ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Şabran (Dəvəçi) rayon Pirəmsən Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli Qərarı ilə iddiaçının mərhum anası X4 Şəhid anası kimi Şabran rayonu Pirəmsən kəndi ərazisindən 1200(bir min iki yüz) kvadrat metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ayrılarkən müvafiq dövlət orqanları ilə razılaşdırılmış, rəylər alınmış və anası tərəfindən Şabran rayon Pirəmsən bələdiyyəsinin kassasına alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə xx.xx.2007-ci ildə vəsait ödənilmişdir. Aparılmış bu işlərlə bağlı bütün sənədlər anasında olmuş, lakin anası xx.xx.2011-ci ildə dünyasını dəyişmişdir. Anasının vəfatından sonra ondan miras qalan əmlakları faktiki qəbul etmiş və Şabran rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli 2(031)-409/2012 saylı qətnaməsinə əsasən mirasın tərəfindən qəbul edilməsi faktı tanınmaqla anasından miras qalan əmlaklar üzərində vərəsəlik hüququ ona keçmişdir. Lakin anasına Şəhid anası kimi Şabran rayon Pirəmsən kəndində verilmiş 1200 kv.m. torpaq sahəsinə dair sənədlər tapılmadığı üçün iddiçı bu torpaq sahəsinin də adına rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. Həmin sənədlərin onda yalnız kserosurəti var və iddiaçı sənədlərin təkrar verilməsi ilə bağlı cavabdeh Şabran rayon Pirəmsən Bələdiyyəsinə müraciət etdikdə ona həmin sənədlərin əslinin yalnız iddiaçıda olduğunu və sənədlərə dair arxivin onlarda olmadığı bildirilmiş, iddiaçının müraciəti əsasında Şabran rayon İcra hakimiyyətindən və Xaçmaz Regional Ədliyyə İdarəsindən aldığı cavab məktublarından aydın olmuşdur ki, bələdiyyədə olan sənədlər AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tələb edilmiş və sonradan geri qaytarılmamışdır, sənədlər Arxivə təhvil verilməmişdir və bu səbəbdən də həmin sənədlərin verilməsi ilə bağlı mübahisəni məhkəmə qaydasında həll edə bilər. Artıq xeyli müddət davam edən bu yazışmalar onu sübut edir ki, iddiaçı surəti onda olan sənədlərin əslini əldə edə bilmir və bu məsələnin yeganə həlli yolu məhkəmə qaydasında mümkündür. Torpaq sahəsinin ayrılmasına dair ilkin sənədlər (rəylər, razılaşmalar və s.) Şabran rayon Pirəmsən bələdiyyəsinə təqdim olunmuş və onun əsasında işə torpaq sahəsinin mərhum anasının adına ayrılması barədə qərar qəbul edilmişdir, qərarın əsli də həmin qərarı qəbul etmiş orqanda saxlanılmalı və tələb olunduğu təqdirdə onun təkrarı(dublikatı) torpaq sahəsinin sahibinə verilməli olduğu halda cavabdeh qərarın surətini və torpaq sahəsinin ayrılmasına dair sənədlərin təsdiq edilmiş surətini ona vermir, həmin sənədləri arxivə də təhvil verməmişdir. Bu isə bir vərəsə kimi həmin torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsinə əngəl yaradır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, tələb edilən sənədlərin əsilləri bələdiyyədə olmur. Sənədlərin əsli vətəndaşın özündə olmalıdır. 2007-2009-cu illərə aid olan sənədlər ibtidai istintaq məqsədilə Respublika Baş Prokurorluq yanında Korrupsiya idarəsinə aparılmış və geri qaytarılmamışdır. Bu səbəbdən tələb edilən sənədlərinə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş və bildirmişdir ki, iddiaçının istədiyi sənədlər bələdiyyədə saxlanılmır, arxivə verilir. Arxivdə olab sənədləri isə Korrupsiya idarəsi aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şabran rayon Məhkəməsinin 2/031/-409.2012 saylı, 16 iyul 2012-ci il tarixli Qətnaməsi ilə X2 Şabran rayonu Pirəmsən kəndində miras qalmış və İddiaçı tərəfindən faktiki qəbul edilərək istifadəsində olan 1.87 ha pay torpaq sahəsinə, 0.13 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə İddiaçı vərəsəlik və mülkiyyət hüququ müəyyən edilərək tanınmışdır. Lakin hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı vərəsəlik işinin açıldığı müəyyən edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının vərəsəliklə bağlı sənədləri qaydasında olsaydı belə, cavabdeh bələdiyyənin hazırkı şərtlərdə iddiçının tələb etdiyi sənədləri vermək imkanı faktiki olaraq mövcud deyil. Bələdiyyədə mövcud olmayan sənədlərin həmin qurum tərəfindən təsdiq edilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. İddiaçıya izah olunsun ki, arxiv sənədlərini əldə etmək üçün mövcud hüquqi vasitələrdən istifadə etməlidir, arxiv sənədləri olmadığı halda isə, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar